Maraqlı

Epilyasiya növləri

19 Sentyabr 2021 22:40
0 Şərh     Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epilyasiya - üz və bədəndən arzuolunmaz tüklərin təmizlənməsidir. Salon epilyasiyasının bir neçə növü vardır. Hal-hazırda ən məşhurları lazerlə olan epilyasiya və fotoepilyasiyadır.

Qadınlar epilyasiyaya qərar verdikdə səbrli olmalıdırlar, belə ki, tüklərin tam şəkildə təmizlənməsi bir seans ərzində baş vermir. Məsələ ondadır ki, bir seans ərzində yalnız epilyasiya zamanı aktiv inkişaf dövründə olan tüklər təmizlənir. Yetkin və köhnə tüklər epilyasiyadan sonra yenidən inkişaf edir ki, bu da təkrar epilyasiya edilməsini tələb edir. Bundan əlavə, insan bədənində görünən tüklərdən başqa, dəri altında "ehtiyat" tüklər də vardır.

Buna görə də bədəndəki bütün tüklərdən tez bir zamanda azad olmaq mümkün deyil. Bu, çox fərdi prosesdir - kiməsə az, kiməsə daha çox sayda epilyasiya seansları tələb olunur. Qeyd etmək lazımdır ki, əgər qadında hər hansı hormonal pozğunluqlar vardırsa, ona tüklərin təmizlənməsi üçün, sağlam qadına nisbətən, daha çox sayda epilyasiya seanslarıı tələb olunacaqdır.

Arzulanan nəticəni almaq üçün epilyasiyanı mütləq özünü təsdiq etmiş müasir kosmetik klinikada etmək lazımdır. Epilyasiyanı da mütləq təcrübəli mütəxəssisə etibar edin! Belə ki, bir sıra hallarda qeyri-professional şəkildə aparılan epilyasiyadan sonra dəridə çapıqlar və yanıqlar qala bilər.

Bu və ya digər epilyasiya növünü təyin etməmişdən qabaq həkim sizi, həmçinin dəri və saçlarınızı müayinə etməli, sizdə hər hansı bir xəstəliyin olub-olmadığını aydınlaşdırmalıdır. Aparat epilyasiyasının bütün növləri üçün əks göstərişlər bunlardır: cinsi yetkinliyin sonuna çatmaması, kəskin və xroniki dəri xəstəlikləri, şəkərli diabet, herpesin ağır formaları, infeksion xəstəliklər, hipertoniya və ürəyin işemik xəstəliyinin ağır formaları, proseduranın aparıldığı nahiyədə varikoz genişlənmənin olması, onkoloji xəstəliklər.

Epilyasiyanı həmçinin soyuqdəymə və qrip, allergiyanın kəskinləşməsi və hamiləlik zamanı da etmək olmaz. Epilyasiyaya məruz qalan dəri sahəsi sağlam olmalı, bu sahədə həmçinin yara, cızıqlar, iri xallar olmamalıdır.

Lazer epilyasiyası zamanı arzuolunmaz tüklər lazer şüasının köməyi ilə, fotoepilyasiyada isə çox intensiv adi işıq şüası ilə təmizlənir. Hər iki növ epilyasiya ağrılı ola bilər. Ona görə də epilyasiyadan əvvəl xüsusi gel vasitəsilə ağrısızlaşdırma yerinə yetirilir. Epilyasiya günü tüklərdən təmizlənmiş sahəni islatmaq olmaz. Proseduradan sonra 3 gün hamama və saunaya getmək olmaz. Piqment ləkələrinin əmələ gəlməməsi üçün ən azı 2 həftə ərzində epilyasiya olunmuş sahəyə günəş şüalarının birbaşa təsir göstərməsinə (solyari, günəş vannası) yol vermək olmaz.

Lazer epilyasiyası çox tünd və günəş şüaları altında yanmış dəridə, həmçinin çox açıq və ağ rəngli tüklərdə effekt vermir. Fotoepilyasiya isə praktiki olaraq bütün növ dərilərdən istənilən tükləri təmizləyə bilir.

Elektroepilyasiya - aparat epilyasiyasının ən köhnə növüdür. Prosedura zamanı həkim hər tük follikuluna iynə yeridir, nəticədə follikul dağılır. Elektroepilyasiya digər aparat epilyasiya növlərinə nisbətən daha çox vaxt aparır.

Arzuolunmaz tüklərdən qurtulmaq üçün istifadə olunan ən sadə üsullar - mum və şəkər ilə olan epilyasiyadır. Mum işlənəcək sahəyə parça zolaqlarının köməyi ilə vurulur və dərinin səthindən tüklərlə birgə cəld hərəkətlə çıxarılır. Şəkər ilə epilyasiya zamanı dəriyə bəzən limon şirəsi ilə də durulaşdırılan qatı şəkər məhlulu çəkilir. Bundan sonra dərinin üzərinə parça yapışdırılır və sonradan onun götürülməsi zamanı tüklər də təmizlənir. Əlbəttə ki, bu iki üsul sizi tüklərdən həmişəlik azad etməyəcəkdir. Ancaq  onlardan uzun müddət ərzində istifadə etsəniz, onlar tüklərin sayının tədricən azalmasına və nazikləşməsinə səbəb olacaqdır.

Enzim epilyasiyası tüklərin təmizlənməsinin kifayət qədər yeni üsuludur. İşlənəcək sahəyə xüsusi tərkib (enzim) vurulur, sonra dəriyə istilik ilə təsir edirlər. Enzimlər tüklərin follikullarını məhv edir. Enzim epilyasiyasının sonunda mum ilə epilyasiya tətbiq edilir. Enzim epilyasiyasını üz dərisində tətbiq etmirlər. Bu üsul allergiyası olanlar üçün də uyğun gəlmir.

Əlbətdə ki, kosmetik salonda epilyasiya edilməsinə heç də hər bir qadın vaxt tapa bilməz. Xoşbəxtlikdən evdən çıxmamaqla da, lazımsız tüklərdən effektiv şəkildə azad olmaq üçün kifayət qədər kosmetik vasitələr mövcuddur. Biz kremləri və sprey-depilyatorları, xüsusi mumlu zolaqları və s. bu kimi vasitələri nəzərdə tuturuq.

Krem-depilyatorlar tükləri əridərək onları yumşaldır. Daha sonra isə bu tüklər kremə əlavə edilən xüsusi kürəkcik vasitəsi ilə xaric olunur. Belə kremlər və spreylər tüklərin inkişafını da ləngitdiyi üçün, onlarla depilyasiyanı 10-14 gündən bir aparırlar.

İstənilən yeni krem və ya spreyi allergiya verməyəcəyinə əmin olmaq üçün testdən keçirmək lazımdır. Bu məqsədlə az miqdarda kremi bilək nahiyəsinə sürtərək 20 dəqiqə gözləmək lazımdır. Əgər bu müddət ərzində həmən nahiyədə qızartı və qaşınma yaranmasa, siz bu vasitədən istifadə edə bilərsiniz. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hal-hazırda həssas dərilər üçün xüsusi vasitələr mövcuddur.

İstənilən krem-depilyatorlar sizin dərinizdə allergiyaya səbəb olarsa, üzərinə mum çəkilmiş xüsusi zolaqlardan istifadə etmək olar. Mum çəkilmiş bu zolaq bir neçə dəqiqəyə dəriyə yapışdırılır. Zolağı aşağıdan yuxarı olmaqla sıçrayışla xaric etdikdə ona yapışmış tüklər də kökləri ilə birlikdə xaric olur. Bu zaman ilk prosedura kifayət qədər ağrılı olur, sonradan dəri buna öyrəşdiyi üçün ağrılar azalır. Bu epilyasiyadan sonra dəri tez bir zamanda bərpa olunur və uzun müddət ərzində ideal şəkildə hamar və gözəl qalır. Depilyasiyadan sonra dərinin tez bir zamanda bərpa edilməsi üçün qidalandırıcı kremdən istifadə etmək lazımdır. Bəzi hallarda depilyasiyadan sonra tüklər dərinin içərisinə girərək iltihabi prosesin baş verməsinə səbəb olurlar. Bunun qarşısını almaq üçün ayaqları yumşaq hamam lifi ilə yumaq və ayaqlar üçün olan skrabdan istifadə etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.