Maraqlı

Yayda qida zəhərlənmələri - Həkim məsləhəti

20 İyul 2021 21:50
0 Şərh     Baxış: 338

"Qida toksikoinfeksiyaları (zəhərlənmələri) çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir. Adətən qida toksikoinfeksiyaları yüngül intoksikasiya əlamətlərlə gedir və sağalma ilə yekunlaşır".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə müsahibəsində qida toksikoinfeksiyalarının səbəbləri, mənbələri, simptomları və epidemioloji xüsusiyyətləri barədə danışarkən bildirib.

V.Cavadzadə qeyd edib ki, qida toksikoinfeksiyalarında əsasən infeksiya mənbəyi insanlardır:

"Bakteriyalar insanlarda irinli iltihabi proseslər - panaritsi, piodermiya, angina, rinofaringir və s kimi xəstəliklər törədirlər. Qida toksikoinfeksiyaları bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsullarını hazırlayarkən, düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa, acıq qabda saxlanılarsa o zaman bakteriyalarla çirklənər.

Bəzən heyvanlarda infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanlarında südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir. Qida toksikoinfeksiyalarının klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövürdən sonra özünü biruzə verir.

İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda bir neçə dəfə ishalda müşahidə edilir. Xəstələrdə qızdırma dərhal yüksəlsə də, qısa müddətdən sonra normaya enir. Bəzən qusma öyümə ilə müşahidə olunaraq, inadlı xarakter daşıyır. Adətən qusuntunun tərkibində həzm olunmamış qida qalıqları olur. Qusuntu kütləsi pis iyli olur.

Əksər xəstələrdə intoksikasiya simptomları müşahidə edilir. Belə ki, xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təziq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir. Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyyədə ağrılar olur. Əksər hallarda qida toksikoinfeksiyaları yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur. Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir. Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir. Ümumiyyətlə, qida toksikoinfeksiyaları sağalma ilə qurtarır".

Mütəxəssisin sözlərinə görə, ağır hallarda xəstələrdə dehidratasion şok kimi ağırlaşmalar müşahidə edilir:

"Bəzi xəstələrdə ikincili infeksiyaların qoşulması nəticəsində bakterial ağırlaşmalarda baş verə bilir. Əsas diaqnoz klinik-epidemioloji məlumatlara əsasən qoyulur. Klinik olaraq xəstələrdə qısa inkubasion dövrün olması, xəstəliyin eyni ərzaq məhsulları qəbul etmiş şəxslər arasında qəflətən baş verməsi, xəstələnənlərdə eyni klinik əlamətlərin olması, ilkin yardım-mədənin yuyulması, təmizləyici imalədən sonra vəziyyətinin qısa müddət ərzində yaxşılaşması diaqnozu qoymağa imkan verir.

Epidemioloji olaraq ərzaq məhsulunun xarakterinə, onların saxlanılma şəraitinə, hazırlanma qaydasına, yemək hazırlayanların sağlamlıq vəziyətinə və onların irinli zədələnmələrinə diqqət yetrilməlidir. Etioloji diaqnoz isə qusuntu kütləsindən, mədə yuyuntusundan, ərzaq məhsullarının qalığından və bağırsaq möhtəviyyatından mikrob kulturasının tapılması nəticəsində qoyulur".

V.Cavadazadə isti aylarda kremli qənnadı məmulatlarını, ət, balıq və süd məhsullarını küçədə, günəş şüaları altında deyil, soyuducuda saxlanılan dükanlardan əldə etməyi tövsiyə edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.