Maraqlı

Kaspersky mütəxəssisi Teleqramı daha etibarlı istifadə etmək üçün QAYDALARDAN danışdı

28 Yanvar 2021 19:45
Baxış: 312

Telegram-ın populyarlığı son günlər sürətlə artmaqdadır. Tətbiqin funksionallığı mətn ismarıcları mübadiləsindən kənara çıxır. Xidmət, eyni zamanda sosial şəbəkə və bloq elementlərini özündə birləşdirir, buna görə də təhlükəsizlik və məxfiliyə yanaşması digər messencerlərdəkindən bir qədər fərqlidir.

Maraqlıdır, Telegram-da gizlilik qurmağa kömək edəcək hansı qaydalar mövcuddur?

Milli.Az ted.az-a istinadən bildirir ki, Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun dediyinə görə, bir istifadəçi adı yaradıb (username) yazışmalarda öz ad və soyadınızdan yox, ondan istifadə etmək lazımdır: "İki faktorlu identifikasiyanı aktivləşdirin. Əgər təcavüzkar hesabınızın idarəsini ələ keçirməyə çalışırsa, doğrulama kodu kifayət etməyəcək, ona parol da lazım olacaq. İki faktorlu identifikasiyanı təmin etmək üçün parametrlərdəki Gizlilik (Privacy and Security) bölməsinə keçməlisiniz. Xüsusi məxfi yazışmalar üçün Gizli söhbət (Secret chat) funksiyasından istifadə etmək daha yaxşıdır. Bu cür söhbətlər müəyyən bir cihaza bağlanır, başqa sözlə, söhbətlərin özü və onlardakı məlumatlar istifadəçilərin cihazları xaricində heç bir yerdə saxlanmır. Bundan əlavə, onlarda özünüməhv taymeri mövcuddur".

Müşviq Məmmədov qeyd edib ki, hesabınızın hansı cihazlarda açıq olduğunu görmək üçün aktiv sessiyalara (Active sessions) nəzər salın: "Bu, parametrlərin Cihazlar (Devices) bölməsində edilə bilər. Naməlum və ya şübhəli bir cihaz tapsanız, bu sessiyanı sonlandırın və əgər quraşdırılmış parol varsa, onu dəyişin. Tətbiq parol və Touch ID təyin etməyə imkan verir. Bu halda tətbiqi kilidləmək və kilidini açmaq üçün söhbət siyahısında bir kilid işarəsi görünəcəkdir. Telegram-da sizinlə bağlı hansı məlumatların platformanın bütün istifadəçiləri üçün əlçatan olmasına diqqət yetirin. Bu, parametrlərə Gizlilik (Privacy and Security) bölməsində nəzarət edilə bilər. Telefon nömrəsi (Phone Number) bölməsinə daxil olun, Telefon nömrəmi kim görür (Who can see my phone number?) üçün Heç kimi (Nobody)) seçə bilərsiniz, daha sonra Nömrəyə görə kim məni tapa bilər (Who can find me by number?) üçün Kontaktlarımı (My contacts) seçə bilərsiniz. Aktivliyinizi görə bilən istifadəçilər üçün isə Son aktivliyi (Last Seen & Online) seçib, Şəbəkədə olarkən məni kim görür (Who can see you Last Seen time?), sonra isə Heç kimi (Nobody) qeyd etmək lazımdır. Profil şəklini görə bilən istifadəçilərə gəldikdə, Profil şəklini (Profile photos), sonra da Kontaktlarımı (My contacts) seçin. Mesajları yönləndirərkən hesabınıza istinad edə bilən istifadəçilərlə bağlı Mesajların yönləndirilməsini (Forwarded Messages) seçin, sonra Mesajları yönləndirərkən hesabıma kim istinad edə bilər (Who can add a link to my account when forwarding my messages?) bölməsində Kontaktlarımı (My contacts) aktiv edin".

Mütəxəssis vurğulayıb ki, sizə zəng edə bilən istifadəçiləri təyin etmək üçün Zənglər (Calls) bölməsində Hamı (Everybody) seçimini edə bilərsiniz: "Sonra istənilən istifadəçi sizə zəng edə bilər və ya Mənim kontaktlarımı (My contacts) seçərək siyahını məhdudlaşdırmaq lazımdır. Əgər razılığınız olmadan təsadüfi qruplara düşmək istəmirsinizsə, Qruplar və kanallar (Groups) bölməsində Kim məni əlavə edə bilər (Who can add me to group chats?) sualını cavablandırarkən Kontaktlarımı (My contacts) seçin. Telegram-da əlavə olaraq, mobil telefon istifadəçiləri üçün bir sıra ümumi qaydalara da riayət etmək lazımdır. Məsələn, əgər yoxlanılmamış ictimai Wi-Fi mənbələrinə qoşulursunuzsa, əlavə qorunma üçün VPN-dən (https://www.kaspersky.ru/secure-connection) istifadə edin. Hətta tanışlarınız göndərsə belə, mesajlardakı şübhəli linklərə keçid etməyin. Quraşdırılması mümkün olan cihazlarda qorunma həlli quraşdırın. Həmçinin qeyri-rəsmi mənbələrdən tətbiqlər yükləməyin, bu halda troyanla qarşılaşmaq riski var, tətbiqlərin rəsmi mağazalarından istifadə edin".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.