Maraqlı

IPO nədir?

31 Dekabr 2020 17:50
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

IPO (Initial Public Offering) - şirkətin qiymətli kağızlarının (səhm, istiqraz) açıq bazarda investorlara satılması prosesidir. Əsas məqsəd şirkətə əlavə kapital cəlb etməkdir.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, Açıq Səhmdar Cəmiyyətləri səhm və istiqrazlarını, Qapalı Səhmdar Cəmiyyətləri və Məhdud Məsuliyyətli Cəmiyyətlər isə yalnız istiqrazlarını kütləvi şəkildə investorlara təklif edə bilər.

İPO-nun əsas xüsusiyyətləri:

Bazar iştirakçıları və investorların diqqətini cəlb etmək - IPO keçirilməsindən sonra şirkət ictimailəşir, hesabatları daha dəqiq və şəffaf olur. Biznes aləmində şirkətin önəmli faktordu. Yeni imkanlar - Müəyyən hallarda beynəlxalq müqavilələr və qarşılıqlı fayda əsasında qurulmuş sövdələşmələrdə iştirak etmək üçün IPO tələb olunur.  Şirkətin real dəyərinin müəyyən edilməsi - İPO şirkətə bazarda real dəyərini təyin etməyə imkan verəcəkdir. Səhmlərinin dəyərinin artması - Şirkətin menecmenti bazarın perspektivindən əmin olduqda səhmdarlar üçün IPO çox faydalı ola bilər. Bunun əsas səbəbi İPO-dan sonra şirkətinin səhmlərinin qiyməti birjada başlamasından sonra artmasıdır.  Şirkətə əlavə kapitalın cəlb edilməsi. IPO-nun keçirilməsi şirkətə əlavə investisiyaların cəlb edilməsinə imkan yaratmış olur. Likvidliyin artırılması. IPO-dan sonra səhmdarların kapitalının likvidliyi kəskin şəkildə yüksəlir: Banklar ictimai şirkətlərin səhmlərini zamin götürərək, həmin şirkətlərə daha rahatlıqla kredit verə bilirlər. Personalın stimullaşdırılması. Bir çox iri şirkətlərdə xüsusi səhm bonus proqramları mövcuddur və çalışqan əməkdaşlara şirkətin səhmləri verilir. Bu halda işçi şirkətin inkişafında daha maralı olur.  Şirkətin sağlamlaşdırılması. IPO-nun keçirilməsi kifayət qədər mürəkkəb prosesdir və bu zaman aparılan hazırlıqlar şirkətin sağlamlaşdırılmasına yardım edir. 

Azərbaycanda IPO üzrə xüsusi qanunvericilik yoxdur lakin emitentlərə (emitent - qiymətli kağızların emissiyasının həyata keçirən hüquqi şəxs) olan tələblər, habelə səhmlərin emissiya və ləğv edilməsi qaydasını tənzimləyən müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli kağızlar bazarına dair Qanun, Bakı Fond Birjası, listing, reyestr, qiymətli kağızların alqı-satqısının təşkili və digər normativ aktları tənzimləyən qaydalarla müəyyən olunur. İPO prosesinin müddəti İPO-ya çıxarılan şirkətin hazırlıq səviyyəsindən və daxili biznes proseslərin və prosedurların birjanın tələblərinə uyğun olub-olmasından asılıdır. 

IPO prosesinin əsas mərhələləri:

1. IPO üçün hazırlıq. İPO-ya çıxmazdan əvvəl şirkətin sağlamlaşdırılması prosesi həyata keçirilir. Bu məqsədlə IPO üzrə komanda PR-agentliklər, Anderrayter, audit şirkətlər və bu sahədə təcrübəli olan mütəxəssislər cəlb edilir. Hazırlıq mərhələsində aşağıdakı prosesləri özündə birləşdirir:

  • Şirkət strukturunun yenidən təşkili;
  • Beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanması;
  • Maliyyə hesabatlarının dəqiqliyini təsdiq etmək üçün müstəqil auditoru cəlb etmək;
  • Səhm kapitalının artması;
  • Korporativ idarəetmə sistemində dəyişikliklərin tətbiqi və ya təkmilləşdirilməsi;
  • Gələcək illər üçün ətraflı maliyyə planını, proqnozunu və büdcəsini hazırlamaq;

Şirkət eyni zamanda Bakı Fond Birjasının üzvü olan investisiya şirkəti ilə razılaşma əldə etməlidir. 

2. Səhmlərin emissiyası. Səhmlərin emissiya prosesi bir neçə mərhələdən ibarətdir:

  • Şirkət səhmlərin emissiyası. Buraxılacaq səhmlərin tipi, nominal dəyəri, sayı və ümumi məbləği müəyyən edilir. 
  • Səhmlərin emissiya prospektinin tərtib edilməsi. Emissiya prospektində emitetin maliyyə vəziyyəti və emitent səhmlərinin təyin etdiyi hüquqlar barədə məlumatlar yer alır.
  • Səhm buraxılışının dövlət qeydiyyatı. Emissiya prospektinin təsdiqi. Səhmlərin dövlət qeydiyyatı, emissiya prospektinin təsdiq edilməsindən və dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Dövlət qeydiyyatı üçün emitent Mərkəzi Banka müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir. Mərkəzi Bank imtina üçün əsas olmadıqda qeydiyyat başa çatır və emissiya prospekti təsdiqlənir.
  • Prospektdə əks olunan məlumatların açıqlanması. Təsdiq edildikdən sonra, emissiya prospekti Mərkəzi Bank tərəfindən vahid informasiya mənbəyində, BFB-nin və emitentin veb səhifələrində açıqlanmalıdır. Emissiya prospekti emitentin ünvanında, səhmlərin satışı nöqtələrində yerləşməlidir. 

3. Listinq. Dövlət qeydiyyatından sonra emitent səhm yerləşdirmək hüququnu alır. Listinqin mahiyyəti qiymətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Bakı Fond Birjası (BFB) Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjası olmaqla, tənzimlənən bazarlarda qiymətli kağızlarla ticarətin yeganə təşkilatçısıdır. BFB-nın şirkətlərə qarşı irəli sürdüyü "Listing şərtləri və tarifləri" var və hər bir seqment üçün qaydalar fərqlidir. 

4. Hərraclar. Listingdən keçmiş səhmlər hərraclara çıxarılır. Hərracların başlanğıc tarixi və listing qiyməti Birjanın veb-səhifəsində hərracların başlamasından bir iş günü əvvəl yerləşdirilir. 

İlk müasir IPO 1602-ci ildə Hollandiyanın Ost-Hind şirkəti kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Bununla da, Ost-Hind şirkəti geniş ictimaiyyətə səhmlər buraxan və rəsmi birjada indiyədək siyahıya alınan ilk şirkət olub. ABŞ-da isə 1783-cü ildə İPO keçirən ilk şirkət Bank of North America olmuşdur. İPO tarixində ən çox investisiya cəlb edən "Top-10" şirkətlərinin siyahısında ilk yeri Alibaba Group tutub hansı ki, İPO zamanı 21.8 milyard cəlb etməyi bacarmışdı.

Alibaba Group Holding Limited (NYSE:BABA) - $21.8 milyard (2014) Agricultural Bank of China Ltd. (SHA: 601288) - $19.2 milyard (2010) Industrial and Commercial Bank of China (SHA: 601398) - $19.1 milyard (2006) General Motors Company (NYSE:GM) - $20.1 milyard (2010) NTT DOCOMO, Inc (9437:Tokyo). - $18.4 milyard (1998) Visa Inc. (NYSE:V) - $17.9 milyard (2008) AIA Group Limited (OTC:AAIGF) - $17.8 milyard (2010) Enel (OTC:ENLAY) - $17.4 milyard (1999) Facebook (NASDAQ:FB) - $16 milyard (2012) Deutsche Telekom AG (OTC:DTEGY) - 13 milyard (1996)

IPO qərarı verilməsi şirkətin stabil inkişafı və yeni səviyyəyə keçidi kimi də qiymətləndirilə bilər. Public olduqdan sonra şirkətin daha güclü mütəxəssislərin cəlb edilməsi və biznes reputasiyasının artması kimi şansları daha da yüksəlir. İPO-dan sonra şirkətin səhmlərinin dəyər itirməsi, kapitallaşmanın azalması və.s kimi neqativ hallar ortaya çıxa bilər. İnvestorlar IPO zamanı daha diqqətli olurlar çünki, emintenin keçmiş bazar və maliyyə tarixçəsinin az olması onların riskli qərarlar verməsinə mane olur. Bununla belə, IPO həyata keçirilməsi müasir biznesdə çox tələb olunan və lazımlı bir prosesdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.