Maraqlı

Nevroloq: "İnsultdan qorunmaq üçün gənclər də profilaktik müayinələrdən keçməlidir"

31 Oktyabr 2020 23:55
Baxış: 2 362

İnsultun gənc yaşda baş verə bilmə ehtimalını nəzərə alaraq gənc yaşlı şəxslərin də profilaktik müayinələrdən keçməsi lazımdır.

Bunu həkim-nevroloq, Mərkəzi Gömrük Hospitalının həkimi, Avropa İnsult Təşkilatı, Avropa Nevrologiya Akademiyasının üzvü İlahə Əzizova bildirib.

Milli.Az e-tibb.az-a istinadənmütəxəssisin insult, onun riksləri, xəstəlikdən qorunma yolları barədə fikirlərini təqdim edir:

İnsult - beyin qan dövranının kəskin pozulmasıdır və işemik və hemorragik olmaqla iki tipə bölünür. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. 24 saat ərzində, kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit, tam keçərsə, bu sindrom tranzitor işemik həmlə (TİH) adlanır. Hemorragik insult isə serebral arteriyanın travmatik mənşəli olmayan partlaması və qanın intrakranial sahəyə axması nəticəsində beyin qan dövranın kəskin pozulmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, hər il 15 milyon insan insultdan əziyyət çəkir, onlardan 5 milyonu dünyasını dəyişir, digər 5 milyonu isə ömürlük əlil qalır. İnsultların 87%-ni işemik insult təşkil edir. İnsult dünyada ölüm səbəbləri sırasında 2-ci yeri tutur. Amerika Birləşmiş Ştatlarda hər 40 saniyədən bir insult baş verir. Kişilərdə insult qadınlara nisbətən daha çox rast gəlinir. Belə ki, müasir tibbin inkişafına baxmayaraq, insultdan xəstələnmə hadisələri artmaqdadır.

Baş beynin insultunun risk amillərini iki yerə bölmək olar: modifikasiya edilən və modifikasiya edilməyən. Modifikasiya edilməyən risk amillərinə yaş, cins, irq, genetik meyillik aiddir. Modifikasiya edilən amillərə isə arterial hipertenziya, siqaretçəkmə, şəkərli diabet, ürək xəstəlikləri (səyirici aritmiya, ürək qusurları), hiperlipidemiya, hipodinamiya, piylənmə, anamnezdə tranzitor işemik həmlənin və ya insultun olması, yuxu arteriyaların daralması, oral kontraseptivlərin qəbulu, alkoqolun həddən artıq qəbulu aiddir. Bəzi ilkin tədqiqatlar göstərir ki, COVID-19 infeksiyasıda işemik insulta səbəb ola bilər, hərçənd ki daha çox tədqiqata ehtiyac var. Risk amillərin bu qədər çox olması serebrovaskulyar xəstəliklərin inkişaf dərəcəsini əhəmiyyətli dərəcədə artırır.

İnsultun klinik təzahürü beyində zədələnmə lokalizasiyasından asılıdır. İnsultun simptomlarına ətraflarda zəiflik, keyimə, üzün əyilməsi, nitqin pozulması, udmanın pozulması, başgicəllənmə, müvazinətin pozulması, yaddaşın qəflətən pozulması, huşun dəyişilməsi, ürəkbulanma, qusma, baş ağrısı, görmənin pozulması aiddir

İnsultlu xəstələrin diaqnostikası necə aparılır?

Pasientdən şikayət və anamnez toplanmalı, nevroloji status yoxlanılmalıdır. Xəstədə mövcud olan nevroloji defisitin qiymətləndirilməsi və dinamik nəzarət üçün xüsusi insult şkalalarından istifadə edilir, məsələn, NİHSS şkalası. Vaxt itirmədən yanaşı müəyyən laborator analizlər, instrumental müayinələr aparılır. Baş beynin vizualizasiya metodları - komyuter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT), karotis, vertebral arteriyaların rəngli doppler müayinəsi, kompyuter tomoqrafik angioqrafiya (KTA) və ya maqnit rezonans angioqrafiya (MRA) aparılır. İnsultun adekvat müalicəsi və ikincili profilaktikasının aparılması üçün onun mümkün olan səbəbinin/səbəblərinin axtarılması vacibdir. Unutmamaq lazımdır ki, düzgün diaqnostik yanaşma düzgün müalicənin bünövrəsidir. Bu baxımdan xüsusilə insultun diaqnostikasında vacib əhəmiyyətə malik olan laborator müayinələrin sürətli və dəqiq bir şəkildə əldə olunması, KT və MRT cihazlarının ən son texnologiyalara əsaslanması mühüm önəmə malikdir. Müasir tibbi texnologiyalardan istifadə diaqnozun düzgün qoyulması və sonrakı mərhələdə müalicənin doğru gedişdə aparılmasına çox yardım edir.

İnsulta şübhə olan xəstələrdə ilk növbədə kompyuter tomoqrafiya (KT) müayinəsinin aparılması zəruridir. KT müayinəsi işemik insultu hemorragik insultdan asanlıqla fərqləndirir. Maqnit-rezonans tomoqrafiyası (MRT) isə subaraxnoidal qansızmanı "görməyə" bilər. Həmçinin KT-nin üstünlüyünə onun sürəti və əksər klinikalarda mövcudluğu aiddir, və bununla da kritik vəziyyətdə olan pasiyentlərin müayinəsidə aparıla bilir. Qansızma inkar olunduqdan sonra baş-beynin MRT müayinəsi icra olunur, məhz DWI rejiminə diqqət yetirilir. Buna görə də xəstənin şikayətləri və həkimin düzgün yanaşması kompleks şəkildə vəhdət təşkil etməlidir.

İşemik insult necə müalicə olunur?

İşemik insultun simptomlarının yaranmasından etibarən ilk 4,5 saat ərzində plazminogenin toxuma aktivatoru venadaxili yeridilir. Trombolizisin təbii ki, öz göstərişləri, əks göstərişləri var və yalnız nevroloq bu müalicəyə qərar verə bilər. Həmçinin invaziv radioloq və ya neyrocərrah tərəfindən mexaniki trombektomiya icra oluna bilər.Hər iki metodda zaman məhdud olduğundan pasient simptomlar yaranan kimi dərhal xəstəxanaya gətirilməlidir. İşemik insultun müalicəsində "vaxt - beyin" deməkdir. Buna görə də həm pasiyentin vaxtında həkimə müaricəti həm də həkimlərin birgə fəaliyyəti müalicənin uğurlu nəticələnməsində vacib əhəmiyyətə malikdir.

İnsultdan qorunmaq üçün nələrə diqqət etməliyik?

Ümumiyyətlə, bəzi xəstəliklər insultun baş vermə ehtimalını daha da artırır. Məsələn şəkərli diabet və ürək-damar xəstəlikləri məhz bu qəbildən hesab oluna bilər. Buna görə də insultdan qorunmaq üçün üçün sağlam həyat tərzinin tələblərinə riayət etmək mühüm əhəmiyyətə malikdir. Xüsusilə fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq insultdan qorunmaq üçün profilaktik adımlar hesab olunur və insultun yaranma riskini kifayət qədər azalda bilir. Bu baxımdan hər kəsə sağlamlıqlarına qarşı diqqətli olmalarını, sağlam həyat tərzi yaşamalarını və mütləq şəkildə hər hansı şikayətləri olduqda həkimə müraciət etmələrini tövsiyə edərdim.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.