Maraqlı

Mixail Saakaşvili və gürcü müxalifətinin şansi

19 Oktyabr 2019 23:25
0 Şərh     Baxış: 1 298

Proporsional seçki sisteminə keçid gələn ilin oktyabr ayında Bidzina İvanişvili və onun komandasının seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırılma ehtimalını artırır. Bəs bu, necə baş verə bilər? "Exo Kavkaza" portalı suala cavab tapmağa çalışır.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, çoxları vahid müxalifət cəbhəsinin vacib olduğunu söyləyir. İnzibati resurs, ölkənin faktiki liderinin şəxsi sərvəti və çox güman, Rusiyanın birbaşa himayədarlığı hakim partiyanın tərəfindədir. Belə bir qüvvəyə qalib gəlmək xüsusi səy tələb edir. Ona görə İvanişvili hakimiyyətini qəbul etməyənlər müvəqqəti fikir ayrılığını unudub, ümumi məqsədə nail olmaq yolunda birləşməlidir.

Məqalədə deyilir ki, keçid baryerinin aradan qaldırılması çoxsaylı müxalifət qruplarının yaradılmasına həvəsləndirmək və onları koalisiyadan uzaqlaşdırmaq məqsədi güdür. İstənilən iddialı mikro-lider komandasının başında parlamentə keçə bilməyin asan olduğunu düşünə bilər.

Belə bir şəraitdə müxtəlif müxalifət qrupları bir-birindən uzaqlaşmağa çalışacaq, hakimiyyətdən narazı seçicini digər müxalifətçilərə deyil, məhz onlara səs verməyə inandıracaq.

Əsas müxalifət partiyalarından biri "Avropa Gürcüstanı" digər müxalifətçiləri əvvəlcədən seçicilərə söz verməyə çağırıb ki, onlar heç bir halda "Gürcü arzusu" partiyası ilə koalisiyaya getməyəcəklər. "Milli hərəkat" və bir-neçə başqa partiya razılaşıb, lakin qalanları boyun qaçırıb.

Gələcəkdə parlamentdə müxalifət çoxluğun yaranması nədən asılıdır? Nəşr hesab edir ki, əsas amillərdən biri Mixail Saakaşvili fiqurudur. Onun "Milli hərəkat" partiyası tərəfdarlarla birgə müxalifət düşərgəsinin başlıca qüvvəsi olaraq qalır. Sonuncu prezident seçkiləri bunu bir daha təsdiqləyib. Təbii, vəziyyətin parlament seçkilərində də dəyişməyəcəyini güman etmək olar.

Proqnoz doğru çıxsa, gələcək partlament üç əsas blokdan ibarət olacaq: "Gürcü arzusu", Saakaşvilinin ətrafında birləşənlər və yerdə qalanlar. Üçüncülər İvanişvili ilə tərəfdaşlıqdan imtina etsələr, onda onlar Saakaşvili partiyasının aparıcı oyunçu qismində çıxış edəcəyi müxalifət koalisiyasına daxil olmalı olacaqlar.

Qərarsız qalanları müxalifət koalisiyasına necə cəlb etmək olar? Saakaşvili İvanişvili rejiminin sona çatmasını istəyirsə, onun tərəfindən atıla biləcək ağıllı addım gələcək müxalifət hökumətində aparıcı rol iddialarından imtina etmək olacaq. Bu, müxalifət koalisiyasının yaranacağına zəmanət vermir, amma bu yolda mühüm psixoloji maneəni aradan qaldırır.

Saakaşvili özü bunu başa düşür. O, əvvəllər bir neçə dəfə gələcək siyasi rolundan imtina edəcəyini və yalnız Lazika meri vəzifəsində iddialı olacağını qeyd edib. Xatırladaq ki, bu şəhər hələ mövcud deyil, onun Qara dənizdə yeni limanın ətrafında yaradılacağı ehtimal edilir.

Lakin keçmiş prezidentin instinkləri sağlam düşüncəyə qarşı çıxır. Saakaşvilinin son addımları onun hakimiyyətə gəlmək istədiyini göstərir. Onun başqa müxalifət təşkilatları - "Avropa Gürcüstanı" və yeni "Lelo" birliyinin lideri Mamuka Xazaradze - haqda söylədikləri getdikcə aqressiv şəkil almağa başlayır. Bu da seçkilərdən sonra müxalifət koalisiyasının yaradılma ehtimalını azaldır, Saakaşvilini isə obyektiv olaraq Bidzina İvanişvilinin müttəfiqinə çevirir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.