Maraqlı

Quranın nəzərində ən yaxşı və ən pis insanlar

21 Sentyabr 2019 21:55
0 Şərh     Baxış: 2 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran həm ən yaxşı və həm də ən pis bəndələrin sifətlərini açıqlayaraq, insanları qəflət yuxusundan ayıltmağa çalışmışdır.

Quranın zikr etdiyi ən yaxşı insanların sifətləri:

1. Təqva.

Allah Təala müxtəlif ayələrində insanları İlahi təqvaya dəvət etmişdir. O kəslər ki, təvqalıdır onları tərifləmiş və bəyənmişdir. "Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır". ("Hucurat" 13). Bu insanlar İlahi əmrləri yerinə yetirmək üçün ən son səylərini işə salmış və öz istəklərini Allahın istəklərindən üstün bilməmişdilər.

2. Mücahidlik.

Allah Təala Quranda mücahidləri həmişə tərifləyib mədh etmiş və onları məsuliyyətindən uzaqlaşanlardan üstün bilmişdir. "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb". ("Tövbə" 111).

3. Təvazökarlıq.

O kəslər ki, Allah qarşısında təvazökardırlar, onlar yəqin məqamına çatmış insanlardır. Quran onları muxbətin adlandırır. Bu insanlar Allahın adını eşidən zaman qəlbləri İlahi qorxusu ilə dolar. Müsibət qarşısında səbir edər və infaq əhlidirlər.

4. Allahı yada salmaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Quranda buyurur ki, Məni çoxlu yada salın və namazın hədəfini də Allahı yada salmaq və paklanmaq hesab edir. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).

"Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin". ("Bəqərə" 152).

5. İnfaq.

O kəslər ki, mallarını Allah yolunda infaq edər, bütün məqsədləri Allah olar. "Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir". ("Bəqərə" 261).

6. İffət.

Quran möminlərin bariz sifətlərindən birinin iffət olduğunu vurğulayır. "Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar". ("Muminun" 5).

7. Gecə ibadəti.

Allah yanında ən mühüm sifətlərdən biri də gecə ibadətidir. "Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79).

Bəs pis adamlar necədir? Allah yanında ən pis insanlar o kəslərdir ki, küfr və imansızlığa üç çeviriblər. Bu yolda haqqı tapdalamış və hər cür çirkin işi görərlər.

"Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır". ("Ənfal" 22).

"Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir". ("Ənfal" 55).

"Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).

"Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir". ("Bəyyinə" 6).

Beləliklə deyə bilərik ki, Allahın nəzərində ən pis insanlar kafirlər və müşriklərdir. Ona görə də bütün yaxşılıqların mənbəyi iman, bütün pisliklərin mənbəyi isə küfrdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.