Maraqlı

İnsan həyatının 4 mərhələsi

21 Sentyabr 2019 21:50
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayə və hədislərə görə həyatın dörd mərhələsi vardır: 1. Təbii həyat. 2. Mənəvi həyat. 3. Təyyibə həyat. 4. Mələkuti həyat.

Təbii həyat.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, maddi həyat mahiyyət baxımından heyvan həyatı ilə bərabərdir. Əgər insan həyatı ağıl, din və fitrət çərçivəsində tənzim olunarsa, bu zaman heyvani həyatdan fərqlənə bilər. İnsan əgər maddi həyat çərçivəsində yaşayarsa, bu zaman dünyanı sonuncu mənzil hesab edər. Bütün hədəfi mal, sərvət və məqam əldə etmək üçün səy etmək olur. Bu həyat onu həqiqətlərdən uzaqlaşdırır və gözünü kor edir. Moizə eşitmək üçün qulaqları kardır və daima şəhvətin ardıncadır. Əgər layiqsiz istəklərini təmin edə bilməsə, insanların hüququna hücum edir və zülm edir. Rəftar baxımından hər bir vəhşi heyvandan da yırtıcı olur. Belə ki, Quranda oxuyuruq: "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).

Lakin o kəslər ki, ağıl və ürəkləri ilə həqiqətləri dərk edirlər və bütün səyləri Allah Təalanın razılığını əldə etmək olur. Uca Allah onları behiştlə müjdələyir. "Həqiqətən Allah iman gətirib yaxşı işlər görənləri (ev və ağaclarının) altından çaylar axan cənnət və bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir və heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək və bəhrələnmək hesab edirlər) və (nəhayət) onların yeri oddur". ("Muhəmməd (s)" 12).

Mənəvi həyat.

Mənəvi həyat - o həyatdır ki, iman, saleh əməl, gözəl əxlaqla bəzənmişdir. Bu həyata sahib olmaq üçün Allah Təalanın buyurduqlarına, Peyğəmbərin (s), İmamların (ə), mələklərin səsinə qulaq asmaq və həqiqətlərə inanmaq lazımdır. Allah bu cür həyata malik olmayanları maddi həyatda olmaqlarına baxmayaraq ölü adlandırır. "Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən". ("Nəml" 80).

Lakin o zaman ki, ürəyi İlahi vəhy ilə dinə iman gətirib və qulaqları Haqqın səsini eşitməyə hazırdır, mənəvi həyata daxil olar. "Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud "misal" qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz". ("Bəqərə" 154).

"İman gətirib yaxşı işlər görənlər - (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq - Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar". ("Əraf" 42).

Mənəvi həyatın bərəkətləri:

- imanı hiss etmək,

- əmin olmaq,

- bəsirət əhli olmaq,

- tövbə əhli olmaq,

- mal və canla cihad etmək,

- ehsan edənlərdən olmaq,

- infaq əhli olmaq,

- mehribanlıq əhli,

- mülayimlik əhli,

- səbir əhli və bu kimi.

Təyyibə həyat.

Təyyibə həyat - mənəvi həyatın ən yüksək mərtəbəsidir. Bu fəzada insan ancaq Haqqın feyz və inayəti ilə yaşayır. Yer üzündə izzətli, şərəfli, layiqli şəxsiyyət kimi addımlayır. Allahdan başqası haqqında düşünmür. Qiyamət günü bu gözəl əməllərinə görə mükafatlanacaqdır. "Hər kim - kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik". ("Nəhl" 97).

Bu həyatın əsasını Allaha və Qiyamət gününə iman, peyğəmbərlərin (ə) nübuvvətinə, vəhy və mələklərə yəqinlik təşkil edir. Bu həyatın bərəkəti rahatlıq və hüzur, rifah və sülh, məhəbbət və dostluq, təqva, kəramət, hikməti və ilhamı dərk etmək üçün ürəklərin açılması, batində vilayət qüvvəsinin meydana gəlməsi, Allahın halalına qənaət etmək, insanların çətinliyini aradan qaldırmaq üçün səy etmək, həqiqətləri təbliğ etmək, mühiti münkirlərdən pak etmək təşkil edir. Belə bir həyatın sakini mələk kimi olur. Həyatı hər cür zahiri və batini çirkinliklərdən pak və pakizə olur.

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O kəs ki, Allahı tanıyar, Onu böyük hesab edər - dilini yersiz sözlər danışmaqdan saxlayar. Mədəsini haram və əlavə yeməklərdən saxlayar. Batinini oruc və gecə ibadəti ilə təmizləyər". Soruşurlar ki, bu insanlar İlahi Övliyadır? Buyurdu: "Həqiqətən, İlahi Övliyalar sakitdirlər və sükutları zikrdir. Diqqətlə baxarlar və nəzərləri ibrətdir. Söz deyələr və sözləri hikmətdir. Yol gedərlər və yol getməkləri insanların arasında bərəkətdir. Əgər onlara əcəl təqdir olunmasaydı, cəsədlərində olan ruhları əzabın qorxusundan və savabın şövqündən bərqərar olmazdı".

Mələkuti həyat.

Bu həyatın əsasında iman, saleh əməl, xüsusilə də gözəl əxlaq durur. Qiyamət günü gözəl əxlaqla zahir olacaqlar. Allahın razılığı ilə yanaşı kənarlarında hər cür maddi nemət olcaqdır: yeməklər, içəcəklər, geyimlər, zinətlər qablar və bu kimi. Onlar peyğəmbərlər (ə), salehlər, İmamlar (ə), siddiqlər, şəhidlərlə oturub-durarlar. Quranın bir çox surəsi cənnət nemətlərinin bir guşəsinə işarə etmişdir. "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!". ("Səcdə" 17).

Bu həyatın sakinləri çox təvazökar, gözəl əxlaqlı, batini sınmaya malikdirlər.

Allah Təala bizlərə Öz lütf nəzərlərini yetirsin, inşəallah.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.