Cəmiyyət

Padişah və balıqçı - Yunus Oğuz yazır

17 Oktyabr 2025 14:44
Baxış: 405
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yunus Oğuz 

Pritça

Bir gün padişah  daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə  ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş  qoydurmuşdu. Bir  sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə tutulmuşdu. Bu gün birinci daşın günü olduğundan, padişah çox şikayətçi qəbul etmişdi. Nəhayət qəbul qurtardıqdan sonra, o vəzirinə üz tutdu:

-Vəzir, xalqsız padişah olmaz, padişahsız xalq. Sarayda bu gün çox şikayətçi qəbul etdik. Hazırlaş, indi də biz çıxaq xalq içinə,  görək nə var, nə yox, həm də başımız bir az avazasın, aydınlasın.

Baş vəzir:

-Yaxşı olardı, qibleyi-aləm, amma qiyafətimizi dəyişəcəyik?

Padişah etiraz etdi:

-Yox, ehtiyac yoxdur, qoy xalq görsün ki, padişah xalq içində seyrana çıxıb. Onlar çay qırağında gəzə-gəzə bir balıqçının yanında dayandılar.

Padişah balıqları hürkütməmək üçün astadan dedi:

-Ovun bal olsun, balıqçı!

Balıqçı baxdı ki, başının üstündə padişah dayanıb, ayağa durmaq istədikdə, o əlilə işarə edib buna  imkan vermədi, əvəzində  soruşdu:

-Qarmaq vurur, bir şey-zad tutmusan?

Balıqçı cavab verdi:

-Xeyr, qibleyi-aləm, bu  gün  hava  buludlu  olduğundan balıqlar  suyun  üstünə  çox  da  qalxmırlar.

Padişah  vəzirinə  göz vurub  dedi:

-Bax, səninlə  indi  bir  şərt  kəsəcəm.Tilovuna  nə  düşsə, onun ağırlığında  sənə  qızıl  verəcəm. Nə  deyirsən, razısan?

Balıqçı oturduğu  yerdə  qurcalandı, nə  deyə  bilərdi? Dilinin  ucunda  dilləndi: 

-Nə  təhər  məsləhətdi, qibleyi-aləm.

Bir  qədər  keçdikdən  sonra  tilov  tərpəndi. Balıqçı  tilovu  sudan  çıxaranda  gördü  ki, qarmağa  bir sümük  ilişib. Ürəyində  öz-özünə  gileyləndi: -" Hamı  gedir quş  gətirir, Şahqulu  bayquş  gətirir. Olmazdı  bir yekə sazan düşəydi qarmağa, mən də kasıbçılığın daşını ataydım?!"

Padişah baxdı ki, balıqçının əhvalı elə buludlu hava kimidi. Özünü o yerə qoymadı. Üzünü vəzirə tutub göstəriş verdi:

-Söz sözdür. Apar bu kişini xəzinəyə, - sümüyü göstərdi, - bunun çəkisi nə qədərdisə, o qədər də qızıl ver. Özü isə saraya döndü.

Bir qədər keçəndən sonra vəzir başılovlu padişahın yanına qayıtdı: 

-Qibleyi-aləm, xəzinədə daha qızıl qalmadı. Padişah  heç nə başa düşmədi. Təəccüblə sorusdu:
-Vəzir, nə olub? Bir başa sal görüm, xəzinədə niyə qızıl qalmadı?

Vəzir hadisəni danışmağa başladı:

-Qibleyi-aləm, verdiyin əmrə görə, balıqçını apardım xəzinəyə. Sümüyü qoydum tərəzinin bir gözünə, bir qızıl sikkə də atdım o biri gözünə. Qızıl tərəfi yüngül gəldi. İkisini, üçünü, beşini, onunu, nə qədər qızıl qoydumsa o gözə, yenə yüngül gəldi. Neyləyək, qibleyi-aləm?

Padişah  da belə hadisə ilə birinci dəfə rastlaşdığından maraq onu bürüdü. Düşündü ki, burda nəsə bir sirr var.

Odur ki, göstəriş verdi:

-Sən belə et, vəzir. Təcili bilicini hüzuruma çağır, o sümüyü də bura gətir, balıqçı da qoy gözləsin.

Bilici içəri girən kimi padişah sümüyü ona uzadıb, hadisəni danışdı:

-Bunun sirrini mənə aç.

Bilici sümüyü əlinə aldıqdan sonra, o tərəfə, bu tərəfə çevirib dedi:

-Qibleyi-aləm, bu sümük göz sümüyüdür. Bunun sahibi acgöz, tamahkar, gözüdoymayan, hər şeydən qazanc güdən, pula görə xalqını, padişahını, dövlətini satmağa hazır olan, adamın dili də gəlmir adam deyə, adam olub. Bütün xəzinəni də tərəzinin bir gözünə qoysan, yenə yüngül gələcək.

Padişah əlacsızlıqdan əllərini yellədi:

-Bəs onda neyləyək?

Bilici cavab verdi:

-Bunun çarəsi torpaqdı, bu sümüyün üstünə bir ovuc torpaq atırsan, hər şey düzələcək. Onun tamahını, acgözlüyünü yalnız torpaq örtə bilər. Balıqçıya da nə verərsiniz verərsiniz...

Bilicinin  dediyini  etməkdən  başqa  əlac  yox  idi. Sümüyün üstünə bir ovuc torpaq atdıqdan sonra hər şey düzəldi.

Bir sirr də belə açıldı...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.