Yunus Oğuz
Pritça
Bir gün padişah daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş qoydurmuşdu. Bir sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə tutulmuşdu. Bu gün birinci daşın günü olduğundan, padişah çox şikayətçi qəbul etmişdi. Nəhayət qəbul qurtardıqdan sonra, o vəzirinə üz tutdu:
-Vəzir, xalqsız padişah olmaz, padişahsız xalq. Sarayda bu gün çox şikayətçi qəbul etdik. Hazırlaş, indi də biz çıxaq xalq içinə, görək nə var, nə yox, həm də başımız bir az avazasın, aydınlasın.
Baş vəzir:
-Yaxşı olardı, qibleyi-aləm, amma qiyafətimizi dəyişəcəyik?
Padişah etiraz etdi:
-Yox, ehtiyac yoxdur, qoy xalq görsün ki, padişah xalq içində seyrana çıxıb. Onlar çay qırağında gəzə-gəzə bir balıqçının yanında dayandılar.
Padişah balıqları hürkütməmək üçün astadan dedi:
-Ovun bal olsun, balıqçı!
Balıqçı baxdı ki, başının üstündə padişah dayanıb, ayağa durmaq istədikdə, o əlilə işarə edib buna imkan vermədi, əvəzində soruşdu:
-Qarmaq vurur, bir şey-zad tutmusan?
Balıqçı cavab verdi:
-Xeyr, qibleyi-aləm, bu gün hava buludlu olduğundan balıqlar suyun üstünə çox da qalxmırlar.
Padişah vəzirinə göz vurub dedi:
-Bax, səninlə indi bir şərt kəsəcəm.Tilovuna nə düşsə, onun ağırlığında sənə qızıl verəcəm. Nə deyirsən, razısan?
Balıqçı oturduğu yerdə qurcalandı, nə deyə bilərdi? Dilinin ucunda dilləndi:
-Nə təhər məsləhətdi, qibleyi-aləm.
Bir qədər keçdikdən sonra tilov tərpəndi. Balıqçı tilovu sudan çıxaranda gördü ki, qarmağa bir sümük ilişib. Ürəyində öz-özünə gileyləndi: -" Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir. Olmazdı bir yekə sazan düşəydi qarmağa, mən də kasıbçılığın daşını ataydım?!"
Padişah baxdı ki, balıqçının əhvalı elə buludlu hava kimidi. Özünü o yerə qoymadı. Üzünü vəzirə tutub göstəriş verdi:
-Söz sözdür. Apar bu kişini xəzinəyə, - sümüyü göstərdi, - bunun çəkisi nə qədərdisə, o qədər də qızıl ver. Özü isə saraya döndü.
Bir qədər keçəndən sonra vəzir başılovlu padişahın yanına qayıtdı:
-Qibleyi-aləm, xəzinədə daha qızıl qalmadı. Padişah heç nə başa düşmədi. Təəccüblə sorusdu:
-Vəzir, nə olub? Bir başa sal görüm, xəzinədə niyə qızıl qalmadı?
Vəzir hadisəni danışmağa başladı:
-Qibleyi-aləm, verdiyin əmrə görə, balıqçını apardım xəzinəyə. Sümüyü qoydum tərəzinin bir gözünə, bir qızıl sikkə də atdım o biri gözünə. Qızıl tərəfi yüngül gəldi. İkisini, üçünü, beşini, onunu, nə qədər qızıl qoydumsa o gözə, yenə yüngül gəldi. Neyləyək, qibleyi-aləm?
Padişah da belə hadisə ilə birinci dəfə rastlaşdığından maraq onu bürüdü. Düşündü ki, burda nəsə bir sirr var.
Odur ki, göstəriş verdi:
-Sən belə et, vəzir. Təcili bilicini hüzuruma çağır, o sümüyü də bura gətir, balıqçı da qoy gözləsin.
Bilici içəri girən kimi padişah sümüyü ona uzadıb, hadisəni danışdı:
-Bunun sirrini mənə aç.
Bilici sümüyü əlinə aldıqdan sonra, o tərəfə, bu tərəfə çevirib dedi:
-Qibleyi-aləm, bu sümük göz sümüyüdür. Bunun sahibi acgöz, tamahkar, gözüdoymayan, hər şeydən qazanc güdən, pula görə xalqını, padişahını, dövlətini satmağa hazır olan, adamın dili də gəlmir adam deyə, adam olub. Bütün xəzinəni də tərəzinin bir gözünə qoysan, yenə yüngül gələcək.
Padişah əlacsızlıqdan əllərini yellədi:
-Bəs onda neyləyək?
Bilici cavab verdi:
-Bunun çarəsi torpaqdı, bu sümüyün üstünə bir ovuc torpaq atırsan, hər şey düzələcək. Onun tamahını, acgözlüyünü yalnız torpaq örtə bilər. Balıqçıya da nə verərsiniz verərsiniz...
Bilicinin dediyini etməkdən başqa əlac yox idi. Sümüyün üstünə bir ovuc torpaq atdıqdan sonra hər şey düzəldi.
Bir sirr də belə açıldı...
Milli.Az