Maraqlı

Xaricdə təhsil alaq, yoxsa ölkədə təhsilin səviyyəsini qaldıraq?

21 İyul 2019 20:45
0 Şərh     Baxış: 526

"Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb". Kütləvi İnformasiya Vasitələrində (KİV) yer alan bu məlumat rəqəmlərlə təsdiqlənir. Azərbaycanlı gənclərin təhsil almaq üçün üz tutduqları bütün ölkələr və ali məktəblər üzrə saylarında azalmanın müşahidə olunması təbii ki, çoxsaylı suallar doğurur.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı var. Həmin sənədə uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Dövlət Proqramı çərçivəsində bu günə qədər (2007-2015-ci illər) xaricdə təhsil alan 3 395 nəfər tələbənin 1000 nəfərdən çoxu artıq məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir. 8 il ərzində bu proqrama 135,4 milyon manat xərclənib.

Proqramın dayandırılmasının səbəbi Təhsil Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən diqqətin yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldilməsi ilə izah edildi. Yəni format dəyişikliyi ölkə daxilində təhsilin keyfiyyətini artırmağı prioritetə çevirmək və dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açır.

Digər tərəfdən, xaricdə təhsillə bağlı hazırlanan yeni layihə yalnız magistr və doktorantların bu proqram üzrə xaricdə təhsil almaq hüququna malik olacaqlarına imkan yaradır.

Əlbəttə, mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Bütün bunlar dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirir.

Xaricdə dövlət hesabına təhsillə bağlı səslənən fikirlər isə - "Dövlət büdcəsinin boş yerə xərclənməsi" və ya "Dövlət xətti ilə oxumağa gedənlərin geri qayıtmaması" fikirləri ilə "Müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac" - fikirləri arasında haçalanır. Bu amil isə xaricdə dövlət xətti ilə təhsil alanların azalma səbəbini xarakterizə edir.

Azalma təbiidir

Mövzu ilə bağlı suallarımızı cavablandıran Təhsil Nazirliyinin  müvafiq qurumu bildirir ki, 2015-ci ildən etibarən Dövlət Proqramının icra müddəti başa çatdığından və həmin proqrama sonuncu sənəd qəbulu aparıldığından, bu proqram çərçivəsində təhsilalanların sayının həmin ildən başlayaraq azalması təbiidir. Belə ki,  Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət hesabına təhsili Təhsil Nazirliyi tərəfindən iki istiqamətdə idarə olunur: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  (DP) və Hökumətlərarası Təqaüd Proqramları (HTP). Bu günə qədər yuxarıda sadalanan istiqamətlər üzrə ölkə vətəndaşlarının mütləq əksəriyyəti xaricdə təhsilini DP çərçivəsində həyata keçirirdi. Belə ki, DP çərçivəsində təhsil üçün ayrılmış təqaüd yerlərinin sayı 3558 olub. 2015-ci ildən etibarən Dövlət Proqramının icra müddəti başa çatıb və həmin proqrama sonuncu sənəd qəbulu aparılıb: "Təbii olaraq, bu proqram çərçivəsində təhsilalanların sayı həmin ildən başlayaraq azalır". TN-nin verdiyi məlumata görə, HTP çərçivəsində ölkə vətəndaşlarının xaricdə təhsili digər ölkələrin (Macarıstan, Çin Xalq Respublikası, Latviya, Rumıniya, Qazaxıstan və s.) Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir: "Hər tədris ilində bu xətlə  təhsil üçün Təhsil Nazirliyi müsabiqə həyata keçirir. Yuxarıda sadalanan istiqamətlər üzrə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı DP-nin icra dövrü ilə müqayisədə azdır". Hazırda hər iki istiqamət üzrə ümumilikdə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 800 (DP - 300-ə yaxın, HTP - 500-dən artıq) nəfərdir.

HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların ən çox təhsil aldıqları ölkələr isə Macarıstan, Çin və Rumıniyadır. Bununla yanaşı, müxtəlif ölkələr tərəfindən Azərbaycan vətəndaşlarına ayrı-ayrı təqaüd proqramları (qeyri dövlət xətti) barədə elanlar verilir. Təhsil Nazirliyi tərəfindən həmin təqaüdlər barədə elanlar mütəmadi olaraq nazirliyin internet səhifəsində yerləşdirilir. TN-nin məlumatına görə, qeyri-dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı isə Təhsil Nazirliyində aparılmır və bu şəxslərin xaricdə təhsil prosesinin tənzimlənməsi qurumun səlahiyyətləri xaricindədir.

TN-in bildirdiyinə görə,  "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ikinci icra istiqaməti Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsinə imkan verir: "Hazırda bu məqsədlə normativ sənədlərin hazırlanması prosesi gedir. İcraya başlanıldıqdan sonra yenidən DP çərçivəsində xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayında artım gözlənilir. Lakin bu proqram yalnız doktoranturanı əhatə etdiyi üçün statistikanın əvvəlki proqramla müqayisədə oxşar olacağı proqnozlaşdırılmır. Bununla yanaşı, cari ildən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu magistratura səviyyəsi üzrə Azərbaycan gənclərinin xaricdə təhsilinin maliyyələşdirilməsini həyata keçirəcək. Bu təşəbbüs də sayın artmasına təsir edəcək".

Dünyagörüş, dil göstəriciləri, mütəxəssisləşmə

Xaricdə təhsilin əhəmiyyətindən danışan "Kaspi" Təhsil Şirkətinin xaricdə təhsil üzrə eksperti Rahid Zərbiyev xaricdə təhsili beynəlxalq mühitdə təhsilalmanın üstünlüyü kimi dəyərləndirir: "Artıq faktdır ki, həm ölkədəki xarici şirkətlər, həm də dövlət qurumları xaricdə təhsil alan gənclərə daha çox üstünlük verirlər". Ekspertin sözlərinə görə, 2007-2015-ci illər üçün qəbul edilmiş xaricdə təhsil üzrə Dövlət Proqramı yaxşı göstəriciləri olan tələbələr üçün şansa çevrildi. Yəni yüksək reytinqli universitetlərdə onların təhsili dövlət xətti ilə maliyyələşdi və istədikləri ölkələrdə təhsil aldılar: "Bu, onlara maliyyə problemi yaşamamaq üstünlüyü qazandırırdı. Proqramın dayandırılması tələbələri öz hesablarına təhsil almağa vadar edir. Məlumdur ki, yüksək reytinqli universitetlərin təhsil haqları da kifayət qədər yüksəkdir. Ona görə də, yüksək göstəricilərə malik gənclər məcbur qalıb aşağı reytinqli və daha aşağı təhsil haqqı olan universitetlərə daxil olurlar". Ekspert  xaricdə təhsil üzrə dövlət proqramını davam etdirməyə və təkmilləşdirməyə ehtiyac olduğunu deyir: "Tələbələrin lazımi istiqamətdə ixtisaslar üzrə yönləndirilməsinə ehtiyac var. Həmçinin o tələbələrə bir növ nəzarət lazımdır ki, ali məktəbi bitirdikdən sonra Azərbaycana qayıdacaqları təqdirdə, ölkənin mənafeyi üçün lazım olan sahələrdə çalışıb-çalışmadıqları bilinsin. Bundan əlavə, proqramda prioritet istiqamətləri müəyyənləşdirən zaman hansı sahələrdə daha yaxşı mütəxəssislərə ehtiyac olduğunu ayırd etmək lazımdır". Ekspertin sözlərinə görə, son 10 ildə orta məktəbi bitirmiş abituriyentlər, bakalavrlar, magistr və doktorantların müraciət etdiyi ölkələr sırasında Türkiyə birinci yerdədir: "Hər şeydən əvvəl Türkiyə ali də təhsil haqqının aşağı olması, dillərin bənzərliyi, valideynlərin "Türkiyə bizə daha doğmadır" - deyə övladlarını çox uzağa göndərmək istəməməsi kimi amillər rol oynayır. Təkcə keçən il bakalavr, magistr və doktorantura üzrə 3-4 min gənc türk universitetlərini seçib". Ekspert dövlət və ya qeyri-dövlət xətti ilə xaricdə təhsil alıb gələnlər arasında iş tapmaq probleminin olduğunu da deyir: "Bu, bəzən gənclərin təhsil aldıqları ixtisasın əmək bazarına uyğun gəlməməsi ilə bağlı olur. Ancaq dünyanın reytinqli universitetlərində, o cümlədən mühəndislik, menecmentlik, marketinq, piar  və s. ixtisasları üzrə təhsil alanların işsiz qaldığını görməmişəm. Tələbənin yiyələndiyi ixtisas və təhsil aldığı universitetin reytinqi də iş tapmaqda mühüm rol oynayır".

Geri dön...

"Əvvəlki illərdə dövlət hesabına xaricdə təhsil vardı. Araşdırıldıqda görünür ki, bura "qohumlar" göndərilib. Onların 20 faizi geri dönərək öz dövlətinə xidmət edir" fikirlərini irəli sürən Şimali Kiprin Girnə Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Orxan Həsənoğlu da gənclərin daha çox Türkiyə ali məktəblərinə oxumağa can atdıqlarını təsdiqləyir: "Hazırda Türkiyə universitetlərində ümumilikdə 14 minə yaxın azərbaycanlı təhsil alır. O cümlədən, Türkiyə universitetlərində 300-dən artıq azərbaycanlı professor-müəllim heyətimiz var. Türkiyədə bu rəqəmin çoxluğu birbaşa dil faktoru ilə bağlıdır. Həmçinin qəbul prosesinin olduqca sadə olması, yaxın mədəniyyət və məsafə azlığı da Türkiyədə təhsil almağa üstünlük verilməsinin  başlıca səbəblərdir". Ekspertin fikrincə, xaricdə məzun olanların 50 faizi ölkəmizə geri dönürlər. "Doktorantura məzunlarında bu rəqəm çox acınacaqlıdır. Onların Türkiyə daxil olmaqla, xaricdən geri qayıtma dərəcəsi 10 faiz təşkil edir. Bu, Azərbaycan elminə çox böyük fəlakət gətirəcək. Amma Türkiyə bizə hər hansı məhdudiyyət qoymadan təhsil imkanı verdiyi kimi, geri dönmə sahəsində də yardımçı olmalıdır. Həmçinin Azərbaycan Respublikasının qanunlarında bu  məsələ öz əksini tapmalıdır". Ekspert bizdə xaricdə ali təhsil alanlara və doktorantura məzunlarına yetərli qiymət verilmədiyindən gileylidir: " Çalışdıqları sahələrdə onları digər personaldan ayıran normalar mövcud deyil. Azərbaycanda əvvəlki illərdə doktorantura məzunları universitetlərdə qalıb işləyirdilər. Bu say artıq azalmaqda və onlar xarici ölkələrə yönəlməkdədirlər. Bunun səbəbi sadəcə, məvacibin azlığı ilə bağlı deyil. Araşdırma institutları, laboratoriyaların olmaması ilə bağlıdır. Texnologiya sahəsində elmi araşdırmalar aparmaq istəyən doktorant əziyyət çəkir, inkişafdan geri qalır. Xarici ölkələrdə magistr və doktorantura məzunları üçün istər maaş və istərsə də karyera baxımından çox imkanlar var".

Tarix müəllimi Pərviz Ağalarov xaricdə təhsil üzrə qəbulun azaldılmasını iqtisadi amillərlə əlaqələndirir: "Manatın 2015-ci ildəki "böhranından" sonra xaricdə təhsil üzrə qəbul azaldılıb. Yəni azaldılma böyük ölçüdə iqtisadi məsələ ilə bağlı idi". P.Ağalarov da öz hesabına təhsil alanların daha çox qonşu Türkiyə, Rusiya və Ukraynaya oxumağa gedənlər olduğunu deyir: "Çünki o ölkələrdə təhsil haqqı Avropaya  nisbətən daha ucuzdur. Ümumiyyətlə, xaricdə mütəxəssis yetişdirilməsi daha məqsədəuyğundur. Çünki bizim ali təhsil müəssisələri hələ Avropa, Qərb ali təhsili səviyyəsindən geri qalır".

Müasir dövrün tələbləri baxımından yanaşsaq, ölkəmizin iqtisadi qüdrətinin gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlı olması sirr deyil. Əgər bu biliklərə yiyələnmək xaricdə mümkündürsə, ona doğru getmək və geri dönmək lazımdır. Ölkə təhsilinin inkişafında  inqilabi dəyişiklik olarsa, bu daha yaxşı - həm pulumuz havayı xərclənməz, həm də yaxşı təhsildən 3-5 nəfər deyil, çoxları fayda götürər...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.