Maraqlı

Gənc yazarların qəfil ölümü - onlar sağlamlığını niyə qorumur?

11 İyul 2019 21:05
0 Şərh     Baxış: 1 212

Son zamanlarda gənc yazıçı və şairlərin müxtəlif xəstəliklərin ağuşuna yuvarlandığı, bəzən isə müalicələrini tamamlanmadan vəfat etdiklərini eşidirik. Bəs, bunun səbəbi nədir, yazıçılar sadəcə səhhətlərinə fikir vermirlər, yoxsa daha başqa faktorlar mövcuddur?
Milli.Az bildirir ki, bakupost.az bu suallara cavab tapmaq üçün bir neçə gənc yazar və şairə sualla müraciət edib. Yazıçıların cavablarını təqdim edirik:

Şərif Ağayar
 
Mən həkimdən bir az qorxağam. Əsaslı olmasa da, səhhətimi mümkün qədər gözləməyə çalışıram. Ancaq bəzən olmur. İcazənizlə sualı fərdiyyətdən çıxarıb sosiallaşdırım: ölkədə icbari tibbi sığorta tətbiq olunmalıdır. Bu yoxdursa, vətəndaşa dövlət qayğısı sözləri gülməli görünür.

 
Kəramət Böyükçöl

 
Heç vaxt həkim müayinəsindən keçməmişəm. İynə dərman nədi, bilmirəm. Bəlkə də müayinədən keçsəm, məlum olacaq ki, ağır xəstəyəm. Bəlkə də o qədər ağır xəstəliklərim yoxdur. Elə xəstəliklər olub, öz-özünə sağalıb gedib. Yəni yabani adam kimi yaşayıram. Xəstəliklər gəlir keçir. Gücü çatmır gedir. Xəstəliklər gəlir, görür ki, hələ bunun ölmək vaxtı deyil. Canının qeydinə qalan adam deyiləm. Elə yaradıcı adamlara da acığım tutur. Belə yaşayıram da, harda qırılar qırılar...
 

Sağlamlığımı qorumaq üçün çoxlu araq içirəm, pivə içirəm, siqaret çəkirəm. Hamısını vaxtı vaxtında edirəm. Murdar adamlardan uzaq dururam,. Onlardan qaçıb gəldim kəndə, heyvanların yanına. Bu artıq mənim üçün səhhətimi qorumaqdır. Bu zaman özümü yaxşı hiss edirəm.

Orxan Bahadırsoy  

Nevroloji problemlərim var. Bununla bağlı daimi nevropatoloq nəzarətindəyəm. Qarışıq yuxular, kabuslar, hallüsünasiyalar, titrəmələr və s. narahatlıqlarım var ki, hamısı ruhi-əsəb problemləridir. Həkimlər də tonla dərman yazmağı sevirlər. Qəbul edəndə olursan key kimi, heç nə də yaza bilmirsən. Ona görə həkim nəzarətində yüngül sakitləşdiricilər qəbul edib, digər sancılara dözürəm ki, yaza bilim.
Hər 6 aydan bir bütün müayinələrdən keçirəm. Check-Up müayinələrdən istifadə edirəm. Son 3 ildə bunu adət halına gətirmişəm. Getməyəndə narahat oluram. Bu xüsusiyyətimdən çox razıyam.
 
Qida rasionumda mənşəyi bilinməyən qidalar yoxdur. Heç vaxt da olmayıb. Qətiyyətlə broyler toyuqlarından, firma şirniyyatları, südə qohumluğu belə olmayan ağartı məhsulları - hansı ki, mən onlara əhəng məhlulu deyirəm - kola, fanta, qablaşdırılmış meyvə şirələri, enerji içkilərindən uzağam. Ətdən tərəvəzə, meyvəyə, ağartı məhsullarına qədər bütün qida ləvazimatlarını kənd təsərrüfatından təmin edirəm. İçmək üçün adi su, kompot və evdə sıxılmış meyvə-tərəvəz şirələrindən istifadə edirəm.
 

Gündə 3 paketdən artıq siqaret çəkirəm və çoxlu spirtli içki qəbul edirəm. Amma bu zərəri də minimuma endirməyə çalışıram. Qəbul etdiyim spirtli içkilər də, əsasən, ev üsulu hazırlanmış olur. Yaxud keyfiyyətli firmaların məhsulu olur. Siqaret isə evdən kənarda firma paketlərindən istifadə etsəm də, evdə təbii tütündən istifadə edirəm.
 
Bunu sağlamlığımın qayğısına qalmaq üçün etmirəm. Yaşamı, həyatı çox da ciddiyə alan biri deyiləm. Sadəcə ağrı çəkmək istəmirəm. Ağrı məni əsəbləşdirir, səbrimi tükədir. O ağrını çəkməyim deyə, mənşəyi bilinməyən məhsullardan uzağam. Dondurma, mayonez, ketçup, broyler toyuqları, firma məhsulu olan ətlər, KFC və McDonalds menyuları, dönərlər, hamburgerlər və s. - bunların potensial zəhər olduğunun fərqindəyəm və ağrıdan qıvrıla-qıvrıla ölmək istəməyən hər kəsi bunlardan imtina etməyə səsləyirəm. Ölüm onsuz da bir gün gələcək. Gözləməyə səbri çatmayan intihar da edə bilər. Amma zülmlə, zillətlə ölmək heç də xoş deyil.
 
Emin Piri
 
Səhhətimlə bağlı hər hansı problemim yoxdur. Göz zəifliyim var ki, o da kitab, kompüter, telefon və gözü müntəzəm yormağa görədir.
Sonuncu kərə Avqust ayında ümumi qan analizlərindən keçdim. Orda da hər hansı probem çıxmadı.
 
Kənd müəllimi işldiyimdən bəzən gündə kilometrlrlə yolu piyada qət etməli oluram. Bunun özü də bədəndəki bir çox neqativ enerji və və s.-dən azad olmağa imkan verir. Yay dövründə dəniz, qış dövründə ara-sıra idman məşqləri edirəm. Açığı desəm, bunları sırf sağlamlıqçün deyil, marağa edirəm. O qədər də sağlamlığımı düşünən biri deyiləm.
 

Düşünmürəm ki, tam olaraq sağlam həyat tərzi sürürəm. Bir kişinin sağlamlığını əlində bayraq etməsini sevmirəm. O qədər olub ki, xəstələnmişəm. Amma istəmirəm kimsə səhhətimə görə məni saytlarına versin, kimsə buna görə mükafat versin, kiminsə yazığı gəlsin. Mənə görə elə məşhurluq, yazıqlıq yaratmaqdansa, ölmək daha yaxşıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.