Maraqlı

Nitşe fəlsəfəsi - Qəlbə ötürülən elektrik şoku

17 İyun 2019 19:40
0 Şərh     Baxış: 3 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Con Kaaqın yeni möhtəşəm kitabı alman mütəfəkkirin fəlsəfəni gündəlik həyatın çətinliklərinə tətbiq etməsi barədədir.

Fəlsəfənin dinc həyata aparan bələdçi olması fikri fəlsəfənin özü qədər qədimdir. Müqəddəs Avqust IV əsrdə xoşbəxt həyatla bağlı yazdığı əsərində fəlsəfəni narahat qəlblər üçün "sığınacaq" adlandırırdı, VI əsrdə yaşamış romalı senator Botius edam olunmasını gözləyərkən, məşhur "Fəlsəfənin təsəllisi" adlı traktatını yazmışdı. Bu yaxınlarda isə "Fəlsəfi Tədqiqatlar" əsərində Lüdviq Vitgenşteyn fəlsəfənin məqsədinin həqiqət axtarmaqdansa, rahatlıq bəxş etmək, "qəfəsdən uçan quşun uçuş yolunu göstərmək" olduğunu söylədi. Vitgenşteynə görə, biz "təkcə bir fəlsəfi metod"la kifayətlənməməliyik, bizim çaşqınlıqlarımızı yoluna qoymaq üçün "əslində çoxlu metodlar və müxtəlif müalicə üsulları var".

Milli.Az bilge.az-a istinadən bildirir ki, Nitsşenin bunun əksinə, qarnı təsəllilərə toxuydu. Con Kaaqın yeni fəlsəfi memuarı "Nitsşe ilə gəzinti: Özün ola bilməyin haqda" kitabında bəhs etdiyi kimi,

alman mütəfəkkir "təlimat verməkdənsə, bizi dəhşətə gətirmək" istəyirdi.

"Özün ola bilmək" - Nitsşenin qədim yunan şairi Pindarın misralarından sitat gətirərək yazdığı diplom işinin epiqrafıdır. Konteksdən çıxarılanda, bu ifadə hansısa fərdi inkişaf kitabındakı bayağı söz yığını kimi görünə bilər. İnsan necə özü olmaya bilər axı? Dünyada bundan asan şey varmı? Lakin Pindarın bütöv sitatı daha çətin bir tapşırığı özündə ehtiva edir: "Öyrən və nəsənsə o ol".

Nitsşe inanırdı ki, əgər fəlsəfə terapiya kimi xidmət edə bilərsə, o ancaq qəlbə ötürüləcək elektrik şoku ola bilər.

Kaaq Massaçusets Universitetinin fəlsəfə departamentində çalışır. O, "birinci şəxsdən fəlsəfə" adlandırıla biləcək eksperimentinə (onun qəliz nəşrlər üçün yazılan quru mətn yox, "gündəlik həyata aid şeylər" kim xarakterizə etdiyi gərgin tədqiqat) 2016-cı ildə nəşr etdirdiyi "Amerikan fəlsəfəsi: Sevgi tarixçəsi" kitabıyla başlayıb. Kitabda romantika ilə elmi bir-biriylə qarışdırmaqla, Kaaq 20-ci əsrin zirvəsi olan fəlsəfi əsərlərdən ibarət şəxsi kitabxanasındakı təcrübəsinin özünü bədbəxt evliliyin pəncəsindən qurtarmaqla, indiki həyat yoldaşı filosof Kerol Meyin qollarına təslim etməsi ilə əlaqələndirib. Amma Kaaq və Hey kitabxanada təsəlli tapmayıblar. Bunun əvəzində, Ralf Valdo Emerson və praqmatist Uilyam Ceyms kimi transendalistlərə maraq salıblar. Kitablar boyunca səyahətdən sonra onlar bu qənaətə gəliblər ki, məhəbbət məlhəm olmaqdan daha çox bir çağırışdır (challenge).

"Nitsşe ilə gəzinti" əsərində isə Kaaq Nitsşenin evlilik idealını belə təsvir edir: bu, "uzun və axmaq bir yola düşməkdənsə, iki nəfərin iki nəfərdən daha üstün olan bir nəfəri yaratmaq iradəsi" kimi bir birliyi təcəssüm etdirir.

Kaaqın sonuncu işi fəlsəfəni öz köhnə yerinə qoymağa, onu gündəlik həyatın çətin təcrübələrinə tətbiq etməyə cəhd edir. "Nitsşe ilə gəzinti" müasir həyatın iki bir-biriylə əlaqəli, amma tamamilə fərqli (Kaaqın və Nitsşenin) yönlərini tədqiq edir. Kaaq dekadens fikrindən riqqətə gəlir - Nitsşe ilk dəfə bunu "Faciənin doğuşu"nda irəli sürmüş, sonra da bu fikir onun sonrakı bütün karyerasını əhatə etmişdi: "Ola bilərmi ki, əziyyət hədsiz bolluqdan qaynaqlanır?", - o soruşurdu. "Ola bilərmi ki, sağlamlığın nevrozları deyə bir şey var?"

Kitabda bioqrafiyanı, intellektual tarixçəni və şəxsi esseni qarışdırmaqla, Kaaq bir-biriylə əlaqəli üç istiqamət seçib:

1. Nitsşenin yeniyetməlik dövründən adət-ənənəyə düşmən kəsilən orta-yaşlı insana doğru təkamülü

2. Özünün gəncliyində Alp dağlarında Nitsşenin ayaq izlərinin dalınca düşmək cəhdi

3. Və Kaaqın bu dəfə yetkin vaxtında Hey və özlərinin 3 yaşlı çağasıyla birlikdə öz ayaq izlərini izləmək cəhdi.

Nəticə təkcə Nitsşenin düşüncələrini izah edən bir təqdimatdan ibarət deyil. Əttökən adına baxmayaraq, Kaaqın kitabı həm də bunu təsdiq edir ki, fəlsəfə ağıllılığın sıxıcılığına qarşı zərdab rolunu oynayarkən çiçəklənir.

Nitsşe 1844-cü ildə anadan olub, onun elə bir həyatı olub ki, müasir terapistlər və fərdi inkişaf kitabları belələrini düzəltməyə çalışırlar. O, tənha, yöndəmsiz bir gənc idi, Bonn və Leypsiq universitetlərində təhsil alan tələbələr arasında yayğın olan içki məclislərinə qurşanmaq istəsə də, cəhdləri qısaömürlü və həvəssiz olmuşdu. "Əslində, o pivəni sevmirdi, - Kaaq yazır: şirniyyatı sevirdi, bir də vəhşi kimi oxumağı".

Nitsşenin akademik karyerası bir sıra erkən və heyrətamiz uğurlarla yadda qalmışdı. 24 yaşında olarkən o, Bazel universitetində dərəcə almış ən gənc fakültə üzvü idi. Amma 28 yaşında filosof bir vunderkiddən nifrət obyektinə çevrildi, bunda onun "Faciənin doğuşu" (1872) kitabının çap olunmasının böyük payı vardı. Ənənəvi filoloji metoddan kəskin şəkildə uzaq olan bu fəlsəfi debüt inandırıcı şərhdən daha çox yaradıcı bir interpretasiya idi, bu da onun həmkarlarının qəzəbinə səbəb olmuşdu. Əsərdə iddia olunurdu ki, qədim Yunanıstanda hökmranlıq uğrunda iki estetik istiqamət yarışıb: bunlardan birincisi öz (self) və dünyanın sərhədlərini bəsit və qeyri-müəyyən olsa da, bir-birindən ayıran Dionis estetikası, digəri isə Apollon estetikası idi ki, sənəti gündəlik həyatın xaosuna qarşı alternativ rolunu oynayan rasional paradiqma kimi irəli sürürdü. Nitsşe bu iki qüvvənin bir-biriylə əlaqəli olduğunu bildirsə də (və o faciəni onları evləndirdiyinə görə göylərə qaldırırdı), özü daha çox Dionisə meylli idi, onun sonrakı həyatı və əsərləri də bunu sübut etdi.

Filoloqlar arasında "Faciənin doğuşu" əsərinə qarşı baş qaldıran düşmənçilik hissləri Nitsşenin akademik mədəniyyətlə arasının dəyməsinə səbəb oldu. 1879-cu ildə 34 yaşında olarkən sağlamlığının pisləşməsiylə o, Bazeldəki vəzifəsini tərk etdi, bundan sonra Alp dağlarında səyahətə çıxdı, növbəti 10 ildə isə xroniki baş ağrılarını müalicə etməklə məşğul oldu - bu, onun həyatında ən bədbəxt, lakin ən məhsuldar dövr idi. Nitsşenin yazıçı Lui Salomeyə olan ciddi məhəbbəti qəddarca geri çevrilmişdi, o, 3 dəfə evlilik təklifinə rədd cavabı almışdı. (Nitsşenin "tanıdığım ən ağıllı insan" kimi xarakterizə etdiyi Salomenin həsəd oyandıracaq məhəbbət macəraları olub, o təkcə Nitsşeyə yox, yazıçı Pol Riiyə da rədd cavabı verib, şair Reyner Mariya Rilke ilə isə uzunmüddətli münasibət yaşayıb).

1889-cu ildə Nitsşe onu 11 ildən sonrakı ölümünə qədər qarabaqara izləyən çöküş yaşadı: Turində olarkən o, ictimai məkanda atını qamçılayan adamın qarşısına çıxaraq, əlləriylə heyvanın boynunu qucaqladı, gözlərində yaşlarla yerə çökdü. Bu çöküşə qədər də onda müəyyən problemlər müşahidə olunurdu. Kaaq yazır ki, 1888-ci ildən etibarən Nitsşe "məktublarını "Dionis" adıyla imzalamağa başlamışdı", onun qidalanma ilə mürəkkəb münasibətləri vardı, bir sərt pəhrizi başqa birisi əvəz edirdi. Filosof çöküşün kabusları ilə boğuşan zaman onun amansız və sərgərdan həyatı əsrin sonunda Avropa burjuaziyasını qidalandıran mərhəmətli mənəviyyata qarşı çıxırdı.

19 yaşında olarkən, Kaaq da Nitsşenin müasir həyat tərzini ürəkağrıdan dərəcədə asanlaşdıran və səthiləşdirən toxluq barədəki fikirlərini bəyənib. Bazelə tədqiqat üçün gəldiyi səyahət zamanı o, ətrafındakıları görərkən sarsılıb: "Qatar stansiyası İsveçrə dəqiqliyində idi", küçələr isə "həddən artıq səliqəli, sakit və təvəzökar idi". O, tezliklə Bazel kitabxanasının tənha hücrələrində Nitsşeni mütaliə eləmək niyyətindən əl çəkib, bunun əvəzində isə öz fəlsəfi idealının Alp dağlarında etdiyi səyahətinin izinə düşüb, əvvəlcə "Splügenə, sonra Eygerin aşağılarındakı Qrindelvalda, sonra San Bernardinoya, Sils-Mariyaya və nəhayət, İtaliyanın şimal şəhərlərinə" səfər edib. O yazır ki, "məndəki süstlüyü aradan qaldıracaq nəsə bir şey axtarırdım, özümə yuxuda olmadığımı sübut etmək istəyirdim".

Kaaq soruşur: "Nitşse onu dağın zirvəsinə aparan egzistensial cəsarəti, yaxud itaətsizliyi haradan tapırdı?"

Səbəb yəqin ki, bu idi - o, sadəcə olaraq aşkarca kiminsə mənafeyinə naminə hərəkət etməkdən imtina etmişdi. Bu cür rəddən sonra isə insanın həyatına bir məmnuniyyət gəlir, hətta ən oturuşmuş adam belə bu məmnunluğu hiss edir.

Kaaq Nitsşenin yolu ilə irəlilədikcə həyatındakı imtinaları elə çoxalıb ki, axırda onda başgicəllənmə yaranıb. Nəhayət o, yumşalıb, özünü lüks bir otelə bir təhər çatdıranda, sağlamlığa zərərli bol bir yemək sifariş verib.

Onun imtinası radikal idi, bir mənada buna Nitsşean da demək olardı: "O bir ovsundur ki, bizim mənafeyimiz üçün döyüşür, Veneranın gözüdür ki, hətta düşmənlərimizi ovsunlayır və kor edir, o, ekstrimin magiyasıdır, ekstrim təcrübələr edənlər üçün bir ehtirasdır", - Nitsşe "Hakimiyyət əzmində" yazırdı, çoxlarının şahəsər saydığı bu kitab onun ölümündən sonra nəşr edilib.

Bu heyrətamiz və dəliqanlı təxribat onun ad çıxarmış üslubunun və dərslərinin nüvəsidir.

Xoşbəxtlikdən Kaaq Nitsşenin bəzi radikal fikirlərindəki çiy və ərgənvari mahiyyətdən xəbərdar idi, o, etiraf edir ki, vurğun olduğu qəhrəman bəzən "tamamilə dözülməz" olur. Bununla belə, onun immuniteti Dionis ekstremallığına tamamilə müqavimət göstərə bilmir. İsveçrə şəhəri Sils-Mariyaya özünün ilk səfərindən 18 il sonra, onun indiki kamilliyindən həm xoşu gəlir, həm də onu lənətləyir. Kaaq özünün ailə fotosuna baxıb gülümsəyir, üzündəki əndişəli gülüşlə artıq tənbəlləşmiş "ev heyvanına" çevrildiyini deyir. Buna necə müqavimət göstərmək olar? Tənha gəzintisindən sonra, geriyə ailəsinin yanına qayıdarkən o belə deyir: "Ola bilsin, zəvvar çətinliklə üzləşərkən deyil, o nadir anda - evdəki rahatlığı qəbul etməyi öyrənəndə qələbə çalır". Bu qeyri-Nitsşean bir dərs kimi səslənir, Kaaqın klişeləri bizi belə düşünməyə vadar edə bilər: deyəsən, o, Vitgenşteynin görüşünü qəbul edir.

Amma Kaaqın dediyinə görə, o, ekstrimin əlamətlərinin özünün zahirən stabil görünən həyatına tətbiq etməkdə qərarlıdır. Amerikaya qayıtdığı zaman o, konsumerist, komformist dünyamızın dekadent şərtlərindən özümüzü necə uzaqlaşdıra biləcəyimiz barədəki konsepsiyasını dəyişib. Onun gəncliyində nəzərdən qaçırdığı məsələ bu imiş ki, Nitsşe çətinliyi çətinlik xatirinə tövsiyyə etməyib. Nitsşe yaradıcılığı boyunca təşbehli diliylə hədsiz ziddiyətli görünsə də, birmənalı şəkildə sağlamlığın tərəfində durub - amma sağlamlıq, - o vurğulayırdı, - zövqlə sinonimlik mahiyyəti daşımır. Tam əksinə, sağlamlıq güclü vücuda imkan verən sınaqlar tələb edir. "Hakimiyyət əzmi"ndə o yazırdı:

"Özümə yaxın bildiyim insanlara mən əzab, tənhalıq, xəstəlik, ağrı və həqarət arzu edirəm, arzu edirəm ki, onlar hərtərəfli özünənifrətdən, özünəinamsılığın əziyyətlərindən, məğlubiyyətin pərişanlığından məhrum olmasınlar: mənim onlara rəhmim gəlmir, çünki mən bu gün onlara dözmək qabiliyyətinə malik olub-olmadıqlarını sübut edəcək bir şeyi arzu edirəm".

Nitsşenin - öz əzabımıza sevinməli olduğumuzu, çünki ən həlim insanın belə həyatının bir parçası olan çətinlikdən qurtula biləriksə, əzabdan da qurtula bilərik - öyüdünü etdiyini anlamaq üçün Kaaq iki dəfə Alplara səfər etməli olub. Kaaq indi bu qənaətə gəlib ki, həyatın məqsədi özünü fəda etməyi bayram etmək yox, çətinliklə üzləşməkdir. "Öz (self) passivcə uzanaraq bizim onu kəşf eləməyimizi gözləmir. Öz fəal, davamlı prosesdir, Alman dilində bu söz "werden" (olmaq) feilindən yaranıb", - Kaaq yazır.

Əlbəttə, Kaaq üçün həyat davam edir, o, toxluğun ona etdiyi təhdidləri sezə bilir: "Tədris proqramları əsaslı şəkildə yazılıb. Konfranslar diqqətli şəkildə təşkil olunub. Hamamlar vaxsvasılıqla təmizlənib". Amma Kaaq yenə də israr edir ki, "insan əzab çəkməli, qaranlığa düçar olmalı, yaşamazdan əvvəl paramparça olmalıdır. Bu, həyatdan qaçış, yaxud bir tənəffüs deyil, bu həyatın gerçəkliyidir". Kaaq indi özünün gənclik dramlarına nisbətdə yetkinləşmiş ola bilər, amma o, hələ də fəlsəfənin onun belini yerə vurmasına icazə verir. Fəlsəfə bir dəfə onu Alpların uçurumuna, aclığın sərhədinə qədər aparıb. Fəlsəfə bir dəfə onun evliliyini sonlandıraraq, digərinə ilham verib. Amma fəlsəfə bizi sağaltmaqda davam edir və bunu bizə özümüzü yaxşı hiss etdirməklə yox, bizi insan kimi təkmilləşdirməklə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.