Maraqlı

Şeytanın müəllimi - Nəyə görə Makiavelli hələ də aktualdır?

18 May 2019 20:25
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beş yüz il əvvəl, 1513-cü ilin dekabrın 10-da Nikkolo Makiavelli dostu Françesko Vettoriyə yazdığı məktubda yerli fermerlərlə müzakirələr və axşam yeməyi üçün quş tələsi qurmaqla keçən gününü təsvir edirdi. Bu tipik məktubu bir vaxtlar Florensiya respublikasının yüksək rəsmisi kimi geydiyi qiyafələri palçıq bulaşmış paltarlara dəyişən qeyri-tipik yazıçı yazmışdı.

Milli.Az bilge.az-a istinadən bildirir ki, məktubun sonlarına doğru Makiavelli siyasətdən yazdığı "kiçik iş" barədə ilk dəfə eyham vururdu. Bu kiçik iş əlbəttə, "Şahzadə" idi.

"Şahzadə" əsəri ilə bağlı ən heyrətamiz cəhətlərdən biri təkcə Makiavellinin nə yazması deyil, nə yazmağa qadir olması idi. O, cəmi 10 ay əvvəl "strappado"ya məruz qalmışdı: əlləri arxadan bağlanmaqla tavandan asılmış və dəfələrlə döşəməyə çırpılmışdı.

Həmin vaxt o, doğma şəhərinin müdafiəsi və xarici siyasət tapşırıqlarını yerinə yetirirdi, Mediçi ailəsi hakimiyyətə qayıtdıqdan sonra isə idarədən çölə atıldı. Sonra yeni hakimlər onun onlara qarşı işlədiyindən şübhələndilər və deyəcəklərini eşitmək istədilər. Makiavelli bircə kəlmə də deməməklə qürurunu qorudu.

Bəlkə də, o, sözlərini ona işgəncə verməyi əmr etmiş ailənin üzvü Lorenzo de Mediçiyə həsr edəcəyi "Şahzadə" əsəri üçün saxlamışdı. Bu kitabda Makiavelli Lorenzoya inandırmaq istəyirdi ki, o, siyasətdə təcrübəsi olan bir dostdur və əntiq dövr barəsində bilikləri onu qiymətsiz bir məsləhətçi edib.

Lorenzonun kitabı oxumaq əziyyətinə qatlaşıb-qatlaşmadığını tarix bizə demir. Amma o, oxusaydı, gələcək dostundan öyrənərdi ki, siyasətdə faktiki olaraq dostluq yoxdur.

"Şahzadə" zəfər qazanmaq və hakimiyyətdə qalmağı arzulayanlardan ötrü bələdçidir. Renessans bu cür "necə etməli" bələdçiləriylə dolu idi olmağına, amma Makiavelli fərqli idi. O, əmin olmaq üçün şahzadəyə düşmənlərinə qarşı necə hərəkət etməli, müharibədə gücdən və saxtakarlıqdan necə yararlanmalı olduğunu nəsihət edirdi. Amma onun əsl yeniliyi bu idi: biz dostlarımız haqqında necə düşünməliyik? Kitabın nüvəsində bu məsələyə həsr olunmuş parçada Makiavelli öz orijinallığını göstərir.

Siyasət haqqındakı təsəvvürlərinizi bir kənara qoyun, Makiavelli yazır və əvəzində işlərin əslində necə getdiyi həqiqətinə, yaxud onun "təsirli həqiqət" adlandırdığı şeyə doğru irəliləyin. O zaman görəcəksiniz ki, siyasətdə evdə də, çöldə də müttəfiqlər dost deyillər.

Bəlkə də bəziləri fərqləndirmədən çaş-baş qalmışdılar, çünki hər iki qavramı ifadə etmək üçün italyancada bir sözdən istifadə olunur: "amici". Makiavelli müttəfiqlərin dostlar olduğunu fikirləşənlərə xəbərdarlıq edir, bu dostluğun yaşayacağındansa, dağılacağına əmin edir. Bəlkə də həm hökumət daxilindəki, həm də xaricindəki müasir amerikalılardan fərqli olaraq, bu uzaqgörənliyə tələbələrin ehtiyacı yoxdur və çox az ehtimalla bunu qəbul etsinlər. Amma Makiavellinin ifşa etməyə çalışdığı əxlaqçı siyasətçilər kimi biz də hələ də inanırıq ki, lider dəyər daşıyıcısı, səxavətli və mərhəmətli, səmimi və inanclı olmalıdır.

Makiavelli öyrədir ki, bir çox pisliklərin mövcud olduğu dünyada sən də pis olmağı bacarmağı öyrənməlisən. Bizim dünyəvi və dini məktəblərimizdə öyrədilən dəyərlər eyni təsisatların mühafizəsi üçün həyata keçirilən təcrübələrlə uzlaşmır, düzdür. Amma aslanın gücü və tülkünün ağlı: budur, respublikanı qorumaq üçün liderə lazım olan keyfiyyətlər.

Belə bir lider bilir müttəfiqlər yalnız o zaman dostluq edirlər ki, bu dostluq onların mənafelərinə uyğun gəlir. Makieavellinin öyrətdiyi daha bir dərsə görə, liderlər bəzən təkcə öz yoldaşlarında deyil, hətta müttəfiqlərində və öz köməkçilərində belə qorxu hissi yaratmalıdırlar.

Prezident Obamanın səhiyyə sistemindənki fiaskoya görə üzr istəməsini görsəydi, Makiavelli nə düşünərdi? Deyərdi o hörmət qazanmaqdansa, daha çox nifrətə tuş gəldi. Makiavellinin örnək göstərdiyi sevimli şəxsiyyətlərindən olan Sezar Borgia başların bəzən dığırlanmalı olduğunu dərk eləmişdi. (Makiavelli Borgianın nümunəsində bunu yetərincə hərfi mənada nəzərdə tutub, özü isə bədənlərin hissələrə bölünməsini və ictimai meydanda buraxılmasını üstün tuturdu.)

Makiavelli uzun müddət şeytanın müəllimi adlandırılıb. Amma "Şahzadə"nin müəllifi şeytanı şeytanlığın naminə rəhbər tutmayıb. Liderin əsas məqsədi dövləti qorumaqdır (təsadüfən öz işini saxlamaq yox). Siyasət elə bir meydandır ki, dəyər dalınca qaçmaq dövləti məhv edə bilər, müdrikliyin dalınca qaçmaq isə təhlükəsizlik və rifahla nəticələnər. Qısaca, seçimlər heç vaxt asan olmur, ehtiyatlılıq isə üzləşdiyin çətin qərarların keyfiyyətini müəyyənləşdirməyi bilmək və pislər arasından ən yaxşıyla nəticələnəcək ən az pis olanı seçməkdir.

Bizlərin arasında dünyanı Mani kimi görməsə də, ən azından Hollivud filmi kimi görənlər belə iddialardan dəhşətə gələ bilərlər. Ola bilsin, belə etməkdə haqlıdırlar da, amma mühüm məsələləri əldən buraxsaq səhvə yol vermiş olarıq. Əgər Makiavellinin siyasətdə dostlar və müttəfiqlər barədəki dərsləri narahatlıq yaradırsa, səbəbi budur ki, bu dərslər bizim dini əqidələrimiz və əxlaqi ehkamlarımızla uzlaşmır. Hərçənd əslində bunun özü onun niyə indiki dövrdə olduğu kimi öz dövründə də nifrətəlayiq birisi hesab edilsə də, hörmətə layiq görüldüyünü izah edir.

John T. Scott və Robert Zaretsky

"New Yorker" jurnalı, 2013

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.