Maraqlı

Özümüz üçün düşünmək

18 May 2019 23:05
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az yarpaq.az-a istinadən Alain de Bottonun yazısını təqdim edir
 

Sokrat bizə təkcə başqalarının fikirlərinin xətalı olacağını göstərməklə qalmır, həm də nəyin doğru olduğuna özümüz qərar verək deyə, bəsit bir düşünüş metodu da təklif edir. Çox az sayda filosof düşünərək yaşamağa başlamaq üçün bu qədər az şeyə ehtiyac olduğunu düşünür.

Sokrata görə düşünərək yaşamaq üçün illər boyunca təhsil almağa və aşırı dərəcədə boş zamana sahib olmağımıza gərək yoxdur. Bəlli bir mövzuya qarşı maraq duyan, zehnindəki daşları yerli-yerində nizamlamış və ağlauyğun olduğu iddia edilən bir düşüncəni gözdən keçirmək istəyən hər kəs, Sokratın bu metodunu tətbiq edərək, küçədə yeriyərkən bir dostuyla həmin mövzuda söhbətə başlayıb, yarım saatdan da qısa bir zaman içindəcə bir ya da iki təsirli, məntiqli qənaət əldə edə bilər.

Sokratın, hər kəs tərəfindən doğru hesab olunan ideyaları sorğulamaq metoduna, Platonun qələmə aldığı dialoqlarda rast gələ bilərik. Bu metodun əsas xüsusiyyəti dialoq boyunca tutarlı mərhələlərlə irəliləməkdir və əslində bu metodu, yemək reseptlərinə və bələdçi kitablara xas olan bəsit dillə rahat şəkildə ifadə edərək, hər kəsin bizdən qəbul etməyimizi istədiyi və daxilən qarşı çıxmaq istədiyimiz düşüncələri yanlışlamaq üçün tətbiq edə bilərik. Bunu həyata keçirərkən filosofa qarşı haqsızlıq etdiyimizi düşünməyimizə gərək yoxdur. Bu metoda görə, bir ifadənin, ideyanın doğru olub-olmadığını anlamaq üçün, bu ifadənin əksəriyyət tərəfindən qəbul edilib-edilmədiyinə ya da önəmli insanlar tərəfindən uzun müddət boyunca mənimsənmiş, təsdiqlənmiş olub-olmadığına diqqət etməyimizə gərək yoxdur. Doğru ifadə - məntiqi ziddiyyətə yol açmayan ifadədir. Əgər əksini isbatlamaq mümkün deyilsə, bir ifadə doğru qəbul edilir. Əgər əksi isbatlana bilərsə, bu ifadəylə irəli sürülən bir dünyagörüşə inananların say çoxluğuna rəğmən, ifadə yanlış olacaq və onunla bağlı şübhəyə qapılmaqla haqlı davranmış olacağıq.

Sokratın düşünmə metoduna dair bir örnək:

1. Ortaq ağla uyğun olan, əksəriyyət tərəfindən doğru sayılan hər hansı bir yanaşmanı ifadə edən ideya seçin. Örnəyi:

Cəsarət savaş zamanı geri çəkilməməkdir.
Ərdəmli olmaq üçün zəngin olmağa gərək var.

2. Bu fikirləri söyləyən insanın özgüvənini və dediyi sözlərin doğruluğuna duyduğu qəti inamı bir müddətlik kənara qoyun və bu fikirlərin yanlış olduğunu fərz edin. Və bu fikirlərin doğru sayılmayacağı durumlar, hallar ya da kontekstlər tapmağa çalışın və sorğulayın.

Örnəyi:
Bir insan savaş zamanı geri çəkilməsinə rəğmən cəsur ola bilərmi?
Bir insan savaş meydanını tərk etməməsinə rəğmən cəsarətsiz ola bilərmi?
Bir insan pulu olduğu halda ərdəmsiz ola bilərmi?
Bir insan pulsuz olduğu halda ərdəmli ola bilərmi?

3. Əgər bu sorğulama əsasında hər hansı bir istisna hal tapa bilsəniz, demək ki, bu fikirlərdə yanlışlıq ya da ən azından əskiklik var.

Deməli:
Bir insanın, cəsur olduğu halda savaş meydanından geri çəkilməsi mümkündür.
Bir insanın, savaş meydanından geri çəkilmədiyi halda cəsarətsiz olması da mümkündür.
Bir insanın, pulu olduğu halda saxtakarın ən pisi olması mümkündür.
Bir insanın, pulsuz olduğu halda ərdəmli olması da mümkündür.

4. İndi isə, əvvəldə istifadə etdiyiniz fikirlərə nüanslar əlavə etməli və bu ifadələri, özündə istisnaları da ehtiva edəcək biçimdə formalaşdırmalısınız.

Örnəyi:
Bir insan, savaş zamanı həm irəliləyərək, həm də geri çəkilərək cəsarət göstərə bilər.
Pulu olanlar, ancaq bu pulu ərdəmli yollarla qazanacaqları təqdirdə ərdəmli hesab oluna bilərlər. Pulu olmayanlarsa, əgər ərdəmli ola-ola pul qazanmağın mümkün olmadığı şərtlər altında yaşayırlarsa və ərdəmli qalmağı seçirlərsə, deməli həqiqətən ərdəmlidilər.

5. Əgər təkmilləşdirdiyiniz ifadələrlə bağlı başqa istisnalar da tapsanız, düşünüş prosesini yeniləyin. Əksini isbat edə bilməyəcəyimiz ifadələr doğru ifadələrdi; əlbəttə, əgər insan övladının bu cür bir həqiqətə yetməsi mümkündüsə..Fəqət insan, bir ideyanın və nəsnənin məhz nə olmadığını dərk etməklə, onun nə olduğunu bildirəcək dolğun bilgiyə yaxınlaşa bilər.

6. Aristofanın örtük altından ifadə etmək istədikləri nə olarsa olsun, düşüncənin qənaətləri, sezginin qənaətlərindən daha üstündür.

Əlbəttə, fəlsəfəylə məşğul olmadan da doğru qənaətlərə çatmaq mümkündü. Sokratın metodunu tətbiq etməsək də, pulsuz insanların həm pul qazanıb, həm ərdəmli qalmağın mümkün olmadığı şərtlər altında ərdəmli qalmağı seçdikləri üçün ərdəmli insanlar olduqlarının ya da bir insanın savaş meydanından geri çəkilməsinə rəğmən cəsur olduğunun fərqinə vara bilərik. Ancaq o zaman da, bəlkə də bizimlə eyni fikirdə olmayanlara necə cavab verməyi bacarmarıq. Və nəticədə, çevrələri üzərində nüfuz sahibi olan insanlar da ərdəmli olmaq üçün pulun qəti şəkildə zəruri olduğu ya da savaşda geri çəkilən insanların feminin olduğu barədə israr edib bizi susdurarlar. Bizə güc qazandıracaq əks-arqumentlərdən (örnəyi, Plateya savaşı yaxud əxlaqı baxımdan çökmüş bir cəmiyyətin zənginliyi) məhrumuqsa, boynumuzu bükərək "Məncə, mən haqlıyam" deməkdən başqa çarəmiz olmaz. Təbii, gözlənildiyi kimi haqlı olduğumuzu da əsla sübut edə bilmərik.

Sokrata görə, bir insan, zehnindəki düşüncənin doğru olduğunu düşünürsə, lakin həmin düşüncəyə qarşı irəli sürülən etirazlara məntiqli şəkildə cavab verəcək şüurdan məhrumdusa, bu insanın düşüncəsi "doğru rəydir". Sokrat bilgini "doğru rəydən"dən üstün tutur. Çünki, bilgi sahibi olmaq təkcə bir nəsnə və ideyanın nə üçün doğru olduğunu bilmək deyil, eyni zamanda da digər ideya variantlarının, yanaşmaların nə üçün yanlış olduğunu da bilmək deməkdir. Filosof doğruların bu iki biçimini böyük heykəltaraş Dadalusun gözəl heykəllərindən örnək göstərərək açıqlayır. İntuisiya yoluyla əldə edilən doğrular, pyedestal üzərinə hər hansı bir dəstək istifadə etmədən oturdulmuş heykələ bənzəyir. Sərt əsən külək bu heykəlin aşmasına səbəb ola bilər. Ancaq əldə etdiyimiz qənaətin səbəblərini və ona qarşı söylənəcək arqumentləri bilsək, bu doğru rəyi dəstəkləyib onu daha da gücləndirmiş olarıq. O zaman bu doğru mövqe tellərin köməkliyilə yerə bağlanıb, sabitlənmiş heykələ bənzəyəcək. Qısacası, Sokratın düşünmə metodu sayəsində biz də öz düşüncələrimizi yaradıb irəli sürə bilər, fırtınayla qarşılaşsaq belə, özümüzü güvən içində hiss edə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.