Maraqlı

“Ümmi” nə deməkdir?

6 Oktyabr 2018 20:45
0 Şərh     Baxış: 2 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərəb dilində "ümm" ana deməkdir. "Ümmi" sözünü "anadangəlmə" mənasında izah edirlər. Yazıb-oxumaq bilməyən adama da ərəblər "ümmi" deyirlər. Çünki yazıb-oxumaq sonradan əldə olunan (kəsb edilən) bir bacarıqdır və heç bir insan doğulanda (anadangəlmə) bunu bacarmır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimdə "ümmi" kəlməsi Həzrət Mühəmməd Peyğəmbərə (s) aid edilib (Əraf, 157).

Bir çox təfsirlərdə Peyğəmbərin "ümmi" adlandırılmasının səbəbini o həzrətin yazıb-oxumaq bilməməsi ilə əlaqələndirirlər. Peyğəmbərlik verilməzdən əvvəl Həzrət Mühəmmədin (s) yazıb-oxumaq bacarmadığı inkaredilməz faktdır (Ənkəbut, 48). Lakin peyğəmbərlik verildikdən sonra o həzrətin yazıb-oxumağı bacarıb-bacarmaması barədə İslam alimləri fikir ayrılığına malikdirlər. Əksəriyyət o həzrətin yazıb-oxumaq bacarmadığına inansa da, bunun əksini iddia edənlər də var. Əksər mənbələrdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) özü yazıb-oxumurdu, vəhylə aldığı ayələri katiblərə diqtə edərək yazdırırdı. Amma Peyğəmbərin yazıb-oxumaması onun üçün nöqsan yox, əksinə, üstünlükdkr. Çünki bu fakt o həzrətin öz elmini heç bir müəllimdən və kitabdan deyil, yalnız Allahdan aldığını bir daha sübuta yetirir. Allahın Rəsulu bütün yazıb-oxuyanlardan daha elmli idi.

Bəzi tədqiqatçılar Həzrət Mühəmməd Peyğəmbərə (s) "ümmi" deyilməsinin səbəbini onun Məkkə şəhərindən olması ilə əlaqələndirirlər. Məkkə "ümmül-qüra" (şəhərlərin anası, əsası) adı ilə tanınırdı. Peyğəmbərimiz məkkəli olduğu üçün Allah onu "ümmi", yəni "ümmül-qüraya mənsub" adlandırıb. Bəziləri isə "ümmət" kəlməsini əsas tutaraq söyləyirlər ki, ümmi "ümmətə mənsub olan" deməkdir (ümmi peyğəmbər, yəni ümmətin peyğəmbəri).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.