Maraqlı

Natamamlıq kompleksi ilə necə mübarizə aparmaq?

9 Avqust 2018 22:10
7 Şərh     Baxış: 134 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəşər övladı dinamik bir varlıq olaraq müxtəlif xislətlərə, rəngarəng xüsusiyyətlərə malikdir. Məsələn, insanların bir çoxu adətən özlərinin bacarıqlarını, istedadlarını ifrat dərəcədə yüksək bilib, buna arxayın olub, bəzən özlərini həll edilməsi müşkül olan çətin-çətin problemlərə salırlar. Bir çoxları isə əksinə, özlərində olan bacarıq və istedadlarına az qiymət verərək, hətta bacara biləcəkləri işlərdən də boyun qaçırırlar. Hər iki xüsusiyyət, təbii ki, ilahi həmahəngliyi, uyğunluğu pozmuş olur.

Belə başa düşülür ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür.

Fiziki büruzə aspekti

Milli.Az deyerler.org-a istinadən bildirir ki, istedadların büruzə edilməsi baxımından dinimizin və eyni zamanda, normal sosiumun da tələbləri insana iki formatda istedadın olmasını istəyir:

- üzə çıxarılmalı (faş edilməli) istedadlar;

- üzə çıxarılmamalı (faş edilməməli) istedadlar.

Üzə çıxarılmalı istedadlar elə istedadlardır ki, onların cəmiyyət üçün ümumi mənəvi, əqli və ictimai inkişaf üçün əhəmiyyəti vardır. Məsələn, birisinin gözəl müəllimlik bacarığı vardır. Belə adamın öz bacarığını gizlətməsi heç də yaxşı məsələ deyildir. Çünki, bütün zamanlarda və dövranlarda yaxşı müəllimə böyük ehtiyac olmuşdur. Xüsusən da bizim ölkədə. Eyni məsələ tərcüməçi, yazıçı, hansısa bir əqli və texniki işin ustası olmaq istedadlarına aiddir. Aydın məsələdir ki, bütün bu bacarıqların tətbiqi ümumi cəmiyyətin inkişafına təkan verə bilir.

Bəlli edilməməli istedadlar isə bir qayda olaraq konkret bir fərdə aid olur və praktiki olaraq, heç bir ictimai yük daşımır. Məsələn, insanın hansısa fiziki üstünlüyü və ya gözəlliyi istedadı. Belə istedadların qabardılması, gözə soxulması bir qayda olaraq təkəbbürə, özünü başqalarından üstün bilməyə gətirib çıxarır. Təbii ki, bu qəbildən olan istedadların ictimai lazımlılıq yükü sıfıra yaxındır, hətta cəmiyyətin müəyyən mənada deqradasiyasında da rol oynaya bilər.

Təbii ki, idmançılar üçün və digər bu qəbildən olan insanlar üçün fiziki üstünlükləri üzə çıxarmaq - məqbul və hətta, lazımlı mövzudur. Amma diqqət etmək gərəkdir ki, bütün bunlar təvazökarlığın dəqiq platformasında həyata keçirilsin.

Psixoloji aspekt

İstedadların olub-olmaması, onlardan düzgün istifadə edilib-edilməməsi baxımından isə psixoloji aspektdən yanaşmağa çalışaq.

Mütəxəssislərin fikrincə, insanın bir neçə bəlli psixoloji durumu vardır. Bu psixoloji durumların da hər biri müəyyən dərinlikli və qalınlıqlı köklərə malikdir. Elə köklər də vardır ki, insanın həyatının ağlıkəsən dövrlərindən son günlərinə qədər onunla olur.

Belə köklərdən biri - özünə əminlik və digəri isə natamamlıq kompleksidir.

İnsanın özünə əminliyi, öz qüvvələrinə olan inamı - onun nailiyyətlərə çatmağının əsasını təşkil edən amillərdən biridir. Qurani-Kərimdə də insanın özünə güvənməsi, öz istedadlarına inanması məsələsinə diqqət verilir. Çünki, insan öz qüvvəsinə əmin olmasa, ona Quran təbirində olan yük verilməz. Çünki, Allah insana götürə bilmədiyi yükü vermir. Yəni Allah insana həmin verəcəyi yükü aparmaq üçün bir istedad da, bir güc də vermişdir. Bəlkə də, Allahın verdiyi yük dedikdə, - insanın şəri, sosioloji, əxlaqi, tərbiyəvi, elmi və sairə bu kimi Allahın və cəmiyyətin qarşısında olan təhəddüdləri nəzərdə tutulur.

Şeytan (lən) isə istəyir ki, insan öz qüvvələrində, öz istedadlarında məyus olsun ki, Allahın ona verdiyi yükü apara bilməsin. Yəni Allahın ondan istədiklərini yerinə yetirməsin və nəticə olaraq - bədbəxt olsun.

Nemətlərə küfr etmək

İnsanın öz istedadlarına inanmaması, yəni faktiki olaraq vəsvəsə eləməsi - insanı mənəvi cəhətcə silahsızlaşdıran, zəiflədən amillərdən biridir. Belə ki, uzun müddət davam edən vəsvəsə nəhayətdə insanı yorur, naümid edir və reallıqda mərhələli şəkildə dindən çıxarmağa yönəldir. Bu zaman həmin vəsvəsəyə düçar olmuş adam düşünür ki, onsuz da məndən salamat və xeyirli bir insan, fərli bir adam çıxmayacaq. "Onsuz da heç nəyin mənası yoxdur və mənimki də yəqin belə gəlib"  - deyə düşünür. Bu halətlə insanda ümidsizlik toxumları səpilir və bu toxumlar yavaş-yavaş cücərir. Nəhayətdə insan dərin bir apatiyaya, bədbinliyə, heç kimə lazım olmamağa yuvarlanmış olur. Bu halət geniş yaylmış mənada "natamamlıq kompleksi" adını almışdır.

Beləliklə, bir qayda olaraq hamı tərəfindən "natamamlıq kompleksi" kimi adlandırılan anlamı, əslində Allahın verdiyi, əta etdiyi nemətlərə küfrandan (küfr etməkdən) başqa bir şey kimi qəbul etməməliyik.

İnsanın öz qüvvələrinə, öz istedadlarına xor baxması, bacarıqlarına (bacara biləcəklərinə) inanmaması və bütün bunların nəticəsi olaraq da bu istedad və bacarıqların büruzə olunmasına maneə yaratması - elə bir psixoloji durumdur ki, insanı daima şeytanın (lən) fəaliyyət orbitində fırlanmasını labüd edir. Bu orbitdə olduqda isə insanın qarşısına çıxan hər bir kiçicik maneə belə, onun daxilində həmən o natamamlıq kompleksinin mexanizmini işə salır. Və insanda elə təəssürat oyanır ki, onda heç nə alınmayacaq, o, heç kimə lazım deyil, o, hər nə eləsə də, uğursuzluğa düçar olacaqdır. Bu da nəhayətdə insanda umidsizliyin (ki, özlüyündə böyük günahlardandır) və özünə olan istedadlara inamsızlığın əsasını qoyur.

Nəhayət, bu iki əyri "keyfiyyət" - ümidsizlik ki, onsuz da heç nə alınmayacaq və istedadlara inamsızlıq ki, hətta alınsa da belə məndə elə bacarıq yoxdur ki, onu həyata keçirim - bir-birini tamamlayaraq bütöv bir ayrılmazlıq kompleksi yaradır. Bu kompleks daima şeytan (lən) tərəfindən aylarla, illərlə müxtəlif üsullar və yollarla bəslənir, böyüdülür, təşviq edilir. Sonda bütün bu vəsvəsələr ona gətirib çıxarır ki, insan tamamilə məyus və islaholunmaz bir duruma çatır. Və demək dünyaya gəlmək missiyasına, fəlsəfəsinə tamamilə əks olan bir yola qədəm qoymuş olur.

Bəs bu halda, nə etməli? Vəziyyətdən necə çıxmalı?

Əvvəla, insan inanmalıdır ki, Allah ona ali məqsədlərə çatmaq üçün bütün imkanları və potensialları vermişdir.

İkincisi, həmin məqsədlərə çatmaq yolunda qarşıya çıxan maneə və çətinliklərin özünə də Allahın ona olan məhəbbətinin bir təzahürü kimi baxmalıdır. Bilməli, inanmalıdır ki, səadət yalnız çətinliklərin sonunda mümkündür. Bu xüsusda, Əmirəlmöminin İmam Əlinin (ə) bir buyuruşu yada düşür: "Xoşbəxtliyin yolu çətinliklərdən keçir".

Üçüncüsü, yolda olan maneələri adlamaq mümkün olmadıqda isə, buna da iradə və əzmin daha da möhkəmləndirilməsi üçün bir vasitə kimi baxmalıdır. Əmin olmaq lazımdır ki, Allah insana pisliyi rəva bilməz və hər hansı bir çətinlik - ya daha üstün səviyyəyəyə keçmək üçün imtahan, ya da ki, hansısa xəta üçün islah səbəbindəndir.

Dördüncüsü, özünə deməlidir ki, mən də mərhələli şəkildə vəsvəsəyə qalib gələrəm. Məsələn, işlərimi hansısa müəyyən sistemə salaram, bu sistem daxilində həyatımı quraram və s. bu kimi. Belə-belə planlı, nizamlı və sistemlı şəkildə şeytanı məyus etməlidir.

Nemətlərə şükür etmək

Allahın verdiyi nemətlərə (o cümlədən, müxtəlif bacarıqlara, istedadlara, imtahanlara, çətinliklərə və s.) hüsnü-zənlə yanaşmaq lazımdır. Yəni, insan əmin olmalıdır ki, Allah Təala maneə və çətinlikləri ona görə verir ki, çünki məni sevir. İstəyir ki, ruhum, iradəm möhkəmlənsin, islah olunsun. Maneə və çətinliklər isə insanda potensial şəkildə yatmış (dondurulmuş) istedadlarının açılması üçündür.

Və bəzən, insana keçilməz gələn çətinliklərlə rastlaşanda isə o, dualara müraciət edir. Bəlli olduğu kimi də Allahın dua edən, əlini Onun dərgahına doğru uzadan insandan xoşu gəlir. Quran ayəsində də deyildiyi kimi: "Həqiqətən də Allah duaları eşidən və qəbul edəndir".

Nemətlərə şükür etmək - dillə olur, qəlblə olur - bu, öz yerində. Amma, Əhli-Beytin (ə) buyuruşu ilə desək, ən əsası - nemət verənin, həmin neməti Onun istədiyi yerdə istifadə etməsi ilə səciyyələnir. Beləliklə, insan, ona verilən istedadları, Allah bəyənən yerdə istifadə etdikdə və Allah bəyənməyən yerdə istifadə etmədikdə - həqiqi şükrü etmiş olur.

Burada bir başqa mühüm məqamı da qeyd etmək lazımdır.

İnsanın öz qüvvəsinə, öz bacarıqlarına, öz istedadlarına ifrat inamı yarana bilər. Bu da pisdir. Çünki, sonda belə inamın təkəbbürə keçmək ehtimalı böyükdür. Qarşıya çıxan və ağır görünən maneə və çətinliklər səbəbilə edilən dualar isə insanda yarana biləcək ifrat özünəinam hissini sanki balanslaşdırır, bərabərləşdirir. Sanki insanın yadına salır ki, o, bir ehtiyaclı varlıqdır, hər şeyin sahibi isə Allahdır. Gücü də, qüdrəti də, bacara bildiyinin həyata keçirilməsini də Ondan istəmək lazımdır.

Demək, burada da məsələyə iki tərəfdən yanaşmaq lazımdır:

- psixoloji halət: insan özünə daim təlqin etməlidir ki, hansısa konkret istedad məndə var və məndə hər şey alınacaqdır.

- mənəvi halət: bunu Allaha sığınaraq, Allaha arxalanaraq etmək lazımdır ki, bu da dualar, münacatlar, şükürlər və s. bu kimi əməllərlə nizamlanır.

İmam Rza (ə) buyurub:

"Hər kim Allaha hüsni-zənn ilə yanaşsa, Allah onunla həmin zənnə uyğun rəftar edər".

Belə isə Allaha hüsni-zənlə yanaşıb, öz potensial istedadlarımızı da real qiymətləndirmək arzusu ilə...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.