Maraqlı

Azərbaycanlı məşhur İT şirkətdə necə işləyə bilər?

19 Avqust 2017 21:35
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texnologiyaların sürətli inkişafı bu sahəyə marağı da artırır. Dünyada bir çox şirkət artıq yeni texnologiyaların istehsalı, İT məhsulların satışı ilə sektorda öz sözünü deyib.

ABŞ-ın Forbes məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. Belə ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib. 

Jurnalın araşdırmasına görə, bu il qiymətini nisbi olaraq ən çox artıran markalar Amazon, Facebook və Starbucks olub.

Reytinqdə ilk sırda 170 mlrd. dollar dəyərində olan ABŞ-ın Apple şirkətidir. İkinci sırada Google (101,8 milyard dollar), üçüncü sırada isə Microsoft (87 milyard dollar) yer alıb. Dördüncü sıraya yüksələn Facebook-un qiyməti 73,5 milyard dollar təşkil edib.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, göründüyü kimi, artıq beyin istehsalı bütün istehsal sahələrin önünə keçir. Ən çox qazananlar da elə bu şirkətlərin icraçı direktorlarıdır (CEO).

Ona görə də dünyada artıq gənclər öz gələcək karyerasını bu istiqamətdə qurmağa çalışır.

Son dövrlər Azərbaycanda da gənclər arasında İKT-yə böyük maraq müşahidə edilir.

Bu sahədə ixtisaslaşan ən yaxşı mütəxəssislərimiz isə özlərini inkişaf etdirib, daha yaxşı imkanlar, şərtlər üçün qlobal bazarı tərcih edir, tanınmış İT şirkətlərdə çalışır.

Ölkədə olan əksər İT mütəxəssis isə xarici şirkətlərdə işləmək, təcrübə və iş imkanlarını genişləndirmək arzusundadır. Belə ki, müşahidələrimiz göstərir ki, gənclərin əksəriyyəti qlobal İT şirkətlərdə iş prinsipləri, qəbul şərtləri ilə maraqlanır.

Tanınmış İT şirkətlərin hər birinin özünəməxsus işə qəbul stratergiyası olsa da, bəzi məqamlar bütün şirkətlərdə eynidir. Elə araşdırmamızda da Google-da olan məlumatlarla yox, real təcrübələrlə məşhur, qlobal İT şirkətlərdə işə qəbul ilə bağlı ətraflı məlumat təqdim etməyə çalışacağıq.

IBM İT sahəsində öz məhsulları, fəaliyyəti ilə seçilən şirkətlərdəndir. "Dünyanın ən innovativ şirkətləri" siyahısında adı olan amerika şirkəti bir çox gənclərimizin çalışmaq istədiyi yerlərdəndir.

Görəsən, bu şirkət işə qəbul məsələsində hansı məqamlara üstünlük verir? IBM-də işləmək üçün hansı bilik və təcrübəyə sahib olmaq lazımdır?

Bütün bunlarla bağlı hazırda IBM şirkətinin Çexiya, Brno ofisində "Automation Engineer" vəzifəsində çalışan həmyerlimiz Rövşən Musayev ilə ətraflı söhbət etdik.

Şirkət barədə ətraflı məlumat verən həmyerlimiz deyir ki, əsası 1911-ci ildə Amerikada qoyulmuş IBM (International Business Machine) şirkəti hazırda dünyanın 170-ə yaxın ölkəsində, 380 minə yaxın işçi ilə fəaliyyətini davam etdirir.

" İBMer" olaraq tanınan işçilər arasında Nobel mükafatçıları, dünyada bir çox patenti şirkətə qazandırmış və müxtəlif illərdə ilklərə imza atmaqla İnformasiya Texnologiyası (İT) sahəsinə öz töhfələrini vermiş insanlar var. Əvvəlki illərdə İBM şirkəti həm aparat təminatı (hardware), həm də proqram təminatı (software), texniki qulluq (support), onlayn servislərin satışı və s. ilə məşğul idi. Lakin şirkət son illərdə hardware biznesini Lenovo şirkətinə satıb, gələcək istiqamət olaraq isə, Bulud servisler(Bluemix) və Süni İntellekt(Watson) sahələrini müəyyən edib".

Onun sözlərinə görə, IBM dünyanın bir çox yerində yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir.  Buna görə də hər ölkəyə uyğun işə qəbul zamanı müxtəlif fərqlər mövcuddur.

Diplomu dünyada tanınan universitetdə təhsil almayıbsınıza...

R. Musayev bu barədə ətraflı məlumat verib:

"Həm də biznes fəaliyyəti də çox şaxəli olduğu üçün hər sahənin özünə uyğun işə qəbul çətinlik dərəcəsi var. Əvvəlcə xarici ölkəyə Azərbaycandan birbaşa işçi olaraq gəlmək şanslarını qiymətləndirək. Bu cür yol, Avropada bir tələbə olaraq təhsilə başlayıb sonradan iş tapmaqdan çətindir. Çünki bu zaman sizin üstünlüyünüz yalnız neçə illər ərzində qazandığınız təcrübə, bilik və bacarıqlarla ölçülür. Əgər ali təhsili hər hansı diplomu dünyadan tanınan müəssisədə almamısınızsa, məsələ biraz da çətinləşir. Bu məqamda gərək işçi axtarılan ölkədə sizin sahə üzrə işçi çatışmazlığı olsun ki, hansısa şirkət xaricdən işçi gətirməyə maraqlı olsun. Çünki xarici işçinin işə qəbulu yerli işçidən qat-qat çətin və bürokratik olur. Məsələn, Avropa Birliyi ölkələrində ( hətta orada da hər ölkənin özünə uyğun fərqli işə qəbul qaydaları var) ilk olaraq iş elanı yerli əmək bazarında çıxarılır. Tələbə uyğun işçi olmadıqda digər Avropa Birliyi ölkələri üçün olan portala qoyulur, orada da olmadıqda artıq Avropa Birliyinə daxil olmayan ölkələrdən seçilə bilər".

İş yerlərini doldurmaq üçün xarici ölkələrdən işçi dəvət edirlər

Həmyerlimiz qeyd edir ki, hazırda İT sahəsi çox böyük sürətlə inkişaf edib, yeni yeni istiqamətlər yarandığından işçilərə də tələbat artıb:

"Bu boşluq əsasən daha az inkişaf etmiş və daha az maaş verən Avropa ölkələrində özünü göstərir. Səbəb isə belədir ki, böyük şirkətlər öz filiallarını, öz xərclərini azaltmaq məqsədi ilə əsasən daha az inkişaf etmiş ölkələrdə açır. Bu zaman artıq həmin ölkənin "baş bilənləri" digər daha çox inkişaf etmiş Avropa ölkələrində öz yerini tutmuş olur. Yeni açılan vakant iş yerlərini isə doldurmaq üçün xarici ölkələrdən işçi dəvət etmək məcburiyyətində qalırlar".

İlk olaraq CV-niz sistemin filtrindən keçməlidir

Öyrənirik ki, İBM şirkətinin işə qəbul tələbləri vakansiyadan asılı olaraq dəyişir:

"Amma ondan öncə müraciət olunan vakansiyaya uyğun namizədin CV-sinin uyğunluğuna baxılır. Bu uyğunluğu isə bir insan deyil, avtomatlaşdırılmış bir proses, sistem yoxlayır. Yəni, hər hansı vakansiyaya müraciət etməmişdən öncə CV-də qeyd edilən biliklərin müraciət edilən yerə uyğunluğu yoxlanılır. Ona görə də müraciət edəndə müvafiq biliklərin varsa , tələblərə uyğun açar sözləri CV-yə daxil etmək lazımdır. Bu qayda ona görə müəyyən edilib ki, IBM kimi böyük şirkətlərə hər hansı vakansiya üzrə gün ərzində yüzlərlə insan müraciət edə bilər. Bunun insan tərəfindən yoxlanılması üçün xeyli resurs tələb olunur. Ona görə də, bəhs etdiyimiz proses ən çox uyğun gələn namizədi, məsələn, 100 nəfəri filtirləyir və İnsan Resursları işçilərinə göstərir. Onlar isə sonradan həmin şəxslərin arasından ən uyğun gələnləri seçib menecerlərə göndərir. Yekunlaşdırsaq, CV-nin düzgün tərtibi, CV- vakansiya uyğunluğunu maksimum həddə çatdırmaq CV-nin avtomatik prosesin filtrindən uğurla keçməsi deməkdir".

İngilis dilində səlis yazmaq lazımdır

Həmyerlimiz deyir ki, növbəti mərhələ HR-ların filtridir:

"Bu zaman artıq insan tərəfindən nəzəri cəlb olunan bilən hissələr diqqət etmək lazımdır. Şəxsi fikrimə görə, bu, CV-yə indiyə qədər işlədiyin sahələri ingilis dilində səlis, axıcı şəkildə ardıcıl olaraq yazmaqdır ki, orada iştirak etdiyin layihələr, istifadə etdiyin texnologiyalar olmalıdır. Daha sonra vacib məqamlar, hazırda trend olan "Agile", "Scrum" kimi terminləri CV-ə daxil etmək, maraqlı Cover Letter (təcrübələriniz barədə 3-4 səhifəlik rəsmi yazı) hazırlayıb qoşma kimi CV-ə əlavə etməkdir".

Bu mərhələdə İnsan Resurslarından (HR) mail alırsınız, amma...

Növbəti mərhələ HR-la əlaqə mərhələsidir. Rövşən Musayevdən öyrənirik ki, bu, əslində heç mərhələ də deyil. Belə ki, diqqəti cəlb edən namizədlər HR-dan mail alır. Mail-də telefon zəngi üçün vaxt təyin olunur. İlk zəng adətən HR-dan olur. Bu zəng zamanı əgər texnoloji savadınız varsa , HR mütəxəssis sizin CV-nizə uyğun adam olub-olmadığınızı yoxlamaq üçün özünüz haqda bəzi sadə suallar verə bilər:

"Həyəcanlanmadan rahat şəkildə verilən suala cavab vermək lazımdır. Əgər ingilis dilində çox da sərbəst danışa bilmirsinizsə, yaxşı olar ki, nə deyəcəyinizi qabaqcadan hazırlayasınız. Bunun üçün bir neçə dəfə məşq etmək lazımdır".

Bu dəfə isə müsahibəni artıq insan götürür

Sonrakı mərhələ telefonla menecer və ya hər hansı texniki işçi tərəfindən olan texniki müsahibədir:

"Buna artıq çox ciddi hazırlaşmaq lazımdır. Adətən ilk olaraq siz özünüzün hazırdakı işinizdən danışıb, çalışdığınız layihələr barədə ətraflı məlumat verirsiniz. Bu hissədə danışdıqlarınız növbəti hissədə sizə verilən sualları təyin edir. Məsələn, Siz ən çox Java-da proqam yazmısınızsa, bu zaman daha çox o sahədə nə qədər güclü olduğunuzu yoxlamaq üçün ona uyğun suallar veriləcək. Yaxşı olar ki, muraciət etdiyiniz vakansiyaya uyğun internetdən verilə biləcək, ehtimal etdiyiniz standart sualları araşdırıb öyrənəsiniz".

Onun sözlərinə görə, əgər bu mərhələni də keçə bilsəniz, o zaman növbəti hissə sizə göndərilən offlayn tapşırıq ola bilər. Həmyerlimiz vurğulayır ki, bu tapşırığı da maksimum tez şəkildə, ətraflı həll etmək və cavablandırmaq lazımdır:

Bəxt amili də rol oynayır

"Bu yuxarıda yazdıqlarım öz təcrübələrimə əsasən topladıqlarımdır. Göründüyü kimi, IBM-də işə qəbul elə də çətin və əlçatmaz görünmür. Öncə şirkətin işçisi olmaq üçün münasib vakansiya tapmaq lazımdır. Əgər o və ya oxşar sahədə ən azı 2-3 il təcrübəniz varsa, yuxarıda sadaladığım addımları yerinə yetirməklə işə qəbul oluna bilərsiniz. Əsas istəmək, ilk uğursuzluqdan geri addım atmamaq, özünə inanmaqdır. Qəbul edirəm ki, müəyyən qədər də bəxt amili var".

Öyrənirik ki, IBM vakansiyalarına müraciət etmək üçün IBM Global careers (http://www-03.ibm.com/employment/) səhifəsindən və yaxud da IBM işçisinin göndərdiyi referans linkindən qeydiyyat keçib, müraciət etmək lazımdır.

Hansı müraciət forması daha uğurludur?

"Əlbəttə ki, referans linki ilə olan müraciətlər daha müsbət qarşılana bilər. Amma bu, riyazi dillə desək, zəruridir, kafi deyil. Əsas təsir edici amil sizin öz göstəricilərinizdir".

İşə qəbulda ölkələrə fərq qoyulurmu?

Rövşən Musayev deyir ki, qlobal şirkət işə qəbul zamanı heç bir dini, irqi, orientasiya, millət ayrı seçkilik qoymadan seçim edir. Onun sözlərinə görə, bunu IBM-in veb səhifəsində "Vakansiyalar" bölməsinin baş səhifəsinə daxil olanda hiss etmək olur.

İT mütəxəssis vurğulayıb ki, qəbul zamanı şirkət inkişafla bağlı Sizə heç bir vəd vermir, şəxsi inkişafınız tam olaraq özünüzdən asılıdır:

İşdən sıxılsaz, yerinizi dəyişdirə bilirsiniz

" İBM-in inkişaf üçün xeyli geniş imkanları var. Şirkətin onlayn daxili təlimlər kitabxanası çox genişdir. Bu barədə çox uzun danışmaq olar. Bundan əlavə, sinif şəklində də təlimlər təşkil olunur. Amma onlarda iştirak edib-etməməyiniz özünüzdən asılıdır. Sizə hədəflər qoyulur. Ola bilər ki, çalışdığınız vəzifədən asılı olaraq hansısa sertifikat alınması tələb edilsin. IBM-in bir yaxşı cəhəti də var ki, şirkətin fəaliyyət sahəsi geniş şaxəli olduğundan bir sahədə işləməkdən yorulsanız və ya hiss etsəniz ki, bu sizlik iş deyil, başqa bir sahəyə keçə bilərsiniz. Bu zaman isə menecerin razılığı olmalıdır. Lakin yeni iş yerinin tapılması, ora keçidin təşkili özünüzdən asılıdır. Ümumiyyətlə, şirkətdə qabağa getmək istəyirsinizsə, daim öz üzərində işləmək, bacardıqca çox sayda faydalı sertifikatlar almaq lazımdır".

Onu da əlavə edək ki, araşdırmalara görə IBM şirkətinin icraçı direktoru (CEO) Ginny Rometty illik gəliri 32,3 milyon dollarla ən çox qazanan şirkət rəhbərləri arasında yer alır.

Həmyerlimiz xaricdə İT üzrə işləmək istəyənlər məsləhətlər verib:

İT-də iş imkanları tükənməzdir

"Xaricə işləməyə gəlmək istəyənlərə məsləhətim odur ki, daim axtarışda olsunlar. Vakansiyaya müraciət etməyə, tələb olunan məlumatları doldurmağa ərinməsinlər və alınmayacaq deməklə özlərini həvəsdən salmasınlar. Mən də ilk vaxtlar belə fikirləşirdim. Hətta yaxınlarım belə bunun olacağına inanmırdı. Tövsiyə edərdim ki, LinkedIn profillərini daim yeniləyin. Sizi müsahibəyə dəvət edəndə, buna ciddi hazırlaşın. İlk dəfə alınmasa, həvəsdən düşməyin. Çünki hər yaşanmış şey insana əlavə təcrübə qazandırır, əksinə bu, sizin xeyrinizədir. Edilən səhvlərdən nəticə çıxarıb, onları bir daha təkrarlamamağa çalışmaq lazımdır. Boş vaxtlarda ingilis dilində qulaqcıqla söhbətlərə, müsahibələrə qulaq asın. Bu, çox faydalıdır. Çünki, qulaq danışığa öyrəşir. Müsahibənin özunü də qulaqcıqla etmək məsləhətdir. Bundan əlavə, müsahibə üçün "Şparqalka"-lar hazırlamaq lazımdır. Çünki müsahibə zamanı nə deyəcəyinizi unuda bilərsiniz. Ən əsas da səs tonunuzda özünə güvən hiss olunmalıdır. Qısacası, hər hansı imtahana hazırlaşır kimi hazırlaşmaq lazımdır. Bir məsələni də qeyd etmək istərdim ki, siz Linkedin profilinizdə yaşadığınız və işlədiyiniz yeri Avropaya dəyişəndə siz daha çox iş təklifi alacaqsız. Ona görə də işə qəbul olan zaman maaş sizi qane etməsə belə gəlib bir müddət sonra daha yüksək maaş verən bir yerə keçə bilərsiniz, çünki  İT-də iş imkanları tükənməzdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.