Avstraliya hökuməti amerikalı repçi Kris Braunu xəbərdar edib ki, ona bu ölkəyə gəlməsi üçün viza vermək niyyətində deyil. Səbəb olaraq repçinin vaxtilə qadına qarşı zorakılıq aktına yol verməsi və bu hadisənin ictimailəşməsi göstərilib.
Musavat.com xəbər verir ki, bu barədə xəbəri "Röyter" agentliyi sentyabrın 27-də yayıb.
Sözügedən hadisə isə 2009-cu ildə baş verib. Braun sevgilisi Rihannanı döyməkdə təqsirli bilinib və ABŞ-da 5 il şərti cəza alıb. Bu beş il ərzində onun Kanada və Böyük Britaniyaya girişi də yasaqlanıb.
Bildirilir ki, Avstraliya hökumətinin Brauna viza verməkdən imtina qərarı repçinin diqqətinə çatdırılıb və qeyd olunub ki, o, viza almasının zəruriliyini iki həftə müddətində sənədlərlə əsaslandırmalıdır. Bundan sonra ölkənin miqrasiya idarəsi yekun qərar qəbul edəcək.
Avstraliyanın qadın məsələləri üzrə naziri Mikaela Keş miqrasiya xidmətini repçiyə viza verməmək məsələsində israrlı olmağa çağırıb.
Qeyd edək ki, Kris Braun 2009-cu ildə Rihannanı avtomobilində döyüb. O, qıza bədən xəsarətləri yetirib, daha sonra qaçıb gizlənərək polisə tabe olmayıb. O zamanlar Rihannanın üz-gözü göyərmiş halda çəkilmiş şəkilləri internet resurslarında yayılmışdı.
Milli.Az