Maraqlı

Dünyanın tanıdığı, bizim tanımadığımız azərbaycanlı...

17 Fevral 2015 22:26
0 Şərh     Baxış: 3 826
Ötən günlərdə güneyli rejissor Cəfər Pənahi "Taksi" filminə görə Berlin kinofestivalının baş mükafatını - "Qızıl ayı"nı qazanıb.
Milli.Az kult.az-a istinadən Azərbaycan əsilli rejissor haqda yazını təqdim edir: 

- Niyə bütün qadağalara rəğmən İranı tərk etmirsiniz?

- Xaricə qaçanlara heç vaxt bəraət qazandırmamışam. Hesab edirəm ki, İrana daha çox xeyir verə bilərəm.

Abbas Kiarostami və Mohsen Mahmalbaf İran kinosu deyəndə ilk ağla gələn adlardır. Son illər ərzində İran kinosu da, bu kinonun yaradıcıları və simaları da dəyişib. Yeni simalar ölkəmizdə kifayət qədər tanınmasa da, rejissor və ssenarist Cəfər Pənahi İran kinematoqrafiyasındakı "Yeni dalğa"nın ən istedadlı nümayəndələrindən biridir.

2010-cu ilin sonlarında Cəfər Pənahi dövlət əleyhinə təbliğat aparmaqda ittiham olunaraq həbs olunub. Ona 20 il ərzində kino çəkmək, ssenari yazmaq və İranı tərk etmək qadağan olunub.

"Rejissor çəkə bilməyəndə elə bil türmədədir. Bu kiçik türmədən çıxandan sonra isə o, daha böyük türmədə var-gəl etdiyini görür", - deyə Pənahi müsahibələrinin birində deyib. 

İlk addımlar

Pənahi 1960-cı il iyulun 11-də Cənubi Azərbaycanda - Miyana şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır.

Məktəbi bitirdikdən sonra gənc Cəfər bir neçə qısametrajlı film çəkib, daha sonra hərbi xidmətə yollanıb. İran-İraq müharibəsində iştirak edib. Müharibədən sonra universitetə qəbul olunan Pənahi, bir neçə il sənədli filmlərlə maraqlanıb və rejissor assistenti kimi çalışıb.

Tehranda Rejissorluq fakültəsində oxuduğu illərdə Pənahi gizlicə böyük kino arxivinə giriş əldə edib. Demək olar ki, bütün dünya klassiklərini izləyib.

Pənahinin böyük kinoya gedən yolu kifayət qədər uğurlu və hamar olub. Mütaliə, ilk kino təcrübələri, fotoqraflıq, sənədli filmlər, televiziyada iş və nəhayət, rejissor assistenti.

90-cı illərdə Cəfər Pənahi İran kinosundakı "Yeni dalğa" cərəyanının yaradıcılarından biri Abbas Kiarostaminin "Zeytunların arasından" filmində çalışıb. 

"Kann"a gedən yol

Yalnız bir il sonra - 1995-ci ildə Kiorastami Pənahinin yeni filmi üçün ssenari yazıb. "Ağ şar" rejissora dünya şöhrəti gətirir.

İlk filmində senzuradan yayınmaq üçün rejissor uşaqlar mövzusunu seçib. Sosial problemlərə də toxunan Pənahi uşaqlar haqda, amma uşaqlar üçün olmayan film çəkib. Film yeni il ərəfəsində qızıl balıq almaq üçün bazara yollanan, yolda pulunu itirən və böyüklərin dünyası ilə tanış olan balaca qızdan bəhs edir.

İran Mədəniyyət Nazirliyinin qadağasından sonra "Oskar"a gedə bilməyən "Ağ şar" "Kann"dan əliboş qayıtmayıb. Pənahi "Kann" kinofestivalında "Qızıl kamera" mükafatını qazanıb. Eyni ildə film Nyu York tənqidçilərinin "1995-ci ilin ən yaxşı filmləri" siyahısında da yer alıb.

Rejissorun iki il sonra ekranlara çıxan "Güzgü" filminin də əsas mövzusu uşaqlardır. "Güzgü" Pənahiyə növbəti beynəlxalq mükafatı - Lokarno kinofestivalının "Qızıl leopard"ını qazandırıb. 

İran qadınları və Pənahi

Artıq 2000-ci ildə Pənahi filmlərinin əsas mövzusu böyüklər olub. "Dairə" filmində hadisələr yenicə həbsxanadan çıxmış bir neçə qadın ətrafında cərəyan edir. Bu qadınlardan biri başqa şəhərə köçmək, biri abort etdirmək, digəri isə keçmiş ərindən qurtulmaq istəyir.

Pənahi bu qadınların keçmişi haqda heç nə demir, ancaq ölkəsindəki qadınların sıxışıb qaldığı tabuları, qadağaları bütün çılpaqlığı ilə göstərir.

"Venesiya" kinofestivalının əsas mükafatını qazanan "Dairə" İranda de-fakto qadağan olunub.

2003-cü ildə ekranlaşdırdığı "Qıpqırmızı qızıl" filmi İran cəmiyyətinin növbəti portretidir. Elə real həyatda da pitsaçı Hüseynlə birlikdə Pənahi Tehran küçələrinə səfər edir. Yeni filmində qadın qəhrəmanlardan imtina edən rejissor bu dəfə də kişiləri hədəf alır.

Pənahi filmin yenidən işlənməsi təklifiylə razılaşmır və "Qıpqırmızı qızıl" rejissorun İranda qadağan olunan növbəti filmi olur. 

Tabular qırılır

2006-cı ildə ekranlara çıxan "Ofsayd" filmi Pənahinin kinoya olan əsl münasibətinin təzahürüdür. Filmdə süjet real hadisələrə əsaslanır. Film İran-Bəhreyn matçı zamanı lentə alınıb. Komandalar 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatına vəsiqə qazanmaq üçün çalışır. Nəticəni əvvəlcədən müəyyən etmək mümkün olmadığı üçün çəkiliş prosesində ssenariyə xeyli əlavələr olunub.

Futbolun fonunda Pənahi stadiona çıxmaq istəyən gənc qızlardan bəhs edir. Tədricən qızlar stadiondakı "həbsxanaya" düşür, onlara nəzarət edən mühafizəçilərlə dostlaşmağa başlayırlar. İran qalib gəlir, xalq küçələrə axışır. Bütün tabuları yıxan qadınlar və mühafizəçilər qələbəni yataqda qeyd edir.

"Ofsayd" filmi də ümidləri doğruldur, 2006-cı ildə Berlin kinofestivalında "Gümüş ayı" mükafatını qazanır. 

Həbs və qadağalar

Pənahi heç vaxt ölkədə gedən siyasi proseslərə biganə qalmayıb. 2009-cu ildə növbəti prezident seçkiləri ərəfəsində də rejissor müxalif namizəd, Cənubi azərbaycanlı Mirhüseyn Musəviyə dəstəyini ifadə edib.

2009-cu ilin iyununda keçirilən seçkilər zamanı Mahmud Əhmədinejad qələbə çalıb. Musəvi tərəfdarları küçələrə axışıb. "Yaşıl inqilab" adlanan nümayişlər zamanı 20-yə yaxın insan həlak olub.

İlk dəfə Cəfər Pənahi aksiyalar zamanı həlak olan gənc qız Neda Soltanın dəfnində həbs olunub və rejissora ölkədən çıxmaq qadağan olunub.

Rejissor Monrealda keçirilən beynəlxalq kinofestivala yaşıl şərf taxıb. Premyeralar zamanı Pənahi faciə qurbanlarını unutmadıqlarını və mövcud rejimin hakimiyyəti saxta yollarla ələ keçirdiyini deyib.

Artıq fevralda İran hakimiyyəti rejissoru "Berlin" kinofestivalına buraxmır. Evində aparılan axtarış zamanı Pənahi, həyat yoldaşı, qızı və həmkarı Məhəmməd Rəsulof həbs olunub.

Dövlət əleyhinə təbliğatda ittiham olunan Pənahi aclıq aksiyasına başlayıb. Rejissor bu addımı ailəsinə qarşı təzyiqlərdən və həbsxanada məruz qaldığı zorakılıqlardan sonra atıb.

2011-ci ilin oktyabrında Tehran Apelyasiya Məhkəməsi Pənahinin şikayətini rədd edib. Beləliklə, rejissor altı illik həbs cəzası və iyirmi illik kino çəkmək qadağası ilə üzləşib.

Rejissorla həmrəylik nümayiş etdirən "Berlin" kinofestivalının təşkilatçıları bütün nümayişlər zamanı oturacaqlardan birini boş saxlayıb. 50 iranlı rejissor, aktyor və rəssam Pənahinin azad olunması tələbilə petisiya imzalayıb. Pol Tomas Anderson, Koen qardaşları, Julyet Binoş, Frensis Ford Koppola, Cim Carmuş, Martin Skorseze, Stiven Spilberq, Robert de Niro, Oliver Stoun, Terrens Malik və başqaları da analoji sənədə imza atıb.

Həmkarı Əsgər Fərhadi Berlin kinofestivalında mükafatı almaq üçün kürsüyə çıxanda Pənahiyə səslənib və deyib: "Bu mükafatı sənə verirəm. Gələn il burada dayanmaq növbəsi sənindir". 

"Bu, film deyil"

Apelyasiya məhkəməsinin qərarını gözlədiyi günlərdə Cəfər Pənahi operator Mohtab Mirtəhmasiblə birlikdə, ev şəraitində "Bu, film deyil" adlı film çəkir. Film dörd gün ərzində rəqəmsal videokameraya çəkilib, altı gün ərzində isə montaj olunub.

Mirtəhmasibin fləş karta yazıb, tortun içində gizlətdiyi film son anda 61-ci "Kann" kinofestivalının müsabiqədənkənar proqramına daxil edilib.

"Həyatımız boyunca irili-xırdalı problemlərlə üzləşirik. Bizim borcumuz geri çəkilməmək və çıxış yolu tapmaqdır", - deyən Pənahi kinosuz yaşaya bilmir və beləcə, çıxış yolları axtarır.

Rejissorun "The Boston Phoenix" jurnalına verdiyi müsahibəsindən seçmələri təqdim edirik:

- Qoy mənə film çəkməyə icazə verməsinlər. Onsuz da, Tehran küçələrində minlərlə rejissor var. İndi onlar rəqəmsal kameralar, telefonlar və primitiv texniki vasitələrlə belə ölkədəki reallığı bütün dünyaya çatdıra bilərlər.

- Mən müxalif deyiləm, sadəcə, ölkəmin parçalanması və düzəlməsi mümkün olmayan vəziyyətə gəlməyini istəmirəm.

- Müsahibələrimin birində demişdim ki, İranda anderqraund kino təşəkkül tapır. Onlardan birini Bahman Qobadinin "Heç kim fars pişikləri haqqında bilmir" filmini "Kann" daha sonra "San-Sebastyan" festivalında gördük. İran kimi ölkələrdə qadağalar varsa, deməli, rejissorlar başqa yollarla daha yaxşı filmlər çəkəcəklər.

- İran-İraq müharibəsinin son günü haqqında ssenarim var. Onu çəkməyi düşünürəm. İranda olmasa, təbiətcə ona bənzər yer olmalıdır. Ancaq İranda çəkmək arzusundayam. Məncə, burda doğulanlar bura haqqında çəkməlidirlər. Xaricə gedənlərə heç vaxt bəraət verməmişəm.

- Qadağan olunan hər şey maraqlıdır. "Ofsayd" qadağan olunan zaman bir həftədən sonra hamıda pirat DVD-ləri var idi. Cəmiyyəti, hakimiyyəti islah etmək üçün onun gücündən istifadə etmək olar.

- İllər öncə Vittorio de Sikanın "Velosiped oğruları" filmi həyatımı dəyişdi. Filmin əvvəlində velosipedi oğurlanan Riççi sonda özü oğurluq edir. Bu, möhtəşəm səhnə idi.


Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.