"Gəlmişəm ki, gedəm", "Arxanca bağlanan qapıları sayaraq irəlidəki qapını nəzərdən qaçırma", "İtirməsən, tapmazsan - çünki itkilər çəkini azaldır"...
Belə ifadələr sosial şəbəkələrdə çox populyar olan "Dahilərin dedikləri", "Müdrik kəlamlar", "Mənalı sözlər" və ilaxır adlı bloqlar, profillər, akkauntlardadır.
Facebook, Twitter, İnstagram, Google+, Vkontakte, Odnoklassniki - hansı sosial şəbəkəni azacıq "qurdalasan", orada yerli müdrikləri, dahiləri və "gül dəhanından zər xırdalayanları" görmək olar.
Bu ifadələr, kəlamlar, sözlərin bir motivi var: "Oxu və halın yüngülləşəcək".
Motivli sözlər motivasiyaya xidmət edir.
Əhvalı yaxşılaşdırmağa yönəldiyi iddia olunan - hər halda müəlliflər belə yazır - motivatorlar hər yerdədir.
Maklatura, zibil kimi.
Çünki söz yığınıdır və əsla şübhə etmirəm ki, müəllifliyi iddia edilən dahilərin bu marazm dolu ifadələrdən xəbəri olmayıb.
Həmin kəslər dahi olduqları üçün belə sərsəm söz yığınını söyləməzdilər hər halda.
Amma motivatorlar hər yerdədir
Hətta nəqliyyatda, mətbəx avadanlığında və dəftərxana ləvazimatlarında.
The Guardian yazır ki, Almaniyadakı Frankfurt Kitab Yarmarkasının reklamında da motivator vardı: "Bəxtəvərliyi almaq olmaz, amma kitabı almaq olar".
Sosial şəbəkələrdə motivatorlar xırda pula çevrilib. Müdriklik əldən ələ keçir, pul təki xırdalanır, yığılır, sərf olunur.
Twitter və ya Facebook-da belə ifadələr "təqibçi"lərin sayını artırmağın sınanmış yollarından biridir.
Ötən il Haydn Şonessi (Haydn Shaughnessy) nüfuzlu The Forbes jurnalı üçün sosial mediada ən məşhur və təsir imkanları çox olan adamların siyahısını hazırlayanda maraqlı nüansı aşkarlamışdı. Sən demə, Twitter-də ən populyar profillərin müəllifləri "müdrik ifadələr istehsalçı"ları, motivasiya kontentini haradansa götürüb paylaşanlardır.
"Gördük ki, sosial şəbəkələrdə populyar profillərin sahibləri özləri kontent yaratmaqdansa, fərdi iş görməkdənsə başqalarının nə zamansa dediyi, yazdığı, yaxud da deyib yazdığı iddia olunduğu sözləri yayırlar. Həmin profillərin təqibçiləri də ağıllı görünmək üçün motivatorları paylaşırlar", - Haydn Şonessi yazır.
Motivatorların ən önəmli xüsusiyyətlərindən biri anonimlikdir. Yəni müdrik kəlmələr kimi təqdim olunan söz yığını "bic" doğulur.
Nədən? Səbəb bəlli: əsas məqam sözlərin mənbəyi yox, onların yaratdıqları hisslərdir.
Bu biznesdə simalar yoxdur. Motivatorlar və sitatlardan ibarət olunan akkauntları yazanların kimliyi çox nadir hallarda bilinir. Məsələn, "İnspirational Quotes" adlı Twitter akkauntunu real adam yazır. Amma o, anonimlik sipərinin arxasında gizlənir.
Həmin adam internet mütəxəssisi Qonsalo Arsuaqadır. Bir zamanlar GauchoNet.com axtarış sistemini yaradan Arsuaqa sonradan bu resursu milyonlarla dollara satdı və özünü motivatorlar biznesində sınamaq fikrinə düşdü.
Onun "Inspower" şirkəti motivatorlar blokları hazırlayır, internet şirkətlərinə satır.
Belə motivatorları adi adamlar da ala bilər.
Vanna otağında güzgüyə, yaxud liftə və ya boş vitrinlərə vurmaq üçün.
687 min daimi təqibçisi olan "InspowerMinds" akkauntunun oxucuları niyə məhz motivatorları seçdikləri barədə sualı cavablandıranda maraqlı səbəblər göstəriblər.
Məsələn: "Bir neçə kəlmədə çoxlu müdriklik görürəm", "İnsanın özünə göstərəcəyi ən böyük yardım nikbin olmaqdır", "Bu sözlər mənə psixoterapevtə müraciət edərək depressiyadan müalicə olunduğum zaman eşitdiyim kəlmələri xatırlatdı" və s.
Göründüyü kimi, "müdrik kəlamlar" arayanların qəlblərində hansısa qüssə, kədər var.
Çünki motivatorlar arasında bədbin ifadələr də var: "Biz dost deyilik. Biz düşmənləri olan yadlarıq".
O da mümkündür ki, "müdrik kəlam"lara, motivatorlara olan tələbat iqtisadi çətinliklər, ağır yaşam şərtləri ilə bağlıdır.
54 yaşlı Əbdül Cəludi "Citigroup" bankının Nyu-York ofisində 26 il çalışandan sonra ötən il işdən çıxarılıb. İndi o, "Atticus Aristotle" təxəllüsü ilə müdrik kəlamlar topluları olan kitablar yazır.
"İşsizlər çoxdur və motivatorlar da onlara ruhdan tam düşməməyə yardım edir. Amma müdrik kəlamların sayını çox etmək, insanları bezdirmək olmaz", - Əbdül Cəludi söyləyib.
Lakin belə deyil.
Azərbaycanda da populyar olan "müdrik kəlam istehsalçıları"ndan, sadəcə, 10-nun Facebook səhifələrində 1 saatda orta hesabla 22 motivator yazılır.
Həmin sözlər səmimidir, yoxsa hər şey saxta sentimentallıq üzərində qurulub.
Sosial şəbəkələrdə yerli "kövrəkqəlbli+tənha"ların Riçard Baxın "Conatan Livinqston adlı qağayı" romanından sitatları Türkiyədə "osmanlılaşdırılmış" versiyalarının yeni formalarını görərək düşünməyimizi istəyənlərin də sayı artır.
"Bütün aləm bir ifadədə: aforizmlərin qısa tarixi" (The World in a Phrase: A Brief History of the Aphorism) kitabının müəllifi Ceyms Qiri (James Geary) hesab edir ki, əsas fərq keyfiyyətdədir: "Motivatorlar təşəxxüs və özündənrazılıq hisslərini gücləndirir, aforizmlər, yəni müdrik kəlamlar isə insanı hərəkətə sövq edir, ruhlandırır".
Sosial şəbəkələrdə virus təki yayılan "müdrikləşmə", bəlkə də, sekulyar mədəniyyətin sınanmış müdrikliyin izhar saxtakarlığıdır. Kim bilir.
Amma heç bir halda söz yığını instinktiv, əbədi, dərin, fərdi hisslər yarada bilməz.
Lütfən, hərdən baxışlarınızı smartfonların, planşentlərin, kompüterlərin ekranlarından ayırın, ətrafa baxın.
Müdrik yazılarsız, bic doğulmuş sitatlarsız, ifadələrsiz məkanı, çərçifəyə salınmamış məkanı görməyə çalışın.
Heç olmasa, cəhd göstərin.
Elçin Alıoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.Videonu izləmək üçün şəkilə klikləyin.