Maraqlı

Amerika ədəbiyyatı onun əsərindən doğulub

2 Noyabr 2014 20:30
0 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kultura.az-a istinadən Aygün Qurbanlının yazısını təqdim edir. 

Təxəllüsü Mark Tven olan Samuel Lanqhorn Klemens 1835-ci il noyabrın 30-u ABŞ-ın Missuri ştatının Florida adlı kiçik şəhərində anadan olur, uşaqlığını isə Hanibal qəsəbəsində keçirir. Sonralar yazdığı "Heklberi Finnin macəraları" və "Tom Soyerin macəraları" əsərlərinin baş verdiyi yer kimi də buranı təsvir edir.
 

Atası Con Klemens hüquqşünas, daha sonra hakim işləmişdir. O, çox qaraqabaq insan idi. Anası Ceyn Klemens isə əksinə, zarafatcıl, gülərüz, yumşaq qəlbli, uşaqlarına uzun qış gecələrində nağıl danışmağı sevən evdar qadın idi.

Klemenslər ailəsinin yaşadığı Hanibal qəsəbəsi Missisipi çayının üzərində yerləşir. Buxar gəmiləri fit verərək gündə üç dəfə çayın sahilinə yan alırdı, sirklər, qaradərili aktyorların musiqili səhnəcikləri göstərilir, maraqlı kitabların sərgisi baş tutur, tacirlər, dəmirçilər, dəri aşılayanlar hər kəsin görməsi üçün öz əl işlərini nümayiş etdirirdilər. Bununla belə, qəsəbədə zorakılıq da ümumi hal almışdı, kiçik yaşlı Sem (Samuel) bəzən ölüm hadisəsinə şahid olurdu. Doqquz yaşı olanda bir yerli kişinin mal-qara fermasının sahibini öldürdüyünə, 10 yaşında isə ağdərili nəzarətçinin qaradərili qulu dəmir parçası ilə vurub qətlə yetirdiyinə şahid olmuşdu. Bu hadisələr azyaşlı uşağın yaddaşında öz izini buraxmaqda idi.

Semin atası 1847-ci ildə sətəlcəmdən ölür. Böyük qardaşı Orion "Hanibal jurnalı" adlı qəzet buraxmağa başlayır, Sem də qəzetdə tipoqraf kimi çalışır. Qardaşı Orion Nyu-Yorka və Sent-Luisə səyahətə gedərkən Sem fürsətdən istifadə edib müəllifi özü olan və mübahisələr doğuran yazılarını qəzetdə çap edir.
 

On səkkiz yaşında ABŞ-ın müxtəlif yerlərinə səyahətlər etməyə başlayır, müxtəlif mətbəələrdə naşir kimi çalışır və kitabxanalarda qiraətlə məşğul olur. Dörd ildən sonra Missuriyə qayıdır, gəmi kapitanı olmaq üçün gəmiləri öyrənməyə başlayır. İki ildən sonra, artıq 24 yaşındaykən Missisipidə buxar gəmisi kapitanı olmaq üçün lisenziya ala bilir. Kapitan peşəsi ona ədəbiyyatda istifadə edəcəyi təxəllüsünü qazandırır. Təxəllüsün yaranma səbəbi belədir: dənizçi suyun təxminən 4 metr - təhlükəsiz üzmə dərinliyi olarsa, ölçdükdən sonra dərinlik "iki qulac" (ingiliscəsi "mark twain") deyə çığırırmış, bu dərinlikdə olan su buxar gəmisi üçün uyğun hesab olunurdu. ABŞ-da Vətəndaş Müharibəsi (1861-1865) başlayana qədər kapitan kimi çalışan gələcək yazıçı müharibə zamanı Konfederativ Qoşunda könüllü xidmət edir, az müddət keçir ki, ordudan ayrılır, Nevada ştatında qubernator vəzifəsində işləyən qardaşı Orionun yanına gedir. Lakin gələcəyinin axtarışında olan Samuel burada da qala bilmir, növbəti işi gümüş mədənlərində şaxtaçılıq etmək olur, çox keçmir ki, şaxtaçılıq fəaliyyətinə də son qoyur.

Virciniyada "Territorial Enterprise" qəzetində işə düzəlir və elə bu qəzetdə də ilk dəfə olaraq "Mark Twain" təxəllüsünü götürür.

1864-cü ildə San-Fransiskoya gedən Mark Tven jurnalist kimi bir neçə qəzet üçün çalışır.

"Kalaveras ölkəsinin məşhur tullanan qurbağası" adlı yumoristik hekayəsi ona yazıçılıq fəaliyyətində ilk uğuru qazandırır. Hekayə "New York Saturday Press" qəzetində 18 noyabr 1865-ci ildə çıxır. Az bir müddətdə hekayə bütün ölkə boyu nəşr edilməyə başlayır, onu "Amerikada indiyədək yazılmış ən yaxşı yumoristik ədəbi əsər" adlandırırlar.

Bir ildən sonra, Sendviç Adalarına (indiki Havay adaları) "Sacramento Union" qəzeti üçün müxbir kimi işləməyə göndərilir. Ona yol boyu baş verən hadisələrdən "səyahətnamə" yazması da tapşırılmışdı. San-Fransiskoya qayıdandan sonra bu yazıları mə.hurluq gözləyirdi. Daha sonra bu səyahətnamələr Mark Tvenə mühazirə demək üçün səbəb oldu. Belə ki, "Alta California" qəzetinin redaktoru Con Mak Komb Tvenə ştat boyu turneyə çıxıb, mühazirə deməyi təklif etdi. Mühazirələr getdikcə məşhurluq qazanırdı və sevilirdi.

1867- ci ildə Avropaya - Aralıq Dənizi boyu səyahətə başlayır, daha sonra Yaxın Şərqə doğru davam edir. Səyahət boyu yığılan materiallar əsasında 1869-cu ildə "Xaricin sadəlikləri" ( "The İnnocents Abroad" ) adlı kitabı çıxır. Bu gəzinti zamanı həmçinin gələcək həyat yoldaşının qardaşı Çarlz Lanqdon ilə də tanış olur. Lanqdon Tvenə bacısı Oliviyanın şəklini göstərir. Tven ilk baxışdan şəkildəki qıza vurulur. Onlar 1870-ci ildə evlənirlər, cütlüyün üç qızı və bir oğlu olur. Lakin oğlu hələ körpəykən ölür. Klemenslər ailəsi öncə Nyu-York ştatının Baffalo, daha sonra isə Hartford şəhərində yaşayır. Ailə həyatı 34 il davam edir, həyat yoldaşı Oliviya 1904-cü ildə dünyasını dəyişənə qədər onların xoşbəxt ailəsi olur. Bu arada o, ABŞ-da və İngiltərədə tez-tez mühazirələr də deyirdi. Get-gedə daha kəskin satira üslubuna keçən Tven Amerika cəmiyyətini, siyasətçilərini, dini görüşləri tənqid etməyə başlayır və bu, onun 1883-cü ildə yazdığı "Missisipidə həyat" kitabında hiss olunurdu.

1896-cı ildən sonra Tven dərin depressiyalar yaşayır, həmin il qızı Syuzi meningitdən ölür, yoldaşı Oliviya 1904-cü ildə dünyasını dəyişir, ardınca isə 1909-cu ildə kiçik qızı Cin vannada çimərkən ölür, o, epilepsiyadan əziyyət çəkirdi. Qızlarının gənc yaşda vəfatı yazıçını kədərə qərq edir.

1906-cı ildə qızlar üçün "Aquarium Club" adlı klub yaradır, onları özünün mənəvi nəvələri adlandırır. Klubun üzvləri 10-16 yaşlı qızlar idilər. Tven onlarla məktublaşır, konsertlərə, teatrlara dəvət edirdi. Klubu həyatının əsas sevinci adlandırırdı.

1907-ci ildə Oksford Universiteti Mark Tvenə elmlər doktoru fəxri adını verir.

Mark Tven 1910-cu il, aprelin 21-i stenokardiyadan vəfat edir. Onu Nyu-York ştatının Vudlon qəbristanlığında basdırırlar.

Missuri ştatının Hanibal qəsəbəsindəki uşaqlığını keçirdiyi ev və "Tom Soyerin macəraları" əsərində təsvir etdiyi mağaralar turistlərin ziyarəti üçün qorunub saxlanmışdır. Hartvorddakı evi isə muzeyə çevrilərək ABŞ-ın milli tarixi mülkiyyəti kimi elan edilmişdir. 

TVEN HAQDA BİR AZ DAHA ÇOX...

"Kədəri tək yaşamaq olar, ancaq sevincdən tam həzz almaq üçün onu kiminləsə bölüşməlisən". Mark Tven

Bir insanın şəxsi faciəsi nə qədər dərindən olarsa, yenə də cəmiyyətin yükünü çəkəcək qədər güclüdürsə, o insan dahidir. Tənqidlərinə görə əksər yazıları öldükdən 20-30 il sonra çap edilib, hər şeyə rəğmən, nə tənqidlərindən usanıb, nə də xeyirxah əməllərindən. Getdiyi hər yerdə ünsiyyət qurduğu insanlarla yalnız bir şeyin təbliğatını edirdi: insanlıq, qadın-kişi bərabərliyi, irqçiliyə son və təhsil. 

Mark Tven bilirdi ki, onun yazıları müasirləri üçün deyil, hətta başa düşürdü ki, üstündən bir əsr də keçsə, bu yazıları qəbul edənlər çox olmayacaq. O, humanist şəxsiyyətə sahib olduğu üçün bəşəriyyətin yazarı idi, insanlar arasında dini, irqi və etnik ayrı-seçkiliyi rədd edirdi. Müasirləri onu tənqid edirdilər, o isə adəti üzrə kinayəli şəkildə belə yazmışdı: "Əsərlərimi 50, 100, 500 ildən sonra çap edərsiniz". Əlyazmalarından birində belə bir qeydi də var: "2406-cı ildən tez aşkara çıxarmayın". Onun əsərlərinə məktəblərdə və ictimai kitabxanalarda senzura qoyulmuşdu. Haqlı idi, ölümündən bir əsrdən çox vaxt keçib, düşüncələri ilə milyonlarla müasirlərimizdən daha irəlidədir.

Müasirlərinin həyata baxışından fərqli olaraq Mark Tven qızlara və qadınlara qarşı daha proqressiv fikirdə olan insan idi. O, inanırdı ki, qadın kişinin bərabər hüquqlu yoldaşıdır, onun qulluqçusu deyil. Tven deyirdi: "Mən üçü birində - aşpaz, xidmətçi və paltaryuyan - qadınla yatmaq istəmirəm". Tven həyat yoldaşına sadiq idi; yazılarının ilk oxucusu o olurdu. Oliviya Klemenslə evlənənə qədər ciddi bir söz yazmadığını da etiraf edirdi.

Tven ilk mühazirələrini 1866-cı ildən deməyə başlamışdı. Televizorun, radionun, telefonun olmadığı dövrdə yeganə əyləncə onun mühazirələrində iştirak edib, canlı dinləməkdən ibarət idi. Tvenin öz fikirlərini komedik tərzdə çatdırması dinləyiciləri ilə canlı ünsiyyətə girməsinə asanlıqla yol açırdı. Kitabları ilə bərabər, mühazirələri də ona məşhurluq gətirirdi. Tven həm də səsinə görə insanları cəlb edə bilirdi, burnunda titrək səslə danışırdı, bu səs əvvəlcə qulaqlarda cingiltili təsir bağışlayırdı, sonra buraya bir də yumoristik nitqini əlavə edirdi. O, çox astadan danışırdı, öz nitqi haqda belə deyirdi : "Özümdən də astagəl adamlar görmüşəm, hətta daha sakit, ölüvay danışanlara şahid olmuşam, məndən də tənbəl adamlar var, ancaq onlar ölmüş varlıqlardır". Göründüyü kimi o, hər şeyə zarafatla yanaşırdı, özünü də zarafatla tənqid edirdi.

Kiçik qardaşını və öz qızlarını gənc yaşda, oğlunu isə körpə ikən itirməsi Tvenə elə dərin kədər yaşatmışdı ki, saçı vaxtından əvvəl ağappaq olmuşdu. Həyatında baş verən şəxsi faciəsinə baxmayaraq, o, yaradıcılığından və xeyirxah əməllərindən geri qalmırdı. Gündəliyinin 1909-cu il, 27 dekabr tarixli hissəsində yazırdı: "Yenidən gülə biləcəyəmmi? Bir daha xoşbəxt ola bilərəmmi? Öz xarakterimi tanıyıram; insan temperamentinə də bələdəm ki, o, insanı idarə edir, insan öz xarakterinin buxovlanmış köməksiz quludur, o, necə göstəriş verirsə, insan da elə davranır. Hər insanın xarakteri onunla bərabər doğulur və heç bir şərtlər altında dəyişə bilməz".

Sevimli qızlarının ölümü yazıçını xeyirxah əməllər etmək haqda düşündürür, yaratdığı klubun 10-16 yaşlı qız uşaqlarından ibarət üzvlərinə evinin qapısını açır, onlar burada istədikləri kimi əylənə, şənlənə, kitab oxuya bilərdilər. Hətta uşaqların anaları və ya xidmətçiləri olardısa belə, onlar üçün də qonaq otaqları hazırlatdırır. Qız uşaqlarında musiqiyə, incəsənətə, mədəni zövqün formalaşmasına, kitab oxumağa həvəs yaratmaq üçün bacardığı qədər dəstək verirdi.

1893-cü ildən neft maqnatı Henri Rocerslə tanış olur və aralarında sıx dostluq yaranır. Maqnat yazıçı ilə tanış olana qədər heç bir xeyriyyə işlərində iştirak etmirdi, lakin Mark Tvenin ona təsiri o dərəcədə olur ki, o, əsl xeyriyyəçiyə çevrilir. Henri Rocers Tvenin təşviqi ilə təhsilə dəstək verir, pul ayırır, afroamerikanların və fiziki qüsurlu insanların istedadlarının üzə çıxarılmasına çalışır və onlara maddi yardımlar edir.

Mark Tven həm irqçiliyə qarşı çıxırdı, həm də qadın hüquqları təəssübkeşi idi. O, qadınların da seçki hüququna malik olmaları üçün çıxışlar edirdi. (1919-cu il, İyunun 4-ü Konqres tərəfindən qəbul olunmuş ABŞ konstitusiyasına 19-cu düzəliş, qadınlara seçki hüququ verirdi, qanun avqustun 18-i, 1920-ci ildə təsdiqini tapdı. Ancaq bütün bunlar Mark Tven öldükdən 10 il sonra baş verəcəkdi.) 

Qızlar üçün İvrit Texniki Məktəbində görüşdə söylədiyi nitqdən ( 1901-ci il, 20 Yanvar)

"Qadının həyatdakı roluna baxsaq, onu deyə bilərəm ki, qadın həmişə haqlıdır. İyirmi beş ildir ki, mən qadın hüquqları təəssübkeşiyəm. Mən həmişə inanmışam, hələ anam vəfat etməmişdən çox-çox öncədən bilirdim ki, özünün ağarmış saçı və məftunedici zəkasıyla o, mənim qədər biliyə sahibdir. Ola bilsin ki, o, səsvermə haqqında mənim qədər məlumatlıdır.

Qadınların yeni qanunlar çıxarmaqda kömək etdikləri zamanı görmək istərdim. Onların əlində həmin seçki bülletenlərini, nəzarəti görmək istərdim. Bu şəhərin iadərəçiliyinə gəldikdə isə, utancvericilikdən savayı çox şey demək istəmirəm, ayıbdır; əgər bundan sonra 25 il də artıq yaşaya bilsəm, - bunun əksinə bir səbəb görmürəm, - düşünürəm ki, qadınların seçki bülletenlərini idarə etdiklərini görəcəm. Əgər bu gün seçkilər qadınların əlində olsaydı, şəhərdəki hər şey belə vəziyyətdə olmazdı.

Əgər buradakı qadınların bu gün səsvermə hüquqları olsaydı, onlar növbəti seçkilər üçün şəhər merini seçərdilər, onlar öz güclərini oyadaraq buradakı mövcud olan dəhşətli durumu dəyişərdilər".

QADINLARA QARŞI DÜŞÜNCƏ

Tven özünəməxsus satirik ifadə tərzilə Vaşinqton Müxbirlər Klubundakı çıxışında qadınlara aid fikirlərini aşağıdakı nitqində çatdırır:

"Qadın - istənilən peşənin fəxridir və bizim cəvahiratımızdır.

İnsan intellekti qadınlara nə qədər borclu olduğumuzu qiymətləndirə bilməz, cənablar. O, bizim düymələrimizi tikir, paltarlarımızı yamayır, kilsə işlərimizə kömək olur, bizə etibar edir, qonşuların xırda şəxsi işlərinə qədər nə aşkarladıqlarını bizə danışır, bizə yaxşı məsləhətlər verir, qəzəbdən qalxan qaşlarımızı sakitləşdirir, uşaqlarımızı - əsas mahiyyətimizi doğur. Həyatın bütün yönlərində, cənablar, qadına "qurucu kərpic" olduğunu söyləmək onun ədalətli və zərif haqqıdır. Qadını haraya qoyursuzsa-qoyun, cənablar, hansı vəziyyətə və ya məkana, o aid olduğu yerin bəzəyidir və dünyanın xəzinəsidir.

Cənablar, mən bir daha təkrar edirəm, qadını harada yerləşdirməyinizdən asılı olmayaraq, o, cəmiyyətin bəzəyi və dünyanın xəzinəsidir. Sevgili kimi onun tayı-bərabəri yoxdur; yaxın qohum kimi etibarlıdır; zəngin nənə kimi düzəlməz xasiyyətləri olsa da o, dəyərlidir; südanası kimi insanlar arasında ona tay yoxdur.

Yer kürəsinin sakinləri qadınsız necə olardı? Onlarsız azalardıq, kəskin şəkildə azalardıq. Gəlin onlara nəvaziş göstərək, onları qoruyaq, dəstəyimizi verək, bütün həvəsləndirici səylərimizi, simpatiyamızı, özümüzü onlara verək - əgər şansımız varsa.

Bütün jestləri bir kənara qoyaq, Cənab Prezident, qadın sevilməlidir, mərhəmətlidir, xeyirxah ürəyə sahibdir, gözəldir - tamamilə hörmətə və dəyər verilməyə layiqdir".

MARK TVEN YARADICILIĞI

19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində Amerika ədəbiyyatı realizm cərəyanının qalxması ilə müşahidə olunurdu. Tədricən ABŞ-ın kapitalist cəmiyyətinin sosial ziddiyyətlərə səbəb olduğunu, insanların yoxsulluq uçurumuna yuvarlandığını, sosial faciələri yazılarında əks etdirən müəlliflər meydana çıxmaqda idi. Dövrün ən məhşur realist yazarları arasında Mark Tvenin özünəməxsus yeri vardı. Tven Amerika ədəbiyyatının əvəzedilməz yumoristi və satiristi idi. O, inanırdı ki, heç nə gülüşün hücumlarına tab gətirə bilməz. Oynaq və qeyzli şəkildə qurulmuş kinayəli cümlələrini demək olar ki, bütün əsərlərində, mühazirələrində və esselərində görə bilərik. Onlar kimi gəldi gülüdürə və düşündürə bilirdi, ancaq maraqlı burasıdır ki, Tvenin dilinin kəsəri mühazirələrində iştirak edən dinləyiciləri və ya oxucularını incitmirdi, əksinə, insanlar get-gedə onu daha da çox sevir və ehtiyac duyurdular.

Görkəmli yazıçının kinayəli satirası istər ABŞ siyasi həyatını, istərsə də cəmiyyətin əxlaq qaydalarını insanların özünə güzgü kimi göstərirdi.Tven hər kəsi qara yumoru ilə tənqid edirdi: rüşvətxor dövlət işçilərini, irqçiləri, müstəmləkəçi siyasətçiləri, xürafatçı dindarları, kilsə mövhumatını, dini və milli ehkamlardan törəyən əxlaq qaydalarını və bunların fonunda qadınların cəmiyyətdən sıxışdırılıb təcrid olunmalarını, fiziki və mənəvi güclərinin heçə sayılmasını. Onun hədəfi gənclər idi, sanki " yaşlılardan" əlini üzmüşdü. Mark Tveni tez-tez məktəblərdə, məzun günlərində, kolleclərdə və ya universitetlərdə şagird və tələbələrin əhatəsində görmək olurdu; gənclərin xüsusilə qız öyrəncilərin qarşısında nitq söyləmək onun adi missiyasına çevrilmişdi. Onun mühazirələrinin əsas məqsədi yaxşıya doğru dəyişikliklərin baş verəcəyini dinləyicilərinə ötürmək idi, bu məqsədlə üzünü həmişə gənclərə, özəlliklə gənc qızlara tuturdu, gələcəyin qızlardan - daha doğrusu, savadlı, güclü və mədəni qızlardan--asılı olduğunu düşünürdü. Bu səbəbdən özü ilə uşaqlar arasında çox asan yaranan ünsiyyət qurmuşdu, ona yaxınlaşmaq, onunla söhbət etmək, məktublar yazmaq hər bir kiçik yaşlı ABŞ vətəndaşı üçün münasib idi.

Yazıları, demək olar ki, bütünlüklə avtobioqrafik idi. Uşaqkən qarşılaşdığı hadisələr onda dərin izlər buraxırdı və bu hadisələr gələcəkdə uşaqların mənəvi dünyalarının realistik formalaşmasına xidmət edəcəkdi. Bir şeyi əldə etmək üçün onun yolunda çalışmaq lazım olduğunu, öz şəxsi istəklərinə görə kimlərdənsə, nələrdənsə sui-istifadə etməməyi vicdan məsələsi bilirdi. İstənilən uğura çatmaq üçün onun uğrunda çalışmaq lazım olduğunu, mənasız mövhumatdan uzaq durmağı məsləhət bilirdi. İlkin məktəbli çağları haqda avtobioqrafiyasında yazırdı: " Mrs Horr orta yaşlı, Yeni İngiltərədən olan bir qadın idi, ( ABŞ-ın şimal -şərqində yerləşən region) və oraya məxsus tərzləri vardı, həmişə dərsləri İncildən dualarla başlayar, qısa söhbətlə həmin duaların mənasını açıqlayardı. Bir gün belə söhbətlərin birində deyirdi ki, "Xahiş edin, istəyin, əldə edəcəksiniz, əgər tam qəlbinizlə bir şeyi arzulayıb dua etsəniz, şübhəsiz, duanız qəbul olunacaqdır".
 

Bu sözlər mənə elə şiddətlə təsir etdi ki, mənə verilmiş bu imkandan olduqca məmnun qaldım və həmin dəqiqə sınamağa qərar verdim. Zəncəfilli keks üçün dua etdim. Marqaret Kunman adlı bir çörəkçinin qızı vardı və hər səhər məktəbə zənçəfilli keks gətirərdi, lakin adəti üzrə onu hamıdan gizlədərdi. Duamı bitirər-bitirməz gözümün önündə həmin keksdən dururdu və Marqaret başqa səmtə baxırdı. Bütün ömrüm boyu duanın ləzzətini o vaxt hiss etdiyim kimi bir daha yaşaya bilmədim, artıq mən də inanmışdım! Mənim sonsuz istəklərim olurdu və həmin ana qədər onlar həmişə yerinə yetirilməmiş qalırdı. Lakin bu hadisədən sonra daha mən onları necə həyata keçirə biləcəyimin yolunu öyrənmişdim.

Ancaq bu xəyal da həyatımız boyu etdiyimiz digər xəyallarımız kimi qaldı. Növbəti iki-üç gün ərzində elə ürəkdən, tam səmimiyyətimlə dualar edirdim ki, inanmıram şəhərdə məndən başqa kimsə elə həvəslə dualar edə bilərdi. Lakin bir şey çıxmadı. Sonda bir şeyə qəti əmin oldum, heç bir güclü dua həmin zəncəfilli keksdən ikinci dəfə qarşıma çıxarmayacaq və gözünü zəncəfilli keksindən ayırmayan adamın heç bir güclü duaya ehtiyacı yoxdur.

Həmin günlərdə etdiyim hərəkətlərlə anamı incidirdim. Bir gün məni bir kənara çəkdi və sorğu-sual etməyə başladı. Ona məndə bir dəyişikliklər baş verdiyini demək istəmirdim, çünki anamın yumşaq ürəyi buna dözməyəcəkdi və bu məni kədərləndirəcəkdi, ancaq çox tab gətirə bilmədim, ağlayaraq göz yaşı içində ona daha xristian olmadığımı etiraf etdim. Onun ürəyi parça-parça oldu və səbəbini soruşdu.

Ona izah etdim ki, xristian olaraq dindən öz istəklərimə görə sui-istifadə edirdim və bu fikirlə barışa bilmirdim. O, məni bağrına basdı və sakitləşdirdi. Anamın sözlərindən anladım ki, əgər bu düşüncə tərzi ilə davam etsəm heç vaxt yalnız qalmayacam".

"Bütün müasir Amerika ədəbiyyatı Mark Tvenin "Heklberi Finnin macəraları" adlı bir kitabından başlayır. Əgər onu oxuyursansa, zənci Cimin oğlanlardan oğurlandığı yerdə dayanmalısan. Bu əsl sonluqdur. Qalan hissəsi aldadıcıdır. Ancaq bu, bizim əlimizdəki ən yaxşı kitabdır. Bütün Amerika yazıçılığı oradan yaranır. Ondan əvvəl heç nə yox idi. O vaxtdan bəri də onun kimi yaxşısı, hələ ki, olmayıb". Ernest Heminquey ( 1934)

Bu əsər haqda çox məhşurlardan sitatlar gətirmək olardı, ancaq Heminqueyin fikri onların hamısını birləşdirir. Niyə məhz "Heklberi Finnin macəraları"?

Əvvəlcə əsərin qəhrəmanlarından olan Heklberi Finnin prototipindən danışaq. Tven əvvəllər etiraf etməsə də, sonralar avtobioqrafiyasında yazırdı ki, Heklberi Finn onun uşaqlıq dostu Tom Blenkenşipdir. Tven Tomu necə vardısa, elə də təsvir etmişdi, o yazırdı: "Tom nəcib adətləri olmayan, üstü-başı pinti gəzən biriydi və hər zaman aclıqdan əziyyət çəkirdi, ancaq o, qəsəbəmizdəki əsl azad insan idi, buna görə də həmişə xoşbəxt görkəmi vardı. Bizim hamımızın ona paxıllığı tuturdu". Tomun böyük qardaşı nökərçilikdən qaçan qul zənciyə qaçıb canını qurtarmaqda kömək etmişdi. Amerikanın Cənubunda hələ də quldarlığın hökm sürdüyü yerdə bu hərəkət ağ adam üçün ləyaqətsizlik hesab oluna bilərdi, zənci üçün isə onu tapan adama yaxşı pul mükafatı düşürdü, hansı ki, yoxsul Blenkenşiplər ailəsi üçün heç də pis olmazdı. Ancaq bunlara baxmayaraq, təmiz uşaq vicdanı pul mükafatını heçə sayaraq zənciyə qaçmağa şərait yaratmışdı. Görünür, bu hadisə Semin saf uşaq qəlbində özünə yer tapmış və gələcəkdə Mark Tven təxəllüsü ilə uşaqlığında yaşadığı və şahidi olduğu hadisələri qələmə almağa vəsilə olacaqdı.

Uşaqların dünyasına məxsus səmimi niyyətlərini olduğu kimi onların özlərinə çatdırmaq istəyən yazıçı Heklberinin dili ilə onlarda vicdan, düzgünlük, sözündə dürüstlük və yoldaşlıq kimi əxlaqi dəyərləri oyatmaq istəyir. Əsərin əsas mahiyyəti budur: insan insanı qul kimi görməməli, valideyinlər övladlarını tənbeh etmək və ya cəza vermək məqsədilə mənəvi və fiziki əzməməlidirlər, insanların rənglərinin, inanclarının və maddi durumlarının fərqli olması onlar arasında yoldaşlığın yaranmasına əngəl olmamalıdır. Burada həmçinin dini inancdan irəli gələn mövhumat, böyüklərin fırıldaqçı əməlləri də uşaqların dünyaya baxış pəncərəsindən ələ salınır, pislənir.

Əsər 10-12 yaşlı uşaqlar üçün əvəzedilməz əxlaqi dəyərə malikdir, uşaqların mənəvi dünyasına yaxşı mənada nüfuz edə bilir. Onu məhz bu səbəbdən dünya uşaq ədəbiyyatı incisi hesab edirlər. 

MARK TVENİN AFORİZMƏ ÇEVRİLMİŞ FİKİRLƏRİ 

1. Xeyirxahlıq karların eşidə və korların görə bildiyi bir dildir.

2 .Öz əhvalını qaldırmağın ən yaxşı yolu başqa birisini də sevindirməyi bacarmaqdır.

3. Yaxşı dostlar, yaxşı kitablar və rahat vicdan! Budur ideal həyat.

4. Nə zaman özünü əksəriyyətin arasında gördün, deməli, dayanıb düşünmək zamanı gəlmişdir.

5. Doğrunu söyləyən insanın nəyisə xatırlaması üçün zamana ehtiyacı yoxdur.

6. Təbii ki, bir gün baş verə bilməyəcək heç nə yoxdur.

7. İnsanın xarakteri danışarkən vərdiş halını almış, tez-tez işlətdiyi sifətlərdən öyrənilə bilər.

8. İrəliyə getmənin sirri " başlamaqdan" başlayır.

9. Bağışlamaq - bənövşənin onu əzən dabana xoş qoxu yayması kimi bir hissdir.

10. Dürüst olun, bu insanların könlünü xoş edər, bəzilərini isə təəccübləndirər.

11. Cəsarət qorxuya müqavimət göstərməkdir, qorxunu idarə etməkdir, qorxusuzluq demək deyil.

12. Ölkənə qarşı həmişə sadiq olmalısan, hökumətə qarşı isə layiq olduğu təqdirdə.

13. İnsanın yeganə təsirli silahı var, o da gülüşdür.

14. Üzdəki qırışlar gülüşlərdən qalan izlərin göstəricisi olmalıdır.

15. Ən maraqlı məlumatlar uşaqların dilindən gəlir, bütün bildiklərini birnəfəsə danışıb sonra susurlar.

16. Sevgi qazanmaq istəyəndə tilovunuza ürək qoyun, beyin yox.

17. Maraqlı burasıdır ki, bütün dünyada fiziki cəsarət elə adi hal alıb ki, mənəvi cəsarət nadir tapılır.

18. Yumor bəşəriyyətin ən böyük xeyir-duasıdır.

19. Kitab oxumaq istəməyən adam kitab oxumağı bacarmayan insandan heç nəyi ilə üstün deyil.

20. Ən gözəl geyim insanın öz dərisidir, ancaq təbii ki, cəmiyyət bizdən bundan daha artıq bir şey tələb edir.

21. Əsəbisənsə, dördə qədər say, çox əsəbisənsə - söy.

22. Eybi yox, geyimində diqqətsiz ola bilərsən, təki səliqəli vicdanın olsun.

23. İnsanda hər şey ürək parçalayıcıdır. Yumorun sirli mahiyyəti sevincdə deyil, kədərdədir. Cənnətdə yumor yoxdur.

24. Bir şeyi daha çox qadağa etdikcə, o daha da çox məşhurlaşar.

25. Kədəri tək də yaşamaq olar, sevinci bütünlüklə yaşamaq üçün isə onu kiminləsə bölməlisən.

26. Biz hamımız daxilimizdə eyniyik.

27. Mən insanları nə irq, nə sinif, nə dininə görə ayırıram.Tək əhəmiyyət verdiyim şey insanın insan olmasıdır və bu mənim üçün kifayətdir...

28. İctimai rəy hər şeydən üstün yeganə dəyərli tənqiddir.

29. Fəxri adlara layiq olub onlara sahiblənməmək, layiq olmadığı halda sahiblənməkdən daha yaxşıdır.

30. İnsanı karıxdırmağın ən yaxşı yolu ona həqiqəti söyləməkdir.

31. Bizə hörmət etməyəndə inciyirik, əslində isə ürəyinin dərinliyində heç kim özünə hörmət qoymur.

32. Deməyə söz tapmayanda həqiqəti söylə.

33. İnsan da Ay kimidir, onun da heç kimə göstərmədiyi qaranlıq üzü var.

34. Bank işçisi sənə günəşli havada öz çətirini verən və yağış yağmağa başlayan kimi onu geri alan kəsdir.

35. İstər 20 yaşı olsun, istər 80, öyrənməkdən vaz keçən insan yaşlıdır. Öyrənməyi davam edən istənilən şəxs isə gənc qalır. Edə biləcəyin ən böyük şey odur ki, ağlını həmişə gənc saxlayasan.

36. İlluziyalarınla vidalaşma. Ola bilsin ki, onlarsız da mövcud olacaqsan, ancaq yaşamayacaqsan.

37. Əgər bütün insanlar bir-birləri haqda nə dediklərini bilsəydilər, dünyada cəmi dörd nəfər dost tapmaq olardı.

38. Əgər bir acından ölən iti tapıb onu yedirtsən, dirçəltsən, o səni dişləməyəcək. Bu da insan və it arasında əsas fərqdir.

39. Elm qədər heyrətamiz bir şey yoxdur. Mənasız bir faktın təxminindən dolğun bir cavab əldə edə bilirsən.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.