Maraqlı

Sərxoşlar onu bulvarda döydülər

14 İyun 2014 21:14
0 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən Fərhad Yalquzağın yazısını təqdim edir

Əvvəllər sənət adamlarının, o cümlədən rəssamların dəli kimi qəbul edilməsi məni çox incidirdi. Sonralar bunu normal qəbul eləməyə başladım. Düşündüm ki, sənə "dəli" deyirlərsə, Pikasso kimi, Dali kimi vur özünü dəliliyə. Cəmiyyətə bu, lazımdır. Cəmiyyət daim şou axtarır, çünki darıxır. Özünlə baş-başa qalan zaman isə otur emalatxananda, yavaş-yavaş inandığın ideyaları öz konsepsiyana uyğun köçür kətana. Getenin təbirincə desəm, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün incəsənət əsərləri hansısa bir konsepsiyaya əsaslanır. Əgər cəmiyyət sənin konsepsiyanın dalğasına düşə bilmirsə, qoy, hər şeyi istədiyi kimi qəbul edib səni daşlasın.

Müəyyən səbəblərdən sağlam düşüncəsini itirib ruhi xəstəlik tapmış rəssamlar var: Vinsent van Qoq, Edvard Munk, Kamilla Klodel. Özlərini dəli yerinə qoymuş, daim artistlik edib gündəmdə qalan rəssamlar da var: Pikasso, Dali. Bir də var, heç bir ruhi xəstəliyi olmadan cəmiyyət tərəfindən dəli kimi qəbul olunan rəssamlar. Bunların içində Sezann, Modilyani, Qogen xüsusi yer tutur. Mən bu gün sizə Qogen haqqında danışmaq istəyirəm.

Somerset Moemin "Ay və qara şahı" romanını yəqin ki, çoxunuz oxumusunuz. İngilis birjasında broker işləyən Striklənd birdən-birə ailəsini atıb Fransaya gedir və rəssamlıqla məşğul olmağa başlayır. Tanış mənzərədir. Əslində, bu romanda süjet xətti Pol Qogenin həyatından götürülüb.

Qogen, doğrudan da, birjada broker kimi çalışıb. Ancaq İngiltərədə deyil, Danimarkada. On illik birja işi zamanı Pol yaxşıca varlanmış, cəmiyyətdə müəyyən bir mövqe tutmuşdu. O, ailə qurmuşdu, dörd uşaq atası olmuşdu. O zaman populyar olan impressionistlərin tablolarından böyük bir kolleksiya toplamışdı. Və özü də həvəskar kimi rəssamlıqla məşğul olmağa başlamışdı.
 

Əslində, cəmiyyət üçün hər şey yerli-yerində, qaydasında idi, yəni Qogen hələ "cızığından çıxmamışdı". Ancaq vulkan yavaş-yavaş qaynamağa başlayırdı. Püskürməyinə az qalırdı. Günlərin bir günü Qogen öz əsərlərindən birini Salona göndərir. Nə qədər qəribə olsa da, əsəri qəbul edirlər. Sonra o, impressionistlərin ağsaqqallarından biri, Kamil Pisarro ilə tanış olur və dərhal onun təsiri altına düşür. İmpressionistlərin sərgilərində əsərlərini sərgiləməyə başlayır. Bax, bu zaman onun ailəsi artıq həyəcan təbilini çalmalı idi. İncəsənət aləminə düşəndən sonra damarlarında Peru hindularının qanı axan Qogen yaşadığı cəmiyyətin nə qədər maraqsız olduğunu dərk etdi. Və günlərin bir günü vulkan püskürdü: Qogen o zamanacan qazandığı hər şeyi ailəsinə buraxıb cibində cəmi 100 frankla Parisə köçdü.
 

Əlbəttə, cəmiyyət onu qınayacaqdı. Cəmiyyət zatən yaradıcı insanı qınamaq üçün formalaşıb. O, çox qəddardır, onun cızığından qırağa çıxanları əsla bağışlamır. Sən ya palaza bürünüb el ilə sürünməlisən, ya da qotur dana kimi naxırdan uzaqlaşdırılacaqsan. Qogen qotur dana idi. Onun quyruğuna vedrə bağlayıb naxırdan uzaqlaşdırdılar.
 

Paris həyatı
 

Paris rəssamın formalaşmasına böyük təsir göstərir: impressionistlər, simvolistlər, bir-birindən maraqlı digər cərəyanlar. Emil Bernar, Vinsent van Qoq, Pisarro, Mone, Sezann kimi rəssamlarla tanışlıq Qogen üçün göydəndüşmə fürsət idi. İmpressionistlərdən və postimpressionistlərdən çox şey öyrənməyinə baxmayaraq o, simvolistlərə meyl etməyə başlayır. Ani təəssüratı çəkmək onun yaradıcı təbiətindən uzaq idi. Qogen daha qalıcı ideyaların tərənnümünə köklənmişdi. Digər tərəfdən də onun damarlarındakı hindu qanı səyahətlər üçün qaynayırdı.
 

İlk öncə rəssam dostu Laval ilə birlikdə Martinikaya səfər edən Qogen, Fransaya qayıtdıqdan sonra ciddi surətdə Taitiyə köçmək haqqında düşünməyə başlayır. Bu fikir onu heç zaman tərk etmirdi. Ancaq hələ tanınmamışdı, pul-parası yox idi. Maddi cəhətdən Vinsent van Qoqun qardaşı, qalereyaçı Teo van Qoqdan asılı vəziyyətdə idi. Teo isə qardaşının arzusuna uyğun olaraq onu Fransanın cənubunda yerləşən əyalət şəhəri Arla - Vinsentin yanına göndərmək istəyirdi. Vinsent Arlda rəssamların kommunasını yaratmaq arzusu ilə alışıb-yanırdı və hamıdan öncə dostu Pol Qogeni yanında görmək istəyirdi. Qogen isə artıq dəliliyinə şübhə etmədiyi Vinsentin yanına köçməyə o qədər də tələsmirdi. Ancaq o, pulu tükənəndən sonra başqa çarəsi qalmadığından praqmatik addım ataraq Arla köçməyə razılıq verir.
 

Ancaq o, arxasınca bütün körpüləri yandırmır (Pol, Arl macərasının qısa olacağını təxmin edirdi). Teo onun bütün borclarını ödəyir, cibinə əlavə pul da qoyub qardaşının yanına göndərir. Vinsentin arzusu sanki gerçəkləşməyə başlamışdı...

Arl sərgüzəştləri
 

İlk vaxtlar onlar birtəhər yola gedirlər. Bizim təbirimizcə desək, bir-birini yola verirlər. İki ay birlikdə yaşayan rəssamlar, etüdlərə çıxır, plenerdə molbertlərini yanaşı qoyub işləyirlər. Vinsent özünün məşhur "Günəbaxanlar"ını çəkir, Pol isə onu bu proses zamanı təsvir edir. Ancaq Vinsentin onun işinə müntəzəm müdaxilələri Polu artıq özündən çıxarmağa başlamışdı. Onlar demək olar ki, hər gün incəsənət barəsində mübahisə edir, heç bir zaman bir-birinin mülahizələri ilə razılaşmırdılar. Səsləri batana kimi bağırışırdılar. Hər dəfə imkan düşən kimi Vinsentin sevdiyi rəssamları Qogen söyürdü, Qogenin sayğı göstərdiyi rəssamları da Vinsent təhqir edirdi.

Bıçaq artıq Qogenin sümüyünə dirənmişdi. Və bir gün Vinsentin tutması tutur, özünü öldürmək üçün boya qarışdıran kimyəvi maye şüşəsini götürüb başına çəkir, ardınca da ülgücü götürüb sağ qulağının yarısını kəsir. Qogen də fürsətdən istifadə edərək dərhal dabanına tüpürüb aradan çıxır (bir sürə hətta Vinsentin qulağının kəsilməsində Qogeni suçlu bilirlər). Van Qoq isə onu unutmur, bir sürə sonra Qogenin boş qalmış kreslosunun üzərində bir şam yandırıb onu kətanda əks etdirir...
 

Qogen bir az pul toplayan kimi gəmiyə oturub Taitiyə gedir. Bir müddət orada işləyəndən sonra o, Fransaya qayıdır, ancaq yenə də burada duruş gətirə bilmir. Onun Taitidə işlədiyi tabloların sərgisi açılır, Qogen böyük uğur qazanır.
 

İki il Fransada yaşayandan sonra o, artıq həmişəlik Avropanı tərk edərək arzuladığı mühitə qayıdır. Markiz adalarında on üç yaşlı bir xanımla evlənib oğul-uşaq atası olur.
 

Həmin vaxt Qogen xəstəlikdən əziyyət çəkirdi. Sonuncu dəfə Parisdə olan zaman onu sərxoş əsgərlər bulvarda möhkəmcə əzişdirmiş, ayağını sındırmışdılar. Bu yara ömrünün sonuna kimi ona əziyyət versə də, Pol daim yeni əsərləri üzərində işləyir, onların bir hissəsini gəmiylə Fransaya göndərirdi.
 

Öncədən də söylədiyimiz kimi, Qogen simvolizmə çox maraq göstərir, özünü simvolist hesab edirdi. Yaradıcılığının ilk dönəmində isə işlədiyi tablolarda impressionistlərin və postimpressionistlərin təsiri açıq-aydın görünür. Pol Sezannın onun yaradıcılığının sonrakı dönəminə təsiri danılmazdır. Hətta Sezann Qogeni, onun texnikasını oğurlayıb uzaq adalarda öz texnikası kimi qələmə verməyindən şikayətlənirdi. Teo isə Vinsenti ağır vəziyyətdə atıb getdiyinə görə onu xəyanətdə suçlayırdı.
 

Qogen, ümumiyyətlə, insanlarla dostluq münasibəti qurmaqda çox çətinlik çəkirdi: onun eqosu heç kimi yaxına buraxmırdı. Uzun sürən xəstəliyin nəticəsində dünyasını dəyişəndən sonra da onun cəsədini Avropaya qaytarmaq haqqında düşünən olmadı - Qogen elə öldüyü yerdə, uzaq Markiz adalarında torpağa tapşırıldı.
 

Qogenin incəsənət dünyasına verdiyi töhfə bu gün hər yerdə qəbul olunur. Onun əsərləri çox baha satılır, dünya muzeylərində göz bəbəyi kimi qorunub-saxlanılır. Onun haqqında bir neçə film çəkilib, minlərlə elmi və bədii əsər yazılıb. Uzaq Merkuri planetinin bir kraterinə də onun adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.