Maraqlı

Ölüm hökmü və ya vicdan iynəsi

7 Mart 2014 18:58
0 Şərh     Baxış: 1 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölüm hökmü - cinayətə görə verilən ən ağır cəzadır. Müasir cəmiyyətlərin mühakimə hüququ bu cəza növünü qeyri-qanuni saysa da, bu gün də bəzi ölkələrin qanunu ən ağır cinayətlər zamanı ölüm hökmünə icazə verir. Ölüm hökmünün yerinə yetirildiyi ölkələr siyahısında ilk beşlikdə Çin, İraq, Səudiyyə Ərəbistanı, İran və ABŞ durur.

Milli.Az Tagmag.az-a istinadən bildirir ki, ABŞ-ın 33 ştatında xüsusi amansızlıqla edilmiş cinayətlər zamanı ölüm hökmü tətbiq olunur. Müxtəlif şəkillərdə icra olunan hökmün ən geniş yayılanı "Ölüm iynəsi"dir. Bu prosedur zamanı məhkumun venasına 3 kimyəvi maddənin qarışığından ibarət xüsusi iynə vurulur.

"Esquire" jurnalı cəzanın yerinə yetirilməsi üçün məhkumları iynəyə hazırlayan tibb bacısından müsahibə götürüb. Müasir Amerika cəmiyyətində ölüm hökmü necə həyata keçirililir? 26 ildir tibb bacısı işləyən və 14 ölüm hökmünün həyata keçirilməsində iştirak edən Keren adlı tibb işçisi bu barədə sualları cavablandırır.

- Ölüm hökmünün həyata keçirildiyi kamerada özünüzü necə hiss edirsiniz?

- Bilirsiniz, ora əməliyyat otağını xatırladır. Havası sərindir. Otağın mühiti çox sadədir, düzü, xüsusi dəmir çarpayıdan başqa heç nə yoxdur. Pleksiqlas (şəffaf plastik kütlə) şüşənin arxasında şahidlər üçün kilsədəki kimi oturacaqlar qoyulub. Onlar oradan çarpayıda uzanmış məhkumu müşahidə edə bilirlər.

- Edamda nə kimi rol oynayırsınız?

- Məhkum otağa daxil olub, çarpayıya uzandırıldıqdan sonra biz içəri giririk. Sonra hər şey xəstəxanadakı kimidir - adi pasiyentlə necə davranırıqsa, məhkumla da o cür. Biz həmişə onlarla söhbət edir və gördüyümüz işi ətraflı danışırıq. Rezin bağı qoluna bağlayır, spirtlə təmizləyirik. Sonra adi kateteri (bədən boşluqlarına və ya kanallarına dərman yeritmək üçün boru) qoşub, məkanı tərk edirik.

- Məhkumun venasını axtararkən nə barədə düşünürsünüz?

- O an düşünürəm ki, vena daxilinə köçürmə etməliyəm. Adətən biz məhkumlarla söhbət edirik. Onlar bizə qarşı çox mehribandırlar. Hətta hərdən bu tip sözlər deyirlər: "Bu, düşündüyüm qədər də ağrılı deyilmiş". Kimisə öldürdükdə belə, istəyirsən ki, bu iş mümkün qədər tez və ağrısız olsun. Həmin insana hörmətlə yanaşmağa çalışırsan.

- Bəs sonra, hər şey ağrısız və tez olduqdan sonra?

- Sonra, biz xüsusi pərdənin arxasına keçirik. Hər şey bundan sonra başlayır: hökm oxunur, şahidlər öz yerlərində əyləşirlər. Sonra iynə vurulur... İstər məmur, istər həbsxana rəhbərliyi, istər şahidlər, istərsə də mühafizəçi - hamı çox sakit dayanır. Ölüm tez gəlir. Altı, yeddi, uzağı səkkiz dəqiqə davam edir. Sonra sadəcə çıxıb gedirsən... Heç nə düşünmədən.

- Bəs "zərər verməmək" barədəki Hippokrat andı? Belə çıxır ki, siz öz pasiyentlərinizin qayğısına qalmırsınız.

- Mən onlara ölümcül xəstəliyə yoluxmuş insanlara yanaşdığım kimi yanaşıram. Onlara ölüm hökmü verilməsi ölümcül xəstəlik diaqnozunun qoyulması kimidir. Apellyasiya müraciətləri bir növ xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilən kimyaterapiyadır. Əgər apellyasiya şikayəti təmin olunmursa, ölümcül xəstəlik öz işini görür. Buna görə də hesab edirəm ki, hər bir xəstə kimi onlar bu sonu layiqincə yaşamaq istəyirlər. Bu ləyaqəti isə onlar yalnız xüsusi təlim görmüş insanların köməyi ilə əldə edə bilərlər.

- Əgər öhdənizə təkcə kateteri qoşmaq deyil, zəhəri birbaşa damara ötürmək düşsəydi, bu sizə ağır gələrdi?

- Mən özüm iynəni vurmaq istəməzdim.

- Niyə?

- Bu yəqin ki, qəribə görünür. Düzü, bunlar arasında elə də fərq görmürəm. Mən iynəni venaya batırmağın əleyhinə deyiləm. Çünki bu işi öyrənmişəm, bacarıram. Ancaq artıq dozaya görə cavabdeh olmaq istəmərəm.

- Deməli, sizin üçün müəyyən etik normalar mövcuddur?

- Bəli.

- Xatirinizdə qalan ən ağır edam barəsində danışın.

- Cinayəti işlədikdən sonra xristianlığı qəbul etmiş bir məhkum vardı və o, bu barədə çox danışırdı. Edam vaxtı yaxınlaşdıqda onun son sözləri belə oldu: "Həbsxanada çox gözəl insanlar işləyir, bu illər ərzində ona çox kömək ediblər və insanca davranıblar". Deyirdi ki, Tanrı onu gözləyir, o xilas olub və Cənnətə düşəcək, işlədiyi cinayətə görə cəzasını alacaq və bunun cəzası ölümdür. Buna görə də bu qərarı öz istəyi ilə qəbul edir. Hər kəs ağlayırdı, hətta zabitlər də. Bilirsiniz, bu cür sağlam, güclü gənclərin ağlayacağını heç gözləmirsən. Üstəlik, hansısa məhkumdan ötrü... Ancaq birdən hamının gözündə yaş əmələ gəldi. Və bu yaxşı hal idi... çünki o öz istəyi ilə cəzasını qəbul edirdi. Bu cür hallar heç vaxt unudulmur.

- Bilirəm, bu suala cavab vermək olduqca çətindir. Ancaq siz özünüzü cəllad hesab edirsinizmi?

- Xeyr. Hesab etmirəm. Özünü cəllad hesab edən heç kimi də tanımıram. Hətta düyməyə basıb, məhkumun həyatına son verənləri belə cəllad saymıram. Bunu belə təsəvvür edirəm - cəllad dövlətdir, biz isə proseduru həyata keçiririk.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.