Maraqlı

Sənətin ən çılpaq halı

18 Sentyabr 2013 16:46
0 Şərh     Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Nü" yunan əlifbasının 13 hərfidir, incəsənətdə isə tamamilə fərqli bir anlam daşıyır: "çılpaq fiqur". Bizim kültürümüzdə nü sənəti daha çox erotik və pornoqrafiya olaraq qiymətləndirilir. Bəli, nü rəsimlərində çılpaqlıq və cinsəllik anlayışları mövcuddur, lakin bu, bizim düşündüyümüz erotik tərzin əksinə sevginin, bağlılığın, naturallığın estetik görüntüsünü əks etdirir. Bu səbəbdən hər gördüyümüz çılpaq rəsmi də nü adlandırmaq doğru yanaşma deyil.

Nü əsərindəki çılpaqlığın məqsədi pornoqrafiya deyil, sənətdir

İzləyicinin hansı düşüncə ilə nü rəsmini incələməsindən asılı olmayaraq hər bir halda ortada çılpaq bir bədənin təsviri yer alır. Burda əsas öhdəlik işin ustasının(fotoqraf, rəssam və s.) üzərinə düşür. İşin keyfiyyəti ustanın niyətindən və professionallığından asılıdır. Qısacası, onun məqsədi nədir? Cinsəl istək oyatmaq, yoxsa insan bədənini istifadə edərək bir düşüncəni əks etdirmək? Bu səbəbdən hər istənilən insanın bu sənətlə məşğul olması mümkün deyil. Əks təqdirdə əsərdəki çılpaqlıq pornoqrafiyaya keçid alır.

Nü rəsminin əsas məqsədi insan anatomiyasını düzgün qavrayaraq onun bədən dilini ortaya çıxartmaq və rəsmə yansıtmaqdır. Yeri gəlmişkən onu da qeyd edim ki, daha çox nü sənətində model olaraq qadınlardan istifadə edilir. Çünki kişiyə nisbətən qadın bədəni daha estetik və ritm duyğularını özündə əks etdirmə qabiliyyətinə malikdir.

"Sənət əslində yaratmaq mənasında tanrıyla rəqabətə girməkdir"

Bizdə hal-hazırda professional olaraq bu sənətlə məşğul olan konkret şəxslər yoxdur. Bu barədə araşdırma edərkən Mədəniyyət və İncəsənət universitetindən bir neçə şəxslə əlaqə saxladıq, sadəcə məlumat verə biləcəklərini söylədilər. Son illərdə həvəskar fotoqrafçılar bu işlə sadəcə 1-2 rəsm örnəyi olaraq işləyirlər. Lakin nü sənəti ilə az da olsa, maraqlanan şəxslər bu rəsmlərin nü olmadığını aydınca sezə bilər. Əsas səbəb təbii ki, təcrübəsizlikdir. Təcrübə qazanmaq üçün çox çalışmaq gərək, bunun üçün də bizdə o dərəcədə nə şərait var, nə də ki, sənət düşüncəsi. Çünki bilindiyi kimi cəmiyyətdəki tabular, dindən gələn qadağa və ayıb anlayışları bu sənəti tamamilə bizə yad edir. Belə ki, İslam dinində canlıların surətinin yaradılması ayət və hədislərlə müxtəlif şəkillərdə təfsir edilərək nəticədə qadağa edilmişdir. Qısacası, bu islamiyyətdə Allaha şirk qoşmaq sayılır. Mikalencelo deyirdi ki, "Sənət əslində yaratmaq mənasında tanrıyla rəqabət etməkdir." Yəqin ki, məhz bu fikir İslami düşüncənin sənətə olan münasibətini daha yaxşı ifadə edir. Bu səbəbdən İslam ölkələrində rəsm sənətinin inkişafı Qərblə müqayisəyə gəlməz.

Əslində çılpaqlığın və cinsəlliyin incəsənətdə istifadəsi heç də yeni deyildir. Əski yunan sənəti, Renesans dövrü mənbəyini buradan alır. Bizə daha yaxın olan Osmanlı miniatur sənətində də nü rəsmləri yer almaqdadır. Hətta İslam dinində günah və qadağa sayılmasına baxmayaraq tamamilə çılpaq rəsmlər belə çizilmişdir. Abdullah Buxarinin Topkapı Saray Kitabxanasından tapılan "Hamamda Yıkanan Kadın" (yıkanmak-çimmək) əsəri buna misal ola bilər. Ruhi Avni Lifij, Ali Sami Bayer, Şevket Dağ, Feyhaman Duran, Hikmet Onat Osmanlının ilk nü çalışmaları olan usta sənətçiləridir. Qadağalar hər zaman pozulmağa məcburdur. Bütün tabulara baxmayaraq Osmanlının Paris elçisi Halil Şerif Paşa qadının bütün cinsəl orqanlarını detallı şəkildə göstərdiyi üçün bütün dünyada müzakirə edilən və bu gün dünyanın ən önəmli muzeylərində sərgilənən Gustave Courbetin 1866-ildə çəkdiyi "Dünyanın qaynağı" adlı əsərini almışdı.

Nü sənətinin tarixi peşəkarları

Erkən xristianlıqda sənətdəki erotizm ayıb və qadağa anlamı daşıyırdı, lakin buna baxmayaraq ilkin dövrlərdə belə bütpərəstliyin izləri qalmaqda davam edirdi. Bunu ilk olaraq Avropadakı kilsələrdə yer alan müxtəlif erotik fiqurlarda aydınca sezmək olardı. Bunların içərisində ən məşhuru vulvalarını göstərən və çılpaq qadın şəklində təsvir olunan Shelahna-Gig bərəkət fiqurları sayılırdı. Qotik kilsələrində də erotik təsvirlərə yer verilmişdi

XV əsrdə Renesansla başlayan yeni humanizm axımı incəsənətin bütün sahələrində köklü dəyişiklərə gətirib çıxardı. Artıq əvvəlki utanc və qadağa anlayışı sənətdə yumşalmağa başlamışdı. Renesans sənətindəki erotik motivlərin əsas qaynağı Yunan mifologiyası idi. Bu dövrün əsərlərini Afrodit, Venus və Zevs başda olmaqla saysız mifolojik qəhrəmanlar bəzəmişdir.

Dünyaca məşhur rəssam Leonardo da Vinçi'nin "Mona Liza" və "Məryəm və çocuğu" kimi rəsmləri Renesansın heç şübhəsiz ki, erotik təsir bağışlayan ən güclü əsərləri sırasındadır. Mikelancelonun "David" heykəli, Rafaelin freskaları da hələ uzun müddət öz adından söz etdirəcək.

Almaniyaya erotik rəsm sənətini götürən ilk rəssam Dührer olmuşdur. Onun 1510-cu ildə çəkdiyi bir-birini qucaqlamış şəkildə təsvir olunan "Adəm və Həvva" tablosu ən qiymətli əsərlərdən hesab olunur.

Çılpaqlığa qarşı olan konservativ mövqeyinə baxmayaraq rəsm tarixinin ən önəmli 2 çılpaq tablosunu ispanyalı rəssamlar Veiasquez və Goya işləmişdir. Onlar "Rokeby Venüs'ü" və "Çılpaq Maya" idi

XVIII əsrdə Fransada da bu axım yayılmağa başlamışdı. Lakin əsas fərq buradakı çılpaq sənətin daha çox Fransız sarayının məhəbbət və əyləncə içində keçən abu-havasını təsvir etməsi idi. Bu dövrün ən məşhur fransız tablosu erotik rəsmin başlıca ustası sayılan Waüeau'nun "Maraqlı" adındakı bir qadının ətəyinin altından baxan bir kişi olaraq təsvir edilən əsər sayılır..

XIX əsrdə nəşr texnikasının inkişafı erotik rəsmlərlə dolu kitabların çapını sürətləndirdi. Onu da qeyd edim ki, əvvəlki dövrlərlə müqayisədə artıq bu rəsmlər daha çox rəğbət görməyə başlamışdı. Artıq mövzular da dəyişmişdi, belə ki, mifologiyalar yerini qadınların ruhi dünyasına buraxırdı. Nəinki cinsəllik, hətta homoseksual əlaqələr təsvir edilirdi. Fahişələr də unudulmamışdı. Lautrek'in ən azı 50 tablosunun mövzusu fahişələrə həsr edilmişdi. Vincent Van Qoq da fahişə portrelərini çizən rəssamlar sırasında idi. Lakin bu tablolar cinsəllikdən ötəyə keçərək duyğusallığı əks etdirirdi. Bu əsərlərə diqqət yetirsək, görərik ki, onlar təhrik məqsədi güdmür, erotizmi duyğusallıqla təsvir edir, qəhrəmanları seks obyekti kimi yox, sadəcə gözəllikləri, anlatmaq istədikləri hekayələri ilə məşhurlaşırdı.

Azərbaycan miniatür sənətindəki ilk nü nümunələri

Şərqin tabularını az da olsa, nəinki sadəcə Osmanlılar, hətta biz də rəsm anlamında qırmış hesab oluna bilərik. Belə ki, kiçik bir araşdırma zamanı, qarşıma çox maraqlı faktlar çıxdı. Dünyaca məşhur Şərq miniatür məktəbinin əsas qollarından olan Azərbaycan miniatür sənətində nü çalışmaları yer almışdır. Bunlardan biri də Füzulinin "Hədiqətüs Süəda" miniatürlü yazmasındakı yer alan bu rəsmdir. Əlyazma bu gün Paris Bibliotheque Nationale kolleksiyasında yer alır. Onu da qeyd edim ki, erkən nü çalışması sayılan bu miniatürlər heç də bununla bitmir. Sadəcə bir az araşdırma etməniz yetərlidir.

Müasir Azərbaycan incəsənətində yuxarıda bəhs etdiyim kimi sırf bu sənətlə məşğul olan şəxslər yoxdur. Lakin məşhur rəssamların əsərləri içərisində nü çalışmaları da yer alır. Onlardan bəzilərini sizə təqdim edirik:

Nü rəsmini başa düşməyə məcbur deyilsiniz

Pikasso deyirdi ki, bütün rəsmlərin izləyici tərəfindən anlaşılması, başa düşülməsi kimi bir dərdi, gözləntisi yoxdu. Kim necə istəyər o şəkildə də görər. Demək, əsas məsələ əsərin keyfiyyəti ilə bərabər izləyicinin beyin və düşüncəsi ilə bağlıdır. Çox təəssüf ki, cəmiyyətimizdə var olan tabular bizim bu sənətə olan sevgimizi, marağımızı izləməkdən daha irəliyə apara bilmir. Hətta bəzən vəziyyətimiz IV Karlosdan fərqlənmir. İspanyalı rəssam Fransisco Goyanın Madrid Prado Muzeyində eyni qadını iki şəkildə təsvir etdiyi çox məşhur iki tablosu var: biri "La Maja Desnuda" (Geyinik Maja), digəri isə "La Maja Vestida"( Çılpaq Maja). Deyilənlərə görə, İspanya Kralı IV Karlos çirkin arvadı Kraliça Maria Luisa onu ziyarətə gələndə otağının divarına "La Maja Vestida" portretini asdırarmış, görüş bitincə digər portret əski yerini alırmış. İndi düşünürəm, deyəsən biz də bəzən bu vəziyyətə düşürük, elə deyilmi?

Kult.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.