Maraqlı

İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş

11 Sentyabr 2026 05:05
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İş yerində özünü yaxşı hiss etmək həm əməkdaşların sağlamlığı, həm də iş performansı baxımından böyük əhəmiyyət daşıyır. Araşdırmalar işçilərin ümumi rifahının yüksəlməsinin performansa, deməli, şirkətlərin gəlirlərinə də müsbət təsir etdiyini göstərir. Eyni zamanda, zəhərli bir iş mühiti əməkdaşların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Uzunmüddətli stres tükenmişlik, motivasiya itkisi və depressiya kimi ciddi problemlərə yol aça bilər.

Siz də uzun müddətdir özünüzü yorğun hiss edir, işə getməkdə və ya işə başlamaqda çətinlik çəkirsinizmi? İş mühitiniz sizi daim narahat edirsə və tez-tez fasiləyə ehtiyac duyursunuzsa, bunun səbəbi iş yerindəki qeyri-sağlam atmosfer ola bilər. Bəs iş mühitinizin həqiqətən zəhərli olub-olmadığını necə başa düşmək olar?

Milli.az xəbər verir ki, aşağıdakı dörd əlamət bu məsələdə sizə ipucu verə bilər:

1. Ünsiyyət əskikliyi
Sağlam iş mühitinin əsas şərtlərindən biri açıq və hörmətli ünsiyyətdir. İşçilər arasında ünsiyyət demək olar ki, yoxdursa və ya vacib məlumatlar sizdən davamlı olaraq gizlədilsə, ortada problem ola bilər. Özünüzü kollektivdən təcrid olunmuş hiss edirsinizsə və ya sizinlə peşəkarlıqdan uzaq, hörmətsiz üslubda danışılırsa, bu hal ciddiyə alınmalıdır.

Hörmət istifadə olunan dillə başlayır. Davamlı olaraq təhqir, alçaldıcı ifadələr və ya qınaq dolu şərhlərlə qarşılaşırsınızsa, qeyri-sağlam iş mühitində ola bilərsiniz. Eyni şəkildə, işçilərin bir-birinin arxasınca danışması və qeybət etməsi də iş yerindəki etibar duyğusunu zədələyir və gərginliyi artırır.

2. Rəhbərliyin pis rəftarı
Rəhbərinizin sizə necə davranması iş mühitinin sağlam olub-olmadığını anlamanın ən vacib göstəricilərindən biridir. Əlbəttə ki, iş həyatında tənqid qaçılmazdır və düzgün şəkildə edildikdə işçilərin inkişafına töhfə verə bilər. Lakin tənqidin şəxsi yanaşmalara, kiçiltməyə və ya alçaltmağa çevrilməsi qəbuledilməzdir. Stresli dövrlərdə və ya fikir ayrılıqları zamanı belə peşəkar və hörmətli ünsiyyət qorunub saxlanılmalıdır.

Bununla yanaşı, yaxşı rəhbər işçilərindən gələn rəyləri (feedback) dinləməli və lazım gəldikdə öz davranışını sorğulaya bilməlidir. Rəhbəriniz heç bir tənqidi qəbul etmirsə, hər məsələdə özünü haqlı sayırsa və ya işçilərin fikirlərini davamlı olaraq görməzdən gelirsə, bu vəziyyət iş yerindəki stresin əsas mənbəyinə çevrilə bilər. Belə hallarda etibar etdiyiniz iş yoldaşınızla danışmaq və baş verənləri birlikdə dəyərləndirmək faydalıdır.

3. Həmkarlar arasında pis münasibətlər
İş yoldaşlarınızla hamının yaxın dost olması vacib deyil. Sağlam iş mühitində ən azı qarşılıqlı hörmət və peşəkar ünsiyyət olmalıdır. Davamlı qeybət edilməsi, şayiələrin yayılması və işçilərin bir-biri haqqında mənfi danışması komanda daxilindəki etimadı sarsıdır. Buna görə də belə söhbətlərə mümkün qədər qoşulmamaq vacibdir.

Digər bir problem həddindən artıq iş yüküdür. Çalışqan və köməksevər olmaq müsbət xüsusiyyətlərdir, lakin davamlı olaraq başqalarının vəzifələrini üzərimizə götürmək bir müddət sonra tükənməyə səbəb ola bilər. Xüsusilə işlərin komanda daxilində ədalətli paylaşdırılmadığı və ya bəzi işçilərin daimi olaraq digərlərindən asılı olduğu mühitlərdə bu hal daha tez-tez baş verir.

İş yerində psixoloji təzyiq də nəzərdən qaçırılmamalı olan ciddi problemdir. Bir işçinin davamlı olaraq hədəf alınması, kənarlaşdırılması, alçaldılması və ya təzyiq altında saxlanılması təkcə həmin şəxsin deyil, bütün iş mühitinin sağlamlığına mənfi təsir göstərir.

4. Fasilə vermək üçün uyğun yerin olmaması
Hər kəsin iş zamanı vaxtaşırı nəfəs almağa və zənnini dincəltməyə ehtiyacı olur. Buna görə də işçilərin qısamüddətliyinə işdən uzaqlaşa biləcəyi, dincələ biləcəyi və istəsə həmkarları ilə söhbət edə biləcəyi müvafiq istirahət sahəsinin olması vacibdir. Rahat və sakit mühitdə qısa fasilə vermək təkcə işçilərin özlərini daha yaxşı hiss etmələrinə kömək etmir, eyni zamanda işə yenidən fokuslanmanı da asanlaşdırır.

Zəhərli iş mühitini hələ işə başlamazdan əvvəl necə anlamaq olar?
Hələ işə başlamazdan əvvəl də potensial iş yerinizin necə mühitə sahib olduğu barədə bəzi ipuçları əldə edə bilərsiniz. Müsahibə zamanı yalnız sizə verilən suallara deyil, ofisdə baş verənlərə də diqqət yetirin:

Ofisə daxil olanda işçilərin bir-biri ilə necə danışdığına fikir verin. Onların səs tonu və bədən dili mühit haqqında önəmli ipuçları verir. İnsanlar bir-birinə hörmətlə yanaşır, yoxsa gərgin və istehzalı ünsiyyət hökm sürür?

Ofisin ümumi atmosferini müşahidə edin. İlk baxışdan önəmsiz görünə bilən ortaq istifadə sahələrinin təmizliyi və səliqəsi iş yerindəki ümumi nizam anlayışından xəbər verir. Xüsusilə də tualetlərin baxımsız və səliqəsiz olması işçilərin ortaq sahələrə nə qədər dəyər verdiyini göstərən mühüm amildir.

İşə qəbul prosesinin hədsiz sürətli irəliləməsi həmişə mənfi məna daşımır. Lakin işəgötürən vakansiyanı doldurmaq üçün böyük tələm-tələsik içindədirsə, bunun səbəbini anlamağa çalışmaq faydalıdır. Daim kadr dəyişikliyi yaşanan və ya kadr çatışmazlığı səbəbindən təcili yeni işçiyə ehtiyac duyulan iş yerində iş yükü və şərtlər gözlədiyinizdən qat-qat çətin ola bilər.

Nəhayət, daxili səsinizi unutmayın. Müsahibə zamanı özünüzü narahat hiss etməyiniz təkbaşına qəti sübut olmasa da, müşahidə etdiyiniz digər mənfi əlamətlərlə birləşdikdə iş mühiti haqqında ciddi bir xəbərdarlıq ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.