Maraqlı

Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?

5 İyun 2026 00:49
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir əşyanı tullamaq bəzən düşündüyümüzdən qat-qat çətin ola bilər. Çünki məsələ çox vaxt həmin əşyanın özü deyil. Köhnə bir fincan, illərdir saxlanılan konsert bileti yaxud istifadə edilməyən bir çanta - hər biri bir xatirəni, bir duyğunu və ya həyatımızın müəyyən bir dövrünü təmsil edə bilər. Bu səbəbdən evlərdə yığılıb qalan şeylər sadəcə cansız əşyalar deyil, keçmişimizin səssiz şahidləridir.

Milli.Az xəbər verir ki, məhz buna görə də dağınıqlıq, zənn edildiyi kimi sadəcə bir səliqə-sahman məsələsi deyil. Daha dərin qatılarda şəxsi keçmişlə, duyğularla və vərdişlərlə hörülmüş bir hekayə daşıyır. Bu nöqtədə məsələyə sadəcə "yığışdırılmalı bir ev" kimi baxmaq yetərsizdir; əsas olan əşya toplamaq davranışının arxasındakı emosional ehtiyacları anlamaqdır.

Əşya toplamaq nə zaman problemə çevrilir?
Mütəxəssislər dağınıqlığı "yaşam sahəsində qarışıqlıq yaradan, çox sayda və pərakəndə halda olan əşyalar" kimi xarakterizə edirlər. Lakin burada mühüm bir məqam var: hər dolu ev dağınıq, hər dağınıq görünən ev isə problemli həyat demək deyil. Ekspertlərin vurğuladığı kimi: "Mənim dağınıqlığım sizə aid deyil". Bir ev kənardan qələbəlik görünə bilər, amma orada yaşayan şəxs üçün olduqca funksional ola bilər.

Əsas meyar: Həyatınız necə təsirlənir?

Əgər yemək masası daima dağınıq olduğu üçün istifadə edilmirsə,

"Sonra edərəm" deyilən işlər yığılıb zehni yük yaradırsa,

Evin içində hərəkət etmək belə insanı yorursa, deməli dağınıqlıq artıq fiziki deyil, emosional yükə çevrilmişdir.

Əşyaların ardındakı görünməz duyğular
Əşyaları saxlamağın ən böyük səbəbi onlara yüklədiyimiz mənalardır. İnsanlar üçün bir əşyanı qorumaq həm də keçmiş bir dövrü, bir xatirəni və ya köhnə "mən"i yanında tutmaq arzusudur.

İtirdiyimiz bir yaxınımıza aid fincan, fotoşəkil və ya geyim sıradan bir nəsnə olmaqdan çıxır. Onu atmamaq həmin şəxslə olan bağı qorumaq cəhdi kimi hiss edilir. Halbuki real bağ əşyada deyil, yaddaşdadır.

Ad günləri kartları, köhnə qeydlər, kiçik hədiyyələr... Zamanla bu əşyalar qutulara sığmayacaq qədər böyüyür. Burada özümüzə verməli olduğumuz sual budur: Xatırlamaq üçün həqiqətən hər bir nəsnəyə ehtiyacımız varmı, yoxsa bəzi duyğuları qəlbimizdə daşımaq yetərlidir?

İmtina etməyi çətinləşdirən digər amillər
Əşya toplamağı bəsləyən amillərdən biri də qərarları təxirə salmaqdır. Bu, tənbəllikdən deyil, emosional qaçışdan qaynaqlanır. "Sonra baxaram" deyib kənara qoyduğumuz hər əşya ertələnmiş bir qərardır və zamanla qapalı bir dövrə yaradır: təxirə saldıqca yığılır, yığıldıqca qərar vermək çətinləşir.

Xüsusilə keçmişdə maddi çətinlik çəkmiş və ya köç təcrübəsi olan ailələrdə bu vərdiş daha güclüdür. "Bir gün lazım olar" hissi, gələcəyə qarşı bir təhlükəsizlik zonası yaratmaq cəhdidir.

İdman həvəsi ilə alınıb heç istifadə olunmayan ləvazimatlar, yarımçıq qalmış kurs kitabları... İnsan bəzən həmin əşyalarla birlikdə keçmişdəki versiyasını və ya reallaşmayan xəyallarını saxlayır.

Bu döngünü necə dəyişmək olar?
Dəyişiklik böyük addımlarla deyil, kiçik fərqindəliklərlə başlayır. Mütəxəssislər bu addımları tövsiyə edir:

Otağa baxanda soruşun: "Mən bu otaqda özümü necə hiss etmək istəyirəm?" Bu sual netləşməyəndə hər bir əşya eyni dərəcədə əhəmiyyətli görünür.

Hekayəsini danışın: Səliqə-sahman yaratmaq sadəcə əşyaların yerini dəyişmək deyil, onun niyə orada olduğunu sorğulamaqdır. Bəzən bir əşyanı buraxmazdan əvvəl onun hekayəsini bölüşmək, lise illərindəki imtihan stresini, köhnə dostları yad etmək lazımdır. Hekayə görünən olanda, əşya yük olmaqdan çıxıb sadəcə saf bir xatirəyə çevrilir.

Günün sonunda məsələ əşyalar deyil, onların bizə nə anlatmasıdır. Bir şeyi sərbəst buraxmaq onu yox etmək demək deyil, sadəcə həmin mənanı zehnimizdə doğru yerə qoya bilməkdir. Əsl sual "Bunu niyə saxlayıram?" deyil, "Mən əslində nəyi itirməkdən qorxuram?" sualıdır. Bu sualın cavabı tapıldıqda, insan öz həyatında yenidən geniş yer açmağa başlayır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.