Maraqlı

Ali İmran surəsinin son on ayəsinin izahı

20 Yanvar 2022 22:20
0 Şərh     Baxış: 341

Ali İmran surəsinin 190-200-cü ayələrinin izahı. Peyğəmbər bu on ayəni gecə namazına qalxdıqda oxuyardı. Rəvayət edilir ki, İbn Abbas demişdir: "Bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri olduqda qalxıb yerində oturdu və göyə baxaraq: "Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır" - ayəsini oxudu. Sonra qalxıb dəstəmaz aldı və dişlərini misvakla təmizlədi. Sonra on bir rükət namaz qıldı. Bilal (Sübh namazı üçün) azan verdikdən sonra iki rükət (sübh namazının sünnəsini) qıldı. Sonra məscidə çıxdı və insanlara Sübh namazını qıldırdı." (Səhih əl-Buxari, Fəthul-Bari, 8/176-177).

190. Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-birini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır.

Xəlq etmək əvvəl olmayan bir şeyi icad etməkdir. Göylərin və yerin xəlq edilməsində, yəni göylərin yüksək və geniş olmasında, yerin isə alçaq və sıx olmasında, göydə olan ulduzlarda, günəş və ayda, yerdə olan dənizlərdə, dağlarda, ağaclarda, heyvanlarda və növbənöv bitkilərdə Allahın əzəmətinə dəlalət edən əlamətlər vardır.
Qurani-Kərimdə adətən göy yerdən fərqli olaraq cəm halda qeyd olunur. Bəzi ayələrdə isə göylərin yeddi qat olması bəyan olunduğu halda yerin qatlarının sayı işarə edilərək bildirilir. Uca Allah buyurur: "Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır..." (ət-Talaq, 12). Yəni, yerdən də yeddi qat yaradılmışdır. Səhih hədislərdə isə yerin yeddi qat olması açıq-aşkar qeyd olunur. İbn Ömər rəvayət edir ki, Peyğəmbər demişdir: "Kim başqasının torpağını haqsızcasına zəbt etsə, Qiyamət günü yerin yeddi qatına girər." (Səhih əl-Buxari, 2454).

Həmçinin, gecənin qaranlığı ilə gündüzün aydınlığının bir-birini əvəz etməsində, bəzən gecənin uzun və gündüzün qısa, və ya əksinə olmasında, hərdən də hər ikisinin bərabər olmasında, həmçinin, bəzən gecənin soyuq, gündüzün isə isti olmasında, fəsillərin bir-birini əvəz etməsində, heç kəsin bu nizama müdaxilə edə bilməməsində Qüdrətli və Müdrik Alla­hın sifətlərinin kamil olmasına dəlalət edən ibrətlər vardır. Uca Allah buyurur: "De: "Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?" De: "Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?" O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz" (əl-Qasas, 71-73).

Bu dəlillərdən isə ancaq ağıl sahibləri ibrət alarlar. Ağıl insanların əksəriyyətinin fikirləşdiyi kimi zəka deyil, şüur və dərrakədir. Zəkalı olmaq hələ ağıllı olmaqdan xəbər vermir. Çünki, bəzən zəka sahibləri arasında şüursuz insanlara rast gəlmək olur. Bu səbəbdən kafir zəkaya sahib olsa belə, ayədə qeyd olunan ağıl sahiblərindən sayılmır. Ağıl sahibləri ayədə qeyd olunan bu dörd məsələdən - göylərin və yerin yaradılmasından, gecə ilə gündüzün bir-birini əvəz etməsindən ibrət alarlar. Sonra Uca Allah onları vəsf edərək buyurur:

191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: "Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru!

Bu ağıl sahibləri hər zaman, həm ayaq üstə, oturaq vəziyyətdə, həm də uzanmış halda qəlblərində Allahın yaratdıqları haqqında düşünməklə, dilləri ilə Allahın kəlamlarını söyləmək və bədənləri ilə namaz qılmaq, həcc etmək və digər ibadətləri yerinə yetirməklə Allahı zikr edərlər. Allah xatirinə edilən hər bir ibadət zikr sayılır. Çünki, ibadətlərin buyurulmasında məqsəd Allahı zikr etməkdir.
Onlar göylərin və yerin yaradılışı haqda: "Bu göylər və yer nə üçün və necə yaradılmışdır? Göy necə yüksəlmiş və yer necə döşənmişdir? Bunlar öz-özünə yaranmış, yoxsa kiminsə tərəfindən yaradılmışdır?" - deyə düşünərlər. Onlar bu düşüncələrə dalaraq göylərin və yerin yaradılmış olması nəticəsinə gələrlər. Onlar Yaradanın böyüklüyünə, qadir olmasına, elminə, hikmətinə, ixtiyar sahibi olmasına və mərhəmətinə dəlalət edən ibrətləri anlayar və belə deyərlər: "Ey Rəbbimiz, Sən göyləri və yeri əyləncə üçün deyil, pisliyin cəzasını və yaxşılığın mükafatını vermək üçün ədalətlə yaratdın. Allahım, Sən bir şeyi əbəs yerə yaratmaqdan uzaqsan və hər bir nöqsandan paksan. Bizi razı qalacağın əməllərə yönəldərək Cənnətə daxil et və Cəhənnəm əzabından qoru!" Sonra onlar dualarına davam edərək deyərlər:

192. Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz.

Yəni, ey Rəbbimiz! Sən kafirlərdən və günahkarlardan Cəhənnəm oduna saldığın kəsi etdiyi günahlara görə Qiyamət günü toplanan hər kəsin qarşısında rəzil edərsən. O gün haqsızlıq edənləri Sənin əzabından heç kəs qurtara bilməyəcək.

193. Ey Rəbbimiz! Həqiqə­tən, biz: "Rəbbinizə iman gə­ti­rin!"- de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al!

Yəni, ey Rəbbimiz! Bizi Sənə iman gətirməyə çağıran Muhəmməd peyğəmbəri eşidib onun dəvətini qəbul etdik və iman gətirdik. Onlar bu dəvəti ya birbaşa Peyğəmbərin özündən, ya da onu təbliğ edən bir kəsdən eşidib iman gətirdilər. İman gətirmək Allahın elçisinin gətirdiyi haqqı təsdiq etmək, qəbul etmək və tabe olmaqdır. Sonra onlar: "Ey Rəbbimiz! Biz sənə iman gətirdiyimizə görə günahları­mızın üstünü ört!" Məğfirət (bağışlanma) "miğfər" sözündən götürülmüşdür. Bu isə döyüşçünün özünü qorumaq üçün başına qoyduğu polad dəbilqə deməkdir. Bu dəbilqə eyni zamanda həm baş örtüyü, həm də qoruyucudur. Buna görə də məğfirət qorumaqla yanaşı örtmək deməkdir.

"Təqsirləri­mizdən keç", yəni kiçik günahlarımızı etdiyimiz xeyirxah əməllər vasitəsilə kəffarə et və əməlisalehlər kimi bizi də iman gətirib çoxlu xeyirxah əməllər etdiyimiz halda canımızı al!"

194. Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!"

Onlar: "Ey Rəbbimiz! Öz elçilərinin dili ilə bizim iman gətirib xeyirxah əməllər edəcəyimiz təqdirdə bol-bol mükafat verəcəyinə dair bağladığın əhdi yerinə yetir və insanların qəbirlərdən dirildilərək qalxacağı, ədalətin bərqərar olacağı və şahidlərin gətiriləcəyi Qiyamət günü bizi rəzil etmə! Çünki, Sən vədinə sadiq qalan və hər şeyə qadir olansan, buna görə də heç vaxt vədindən dönməzsən!" - deyirlər.

195. Rəbbi onlara belə cavab verdi: "Mən, sizlərdən yaxşı iş­lər gö­rən - istər kişi, istərsə də qa­dın olsun, - heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır".

Davamlı olaraq yalvardıqları Rəbbi ağıl sahibləri olan möminlərin dualarını qəbul etdi. Uca Allah başqa bir ayədə buyurur: "Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mənim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər" (əl-Bəqərə, 186).
Uca Allah iman gətirib yaxşı işlər görən bəndəsinin əməlini mükafatsız qoymayacağını vəd verir və "Siz bir-birinizdənsiniz" - buyuraraq kişi ilə qadının əməl etmək və savab qazanmaq baxımından bərabər olduqlarını bildirir. Səid ibn Mənsur rəvayət etmişdir ki, bir dəfə Ummu Sələmə Peyğəmbərə dedi: "Ey Allahın Elçisi, biz Uca Allahın hicrət barəsində qadınları zikr etdiyini heç eşitməmişik". Bu səbəbdən Uca Allah: "Rəbbi onlara belə cavab verdi: "Mən, sizlərdən yaxşı iş­lər gö­rən - istər kişi, istərsə də qa­dın olsun, - heç bir kə­­sin əmə­yini puç etmə­rəm" ayəsini sonuna qədər nazil etdi. Ənsarlar Ummu Sələmənin kəcavədə Mədinəyə gələn ilk mühacir qadın olduğunu demişlər". (Mustədrək əl-Hakim, 2/300).

Uca Allah kafirlər tərəfindən qovularaq və ya sıxışdırılaraq öz ölkəsini tərk edib İslam ölkəsinə hicrət edənlə­rin, eləcə də Allahın dinində əzab-əziy­yə­tə düçar olan­ların, Onun yolunda vu­ruşanla­rın və kafirlər tərəfindən öldü­rü­lən­lərin, yəni şəhid olanların günahlarından keçib qəsrləri və ağacları aşağısından çaylar axan Cənnət bağlarına daxil edəcək. Uca Allah buyurur: "Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?" (Muhəmməd, 15).
Cənnətdə onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi nemətlər vardır. Cənnət sözü çoxlu ağacları olan bağ deməkdir. Bağa girən ağacların sıxlığından gizlənə bildiyinə görə cənnət bu cür adlanır. Çünki cənnət sözü örtülmək və gizlənmək mənasına dəlalət edən kökdən əmələ gəlmişdir. Məsələn, bədəni düşmənin oxlarından qoruyaraq örtən qalxan "cunnə", insanın niyyətini gizlədən qəlb "cənən", insanın gözündən gizli qalan cin isə "cinnə" adlanır.
Cənnətdə möminlərə vəd olunan əbədi və tükənməz nemətlər Uca Allah tərəfin­dən onlara veriləcək bir mü­kafat­dır. Burada Uca Allah mükafatı Özünə nisbət edir ki, onun böyük olmasını və yalnız Onun tərəfindən verilməsini bildirsin. İman gətirib yaxşı işlər görənlər üçün gözəl mükafat qat-qat artırılaraq veriləcək.

196-197. Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın! Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır!
Uca Allah bu ayədə kafirlərin dünyada zövq-səfa sürmələrini və rifah içində yaşamalarını gördükdə Allahın onlardan razı qaldığını zənn edərək aldanmamağı buyurur. Çünki onlara verilən nemətlər Allahın rizasının göstəricisi deyildir. Uca Allah buyurur: "Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik" (Loğman, 24).
Kafirlər nicat tap­maz­ və Cənnətə girməzlər. Onlar dün­ya həya­tının keçici zövqündən bir az fay­da­lanar, sonra küfr etdiklə­rinə görə Qiyamət günü Cəhənnəmdəki əbədi yerlərinə qayıdarlar. Ora onlar üçün qərar tutacaqları ən pis yerdir.

198. Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir.
Allahın əmr və qadağalarına riayət edən müttəqilərə qəsrləri və ağacları aşağısından çaylar axan cənnət bağları veriləcək. Bu çaylar Cənnətdə yerin üstü ilə çuxursuz axacaq. Bu, Allahın onlar üçün hazırladığı ziyafət heç vaxt tükənməyəcək. Onlar orada daima nemət içində əbədi qalaraq heç vaxt ölməyəcək, xəstələnməyəcək, qocalmaya­caq, kədərlənməyəcək və yorğunluq hiss etməyəcəklər. Allahın dərgahında iman gətirib çoxlu yaxşı işlər görənlər üçün Cənnətin nemətləri daha xeyirlidir.

199. Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satın almazlar. Məhz on­­ların öz Rəb­bi yanında müka­fatlar var­dır. Şüb­həsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Kitab əhli yəhudi və xristianlardır. Bu ayədə Uca Allah onlardan bir qisminin Allaha iman gətirdiklərini, daha əvvəl onlara nazil edilən ilahi kitablara iman gətirməklə yanaşı Muhəmmədə nazil olan Qurana da iman gətirdiklərini bildirir. Onlar Allaha boyun əydiklərinə görə iman gətirər və dünya mənfəətini axirət həyatından üstün tutmazlar. Bu səbəbdən onlar öz kitablarında Muhəmmədə dair müjdələri, onun vəsflərini, peyğəmbər olaraq göndəriləcəyini və onun ümmətinin vəsflərini gizlətmirlər. Məhz belələrinə Uca Allahın dərgahında böyük və əbədi qalan mükafat veriləcək. Uca Allah Qiyamət günü bütün insanların əməllərinin haqq-hesabını tez bir müddətdə aparacaq. Uca Allah əl-Qasas surəsində buyurur: "Qurandan əvvəl özlərinə Kitab ver­diyimiz kəslər ona iman gə­tirirlər. Onlara Quran oxundu­ğu zaman: "Biz ona iman gətir­dik. O, hə­qi­qətən də, Rəbbimizdən olan haqdır. Biz on­dan əvvəl də mü­səl­man idik!"- deyir­lər. Səbir etdiklərinə görə on­lara mü­kafatları ikiqat veri­lə­cək. On­lar pis­li­yi yaxşı­lıqla dəf edir və özlərinə ver­di­yi­miz ru­zi­dən Allah yolunda xərclə­yir­lər" (əl-Qasas, 52-54).
Həmçinin, Kitab əhlindən iman gətirənlərin mükafatı haqda rəvayət edilir ki, Peyğəmbər demişdir: "Üç nəfərə mükafatı ikiqat veriləcəkdir: Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirmiş, sonra da Muhəmməd barədə eşidib ona iman gətirən, onun ardınca gedən və dediklərini təsdiqləyən kimsə ikiqat savab qazanır. Həm Allahın haqqını, həm də öz ağasının haqqını ödəyən kölə də ikiqat savab qazanır. Kənizinə yaxşı baxıb onunla gözəl davranan, sonra da o kənizi azad edib onunla evlənən kimsə də həmçinin ikiqat savab qazanır". (Səhih Muslim).
Yəhudilərdən çox az bir qismi iman gətirdi. Peyğəmbərin dövründə yəhudilərdən ona iman gətirənlərin sayı on nəfərə belə çatmamışdır. Onlardan İslamı qəbul edənlər arasında Abdullah ibn Səlamı, xristianlardan isə Həbəşistanın kralı Nəcaşini misal gətirmək olar. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər səhabələrinə Nəcaşinin vəfat etdiyini xəbər verdikdən sonra onun üçün cənazə namazı qıldı. Səhabələrdən bəzisi ondan soruşdu: "Ya Rəsulallah! Həbəşi­nin cənazə namazını qılırsan?" Uca Allah da: "Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər" - ayəsini nazil etdi". (Müsnəd əl-Bəzzar; əl-Heysəmi, əz-Zəvaid, 3/38).

200. Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, (Allah yolunda) keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız!
Bu ayədə Uca Allah müsəlmanları şərəfləndirərək və onları ucaldaraq "Ey iman gətirənlər!" deyə müraciət edir. Uca Allah möminlərə səbirə ehtiyac duyulan hər bir məqamda - həm bolluq, qıtlıq, həm də çətinlik və rahatlıq zamanı Allaha itaət etməkdə, nəfsi istəklərə uymamaqda, həyatın çətinliklərinə sinə gəlməkdə səbirli olmağı buyurur. Həmçinin, insanlar tərəfindən əziyyətə məruz qaldıqda və ya düşmənlə üz-üzə gəldikdə səbirli olmağı buyurur. Uca Allah mömin bəndələrinə belə təsəlli verir: "Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər." Yəni, siz döyüşdə yaralandığınıza görə əziyyət çəkirsinizsə, onlar da yaralandıqlarına görə sizin kimi əziyyət çəkirlər. "Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir" (ən-Nisa, 104). Lakin onlardan fərqli olaraq siz əziyyətinizin müqabilində onların ummadıqları axirət savabını Allahdan umursunuz.

Ayədəki "keşik çəkin" sözünə gəlincə, bu, ibadətlərə davamlı olmaq deməkdir. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: "Bir dəfə Peyğəmbər buyurdu: "Sizə elə bir əməl barədə bildirimmi ki, onunla Allah günahları silir və dərəcələri yüksəldir? Bu, (soyuq hava və ya xəstəlik səbəbilə baş verən) çətinliklərə rəğmən gözəl şəkildə dəstəmaz almaq, məscidlərə gedərkən (uzaq məsafəni qət edərək) çox sayda addım atmaq və bir namazdan sonra digər namazı gözləməkdir. Bunlar keşiyində durmağa layiq işlərdir. Bunlar keşiyində durmağa layiq işlərdir. Bunlar keşiyində durmağa layiq işlərdir". (Muslim, 1/86, Musnəd İmam Əhməd, 7208, 7715, 8008).
Bəzi İslam alimlərinə görə bu ayədə müsəlman ölkəsinin sərhədində keşik çəkmək nəzərdə tutulur. Peyğəmbər demişdir: "Allah yo­lun­da bir gün sərhəddə keşik çəkmək, dünya və onun üzərindəkilərdən daha xe­yir­lidir". Həmçinin demişdir: "Hər kəs öldükdən sonra əməl dəftəri bağlanır. Yalnız Allah yolunda (sərhəddə) keşik çəkəndən başqa. Onun əməli Qiyamət gününədək artar və qəbir imtahanından əminlikdə olar". (Musnəd İmam Əhməd, 6/20, ət-Tirmizi, 3/2).
"Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" - yəni, təqva sahibi olun, Allahın əmr və qadağalarına riayət edərək özünüzü Allahın əzabından qoruyun. Peyğəmbər Muazı Yəmənə göndərərkən ona: "Harada olursansa ol, Allahdan qorx. Pisliyin ardından yaxşılıq et ki, onu silsin və insanlarla gözəl əxlaqla rəftar et". (ət-Tirmizi, 1987).
Əgər təqvalı olsanız, axirətdə Allahın əzabından qurtularaq əbədi səadət diyarı olan Cənnətə daxil olarsınız.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics