Qəzaya düşən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Braziliya nümayəndələri birlikdə araşdırma aparır.
Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də Azərbaycan Hava Yolları QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Təyyarə istehsalçısı "Embraer" və CENIPA (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar", - məlumatda qeyd olunub.
Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır. Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və "Kazaeronaviqasiya" respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.
Xatırladaq ki, təyyarədə 67 sərnişin olub. Onlardan 38 nəfəri həlak olub. 29 nəfər, o cümlədən iki uşaq müxtəlif xəsarətlərlə sağ qurtulub.
Nərmin
Milli.Az