Hadisə

Baş Prokurorluqdan Əhməd Əhmədovla bağlı AÇIQLAMA - YENİLƏNİB

22 Fevral 2024 16:49
Baxış: 4 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:49

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.

Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcəkdir.

Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik.

-------

15:51

Əldə etdiyimiz yeni məlumata əsasən, Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Hakim Rəfail Sadıqovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən Ə.Əhmədovun tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

Ə.Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçiriləcək, psixi xəstəliyinin olub-olmaması haqda rəy veriləcək.

***

Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli "Respublika Psixiatriya Xəstəxanasına" əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.

---------

15:09

Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Milli.Az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.