Sağlamlıq

Uşaqları koronavirusdan qorumaq üçün bütün gigiyena qaydalarına riayət edilməsi vacibdir

3 Sentyabr 2021 22:25
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda yeni növ koronavirusun (COVID-19) yenidoğulmuşlara və uşaqlara keçmə riski valideynləri çox narahat edir. Ona görə də tibbi maska, sosial məsafə və gigiyena qaydalarına riayət etməyin çox böyük əhəmiyyəti var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatк Nigar Mirzəyeva pandemiya dövründə uşaqları koronavirusdan qorumaq üçün bir sıra məsləhətlər verib: "Koronavirusdan qorunmaq üçün ən təsirli vasitələrdən biri tibbi maskalardan düzgün istifadədir. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF 12 yaş və bu yaşdan yuxarı uşaqların maska taxmasının vacibliyi, 6 və 11 yaş arası uşaqların olduqları yerə uyğun və daşıdıqları riskə görə maska taxması, 2-5 yaş arası uşaqlar taxa bilirsə, maska taxmanın əhəmiyyətli olduğu, 2 yaşdan aşağı uşaqlara isə maska taxmağın vacib olmadığı, onların insanların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq tutulmasının vacibliyi barədə məqalələr yayımlayır.

Pandemiya dövründə uşaqların psixoloji vəziyyətləri nəzərə alınaraq onların xoşuna gələcək nağıl və cizgi filmi qəhrəmanlarının şəkilləri olan maskalardan istifadə edilməsinə üstünlük vermək olar. Onlar bu maskaları üzərindəki təsvirlərə görə taxa bilərlər.

Uşaqlar hər zaman valideyni örnək hesab etdikləri üçün onların yanında maskadan şikayət etmək, maskanın narahatlığından danışmaq lazım deyil. Əksinə, maskanın nəinki özümüzü, hətta ətrafımızdakıları da qorumaq üçün ən təsirli vasitələrdən biri olduğunu izah etmək vacibdir".

Təhlükəli xəstəlikdən qorunmaq üçün maska taxmaqla yanaşı, ondan düzgün istifadə də mühüm məsələdir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri, maskaya əlləri ilə tez-tez toxunduqları üçün yoluxma riski yüksək ola bilir. Ona görə də bu yaş qrupunda valideynlərin köməkliyi ilə maskanın düzgün çıxarılması vacibdir.

"Maska mütləq uşaqların yaşına uyğun ölçüdə olmalı, ağız və burun boşluğunu tamamilə tutmalıdır. Maskanı çıxartdıqda qulağa taxılan uclarından çıxarmaq vacibdir və eyni maskadan təkrar istifadə etmək olmaz. İstifadə olunmuş maska yerə atılmamalı, qapalı zibil qutularına tullanmalıdır. Yaxşı olar ki, pandemiya dövründə uşaqlar yalnız öz oyuncaqları ilə oynasınlar, qapalı məkanlara aparılmasınlar. Diqqət etmək lazımdır ki, uşaqlar başqa yerlərdə oynayarkən oyuncaqları ağızlarına vurmasınlar. Kistik fibrozis, onkoloji xəstəliyi olan, immun sistemi zəif olanlar digər uşaqlarla müqayisədə daha riskli sayılır və buna görə də onlara daha çox fikir vermək zəruridir.

Virusdan qorunmağın vacib vasitələrindən biri də əllərin təmizliyidir. 5 yaşdan yuxarı uşaqlara bunun əhəmiyyəti haqqında danışılmalı və tez-tez əllərin yuyulmasına diqqət edilməli, 5 yaşdan aşağı uşaqların isə valideynlərin iştirakı ilə mütləq əl təmizliyinə nəzarət edilməli, əllərin ağıza aparılmamasına xüsusi diqqət yetirilməlidir", - deyə həkim-pediatr bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.