Sağlamlıq

Şirin qidalar yeməyin acı fəsadları - Qlikasiya nədir, əlamətlər

23 Yanvar 2022 22:25
Baxış: 1 344

Milli.Az həkim nutrioloq Amaliya Rəhimovanın yazısını təqdim edir.

Orqanizm üçün karbohidratların əhəmiyyəti çox böyükdür. Karbohidratlar təbiətdə geniş yayılmışdır və bioloji aləmin ¾ -nü təşkil edir. Rasionun böyük bir hissəsi (60-70%) məhz karbohidratlardan ibarətdir.

Onlar sadə və mürəkkəb şəkərlərə bölünərək, orqanizmdə müxtəlif funksiyalar icra edirlər. Karbohidratlar (K/h) bir neçə qrupa ayırd edilir: monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza); disaxaridlər (saxaroza, maltoza, laktoza); polisaxaridlər (mürəkkəb şəkərlər-nişasta, amilopektin, qlikogen, pektin, liflər, sellüloza).

Qlükoza bir çox metabolik proseslərdə iştirak edir, lakin ən önəmli funksiyası - enerji təminatıdır; bir çox zülalların fəaliyyəti karbohidratla birləşmiş formada mümkündür (fermentlər, daşıyıcı zülallar, hormonlar); lipidlər, aminturşular, nukleotidlərin sintezi üçün vacib olan bir çox üzvi birləşmələr karbohidratların metabolizmi zamanı əmələ gəlir;

karbohidrat törəməsi olan qlükuronidlər ksenobiotiklərin və endogen toksinlərin detoksiyasında iştirak edir. Karbohidratlar əvəzolunmaz komponent sayılmır; onların defisiti zamanı yaranmış hipoqlikemiyanı kompensasiya etmək üçün zülal və yağlardan istifadə olunur, lakin bu, orqanizm üçün qeyri-effektiv yoldur.

Praktik sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər ilk növbədə enerji sintezinə qoşulur; digər bir hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonundan başlayan və hazırda çox böyük vüsət almış karbohidrat bumu, yəni qida rasionunda əsasən karbohidratların (xüsusən də tez mənimsənilib insulin şıçrayışına səbəb olan sadə şəkərlərin) ifrat qəbulu bir çox patologiyaların, o cümlədən, geriyədönməz proseslərin inkişafına səbəb olmuşdur.

Problem kimi orta və yaşlı insanlarda daha çox müşahidə olunsa da, uşaq qidalanmasında da mühüm aqressiv faktora çevrilmişdir. Belə ki, uşaqlar tərəfindən aramsız reklam sayəsində çox geniş istehlak olunan hazır qablaşmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və müasir uşaq artıq səhər yeməyi zamanı gündəlik şəkər normasını almış olur. Bəs yanlış qidalanma sayəsində yaranmış şəkər artıqlığı nə kimi fəsadlar törədə bilər?

Məlumdur ki, biokimyəvi reaksiyaların getməsi, adətən, müəyyən fermentlərin iştirakı ilə baş verir. Hiperqlikemiya zamanı (karbohidratların həddən artıq qəbulu: çörək; unlu-şəkərli şirniyyatlar, şirin içkilər; yaxud şəkərli diabet xəstəliyi olduqda) sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə birləşərək onların funksiyasını pozur;

mürəkkəb biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksik olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bunların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Bu məhsulların diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson xəstəliyi, dağınıq skleroz, artroz, digər degenerativ xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.

Orqanizmin mühüm əhəmiyyətli zülallarının qlikasiya nəticəsində yaranan funksiya pozulmasına aiddir:

• damar divarı zülalının zədələnməsi damarların elastikliyin azalması (rigidliyinə) və qan dövranı pozulmalarına səbəb olur.
•kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir ki, bu da dəri qocalmasına, bağ və vətərlərin boşalmasına, qığırdaq degenerasiyasına səbəb olur

•eritrosit membranları elastikliyini itirdiyindən hüceyrə formasını dəyişə bilmir və öz ölçüsündən kiçik kapilyar mənfəzindən keçə bilmir.

•göz bülluru zülalının zədələnməsi nəticəsində katarakta inkişaf edir.
•qlikasiyaya uğramış qan zərdabının albumin transport və detoksikasiya funksiyasını, bilirubin və uzunzəncirli yağ turşularını birləşdirmək qabiliyyətini itirir.

•immunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir.

•böyrəklərin yumaqcıq aparatının zədələnməsi membranların qalınlaşmasına və onların keçiriciliyinin dəyişməsinə gətirib çıxarır

•sinir lifləri qişalarının, o cümlədən, mielinin zədələnməsi sinir impulslarının ötürülməsini
əngəlləyir.

•insulinin qlikasiyası onun reseptorlara qarşı həssaslığını azaldır.
•immun hüceyrəsinin reseptoru ilə birləşərək iltihab prosesinə təkan verir.
•DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur.

•azot monooksidin sintezini inhibə edərək damar genişlənməsini əngəlləyir.
•xolesterinin oksidləşməsini sürətləndirir.

AGE orqanizmdə yaranmaqla yanaşı xaricdən də daxil olur, belə ki, yüksək temperaturda sobada və ya yağda qızardılmış qidalar (toyuq, kartof...) AGE ilə zəngin olur. Belə qidaların müntəzəm istifadəsi, karbohidrat qəbulu ilə birlikdə yuxarıda qeyd olunan hallara, erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur. Şəkər tək sağlamlığın itirilməsi deyil, həmçinin, gözəlliyə də xeyli xələl gətirir, belə ki, dəri karkası olan, onun elastikliyini təmin edən kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur. /medicina.az

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics