Sağlamlıq

Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul

14 Noyabr 2018 23:20
0 Şərh     Baxış: 2 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Desəm ki, günümüzdə uşaqlarını xüsusən oğlan uşaqlarını yalnız yatarkən qucaqlayan və əzizləyən valideynlər var, inanarsınızmı?

Bəli, onlar bizim aramızda yaşayır, işləyir, çalışırlar. Bu növ valideynlər düşünürlər ki, uşaq valideyndən nə qədər çox fiziki nəvaziş, qayğı və sığal görərsə tərbiyə prosesi bir o qədər mürəkkəbləşər və uşaqlar ipə-sapa yatmazlar.

Nədənsə bu növ valideynlər "qadın kişidən nə qədər qorxarsa bir o qədər yaxşıdır" prinsipinin tərəfdarlarını xatırladır. Həqiqətdə isə qan və canla yaxın olan insanlar arasında fiziki nəvazişin ən yüksək forması olan "sarılma" münasibətlərin sağlamlığı və balansı üçün çox önəmlidir. Milli.Az vib.az-a istinadən bildirir ki, ailə psixoloqu Virginia Satir qeyd edir:

"Yaşam üçün bizim gündə 4, mənəvi bərpa üçün gündə 8, böyümək və inkişaf etmək üçün isə gündə 12 dəfə qucaqlaşma ehtiyacımız var".

Anladığınız kimi körpənin və uşaqların qucaqda olmaq və qucaqlaşmaq niyyəti ərköyünlük yox, mənəvi və psixoloji bir ehtiyacdır. Cəmiyyətdə sezdiyimiz qaraqabaq, üzügülməz və passiv aqressiv insanların böyük əksəriyyətinin çox ehtimal ki, uşaqlıqda "qucu-qucu" ehtiyacları ödənilməmiş və ya cüzi ödənilmişdir.

Cəmiyyətdə sezilən digər bir xoşagəlməz hal, xüsusən yeniyetməlik dövründə qarşı cins tərəflərinin bir-birində fiziki nəvaziş və təsəlli tapmağın eybəcər bir formada həyata keçirmələridir. Məşhur amerikalı psixoloq Gary CHapman "5 languages of love" kitabında bunun izahını çox gözəl şəkildə oxuyucularına çatdırır. Müəllif qeyd edir ki, əksər yeniyetmələrin istər qız, istərsə də oğlan tərəfindən qeyri-rəsmi cinsi münasibətlərə can atmasının səbəbi yaxın ailə üzvlərindən emosional və fiziki nəvaziş görməmələrindən qaynaqlanır. Kim bilərdi ki, yeniyetməlik dövründə erkən hamiləliklərin artması, yeniyetmə depressiyaları və aqressiyaları və bu kimi xoşagəlməz hallara profilaktika sadəcə qucaqlaşmaq ola bilər? Əslində bunun biokimyəvi səviyyədə baş verən və elm tərəfindən açıqlanan səbəbləri vardır. Bəli, yenə də hormonlar!

Qucaqlaşma prosesi bədəndə oksitosin- "sevgi", serotonin-"xoşbəxtlik" və dopamin -"həzz" hormonlarının ifrazına səbəb olur. Bu hormonlar depressiya, stress, yüksək qan təzyiqi və ürək xəstəliklərinə qarşı bədənin ən gözəl profilaktikasıdır. Qucaqlaşma bədəndə ağ qan hüceyrələrinin istehsalını artırmaqla immun sistemini gücləndirir.

Qucaqlaşmaq istənilən yaşda təklik hissi, qorxu, həyəcan, hirs, təcrid olma kimi hissləri azaldır, çünki, bədəndən-bədənə nəvaziş təhlükəsizlik və əminlik hissləri oyadır. Bu isə öz növbəsində xüsusən əksər valideynlərin arzuladığı açıq və dürüst kommunikasiya qurmağa zəmin yaradır. Bu səbəbdən növbəti dəfə yaxınlarınızla- xüsusən uşaqlarınızla ciddi söhbətə başlamamışdan öncə onları qucaqlamağa çalışın. Qucaqlaşma hər iki tərəfin özünəinam hissini artırır, sinir sistemini balanslaşdırır, mənfi fikirləri və hissləri qovaraq, bədənimizi ürəyimizin və nəfəsimizin ritminə calayır.

Həmçinin qucaqlaşma insanlarda bölüşmək və paylaşmaq kimi ali hissləri oyadır. İnsanlar xüsusən valideyn və uşaqlar arasında olan münasibətlərə ən gözəl sərmayə kimi qiymətləndirilir çünki, barışıq, anlama və fəhm hissləri oyadır. Qucaqlaşmaq üçün uşağın böyüməsini gözləmək lazım deyil. Onlar hələ kiçik ikən onları tez-tez qucağınıza alın, körpələrin qucağa öyrəşməyindən qorxmayın. Emory Universitetinin araşdırmasına görə bolluca qucaq alan körpələr daha az stressə məruz qalırlar və böyüdükdə streslərinə daha yaxşı qalib gələ bilirlər. Hətta ahıl yaşda olan valideyn, nənə-baba və qohumları da qucaqlamağı unutmamaq və onlara beləcə xoş nəvaziş göstərmək mütləqdir.

Əlavə araşdırmalar göstərir ki, ananın bətnində yaşayan körpə dünyaya gələndən sonra qucağa və bədən təmasına çox ehtiyacı olur. Məhz bu səbəbdən müasir tibb körpəni doğulan kimi ana və ya atanın qucağına qoyulmasını dönə-dönə məsləhət görür. Doğulduqdan sonra çoxlu bədən təmasında olan körpələr daha az qazlılıqdan əziyyət çəkirlər. Atalar unutmamalıdır ki, istənilən yaşda övladının qucaqlaşma nəvazişində onlara da böyük ehtiyac var. Uşaqlarının qucaqlamaq təkcə ananın vəzifəsi və adəti deyil.

Səhəri ailəvi qucaqlaşma ilə açmağı və ya yatmazdan öncə "yuxun şirin olsun" adətini qucaqlaşma ilə müşayiət etməyi ənənəyə çevirməyə dəyər. Heç kəsi kənarda qoymayın: körpələrinizi, uşaqlarınızı, yeniyetmələrinizi, valideynlərinizi, qayın valideynlərinizi və əlbəttə ki, həyat yoldaşınızı sidq ürəklə qucaqlayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.