Sağlamlıq

3 ay vaxtı qalmış Fidanı solmağa qoymayın! - FOTO

5 Noyabr 2014 17:31
4 Şərh     Baxış: 2 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"...Ölüm haqdır, bunu bilirəm. Amma bisəydiniz ki, övladının ölümünü izləmək, ona kömək edə bilməmək necə ağırdır..."

Bunu Qarabağ əlili Fərhad Əliyev deyir.

Ağır hepatit xəstəsi olan 15 yaşlı Fidan Əliyevanın əməliyyat edilməsi üçün yardım kampaniyasına başlanılıb. Qızın vəziyyəti o qədər ağırdır ki, həkimlər ona cəmi 3 ay vaxt qoyublar. Fidanın anası öz qaraciyərini övladına verməyə hazırdır, amma ailə əməliyyat üçün tələb olunan pulu tapa bilmir.

Virtualaz.org saytının əməkdaşları ağır vəziyyətdə olan Fidanla görüşüblər.

...Əliyevlər ailəsi Qaradağ rayonu, Sahil qəsəbəsi, Əlyar Gülbabayev küçəsi 6, mənzil 43-də ikiotaqlı təmirsiz evdə yaşayır. Ailənin başçısı Fərhad Əliyev Qarabağda yaralanıb, sol əli işləmir.

Fərhad Əliyevin sözlərinə görə, qızı Fidan 2009-cu ildə sarılıq xəstəliyinə yoluxub: "2009-cu ilin mayında uşağın vəziyyəti birdən-birə pisləşdi. Buna görə də Qarayev adına 2 saylı uşaq xəstəxanasına apardıq. 20 gün xəstəxanada müalicə olundu. Həkimlər vəziyyətinin yaxşılaşdığını dedilər, biz də evə gətirdik. Amma avqustda vəziyyəti yenidən pisləşdi, rəngi saraldı, qızdırması qalxdı".

Fidan bu dəfə 15 gün Respublika Uşaq Xəstəxanasında müalicə alıb. Atası deyir xəstəxanada müayinə elədilər, dedilər ki, qarnına su yığılıb, ciyəri, dalağı su içindədir: "Bu dəfə də müalicə etdilər, vəziyyəti yaxşılaşdı. Ağır sistemlər yazılırdı, uşağın vəziyyəti yaxşılaşırdı, dərmanlar bitən kimi yenidən qarnına su gəlirdi. Fidan 5 ildir dərsə getmir, gün işığına həsrətdir. Son zamanlar isə yalnız həkimə gedəndə havaya çıxıb. İndi daha yeriyə də bilmir, başında ağrılar başlayıb, burnundan qan gəlir. Həkim deyir təcili əməliyyat olmalıdır".

Fidana qaraciyə sirrozu diaqnozu qoyulub. Ailə uşağın İranda müalicə olunacağına inanaraq Fidanı bu ölkəyə aparıblar: "Qəsəbədə qonşular, dost-tanış pul yığıdılar. Bu ilin yayında İrana apardıq. Dedilər ki, müalicə ilə kömək eləmək mümkün deyil. Qızın qaraciyəri fəaliyyətini dayandırıb, dalaq da sıradan çıxıb. Həkim dedi ki, 3 ay ərzində əməliyyat etdirməsəniz, gec olacaq. Anası ilə Fidanın qan qrupu eynidir, İranda ananın donor ola biləcəyini dedilər. Amma əməliyyatı öhdələrinə götürmədilər. Artıq iki ay keçib, getmədiyimiz təşkilat yoxdur, əməliyyat üçün tələb olunan pulu yığı bilmirik".

Fərhad Əliyev deyir ki, Fidanı Mərkəzi Neftçilər Xəstəxanasında da müayinə ediblər: "Mərkəzi Neftçilər Xəstəxanasında dedilər ki, qaraciyər yığılıb, işləmir. Buna görə də qarnında 10-15 litr su yığılır, nəfəs alması çətinləşir, küt ağrıları olur. Təcili qaraciyər köçürülməlidir. Əməliyyat üçün 60 min manat lazımdır. Bu xəstəxanada qaraciyər köçürülməsi mümkündür. Deyirlər ki, xəstəxananın direktoru Leyla Seyidbəyli imkansızlara kömək edir. Fidanın vəziyyətindən xəbəri yoxdur, bəlkə də yazdığım məktublar ona çatdırılmır".

Fidanın 3 bacısı var. İkinci bacının 10 yaşı var. Ailədəki üçüncü qız uşağı 7, sonbeşiyi isə 3 yaşındadır.

Atası deyir ki, son 5 ildə balaları ilə birgə gəzintiyə çıxmayıb, onlarla vaxt keçirə bilməyib: "Fidan məktəbə getmir, amma ötən ilə kimi müəllimlər gəlib evdə dərs keçirdilər. Bu il isə müəllimlər evə gəlmirlər, çünki güclü ağrıları olur, otura bilmir. Son aylar isə göbəyi şişib, o da ağrı verir. O biri uşaqlara vaxt ayıra bilmirik, söz vermişəm ki, Fidan sağalandan sonra onları gəzməyə aparacam. Bacıları da namaz üstündə dua edirlər, Allahdan kömək istəyirlər".

Ailədə yalnız Fərhad Əliyevin 60 yaşlı anası işləyir: "Anam Heydər Əliyev adına Dərin Özüllər Zavodunda işləyir. Anamın 60 yaşı var, hər dəfə ixtisarlar gedəndə əli ürəyinin üstündə olur. Əgər ixtisara düşsə, necə yaşayacağıq? Mən iş axtarmışam, amma heç kim əlilə iş vermək istəmir. Aldığım təqaüd isə aylıq çörəkpuluna da çatmır. Amma Fidan sağalsın, daha dərdimiz olmayacaq".

Fərhad Əliyev onu da deyir ki, Bakıdakı beynəlxalq humanitar təşkilatlara da müraciət edib. Amma beynəlxalq qurumlardan da reaksiya verməyiblər. Bakıda bu xəstəliyin müalicəsinin mümkün olduğunu əsas gətirən təşkilatlar pulu toplayıb əməliyyat edilməsini məsləhət görüblər.

Fidan isə deyir ki, əməliyyat olunacağına inanır. Hətta onun ətrafına yığılıb ağlayan ata-anasına, bacılarına təsəlli də verir: "Sağalandan sonra həkim olacağam, ağrıları müalicə edəcəyəm. Baxmayın ki, məktəbə getmirəm, sağalandan sonra oxuyacam".

Fidan bir də onu deyir ki, təkcə atasının göz yaşlarına dözə bilmir, ağrılara da, xəstəliyinə də alışıb. Amma atası ağlayanda ağrıları da çoxalır.

...Ata isə göz yaşlarını gizlətməyə çalışsa da bacarmır. Deyir ki, Fidan dərman ala bilməyəndə ağrılarına dözür, amma o, balasının bu dərdinə, uşaq olsa da ağrılarını gizlətməyə çalışmasına dözə bilmir: "Güllə ürəyimə yaxın yerdən dəyib, amma sağ qalmışam. İndi düşünürəm ki, güllə yarası məni heç ağrıtmayıbmış ki..."

Fidana yardım göstərilməsi üçün bank hesabı açılıb.

Əliyeva Fidan Fərhad qızının adına "Bank Standard"ın Sahil filialında hesab açılıb. Hesabı təqdim edirik:

41010944050394045001 (AZN)

41020840050394045001 (ABŞ dolları)

Əlaqə telefonu: 050-386-30-10, (012) 446-22-23 - Fərhad Əliyev.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.