İstənilən insana "ən çox hansı duyğunu itirməkdən qorxursan?" sualını versək, böyük ehtimal alacağımız cavab görmə duyğusu olacaq. Çünki gündəlik həyatımızda etdiyimiz hər şey görmə duyğumuzun varlığını tələb edir. Gözlərimiz bizə dünyanın bütün gözəlliklərini göstərən, həyata bağlayan, öyrənmək və dərk etmək bacarığımızı həyata keçirən ən vacib orqandır. Ancaq təəssüf ki, bu gün Azərbaycanda kifayət qədər insan göz zəifliyindən əziyyət çəkir. 10-20 il bundan əvvəl gözlük daha çox yaşlı nəslin aksessuarı sayılırdısa, nadir hallarda gənclər eynəkdən istifadə edirdisə, bu gün eynək taxanlar sırasında gənclər daha çoxluq təşkil edir. Bunu daha yaxşı müşahidə etmək üçün istənilən universitetin qapısından içəri girib, tələbələrə gözucu baxmaq kifayətdir. Bu da tələbələr arasında ciddi göz problemlərinin olmasının göstəricisidir. Bunu, tələbələrin bir çoxu gecə-gündüz kitab oxumaları ilə əlaqələndirsələr də, həkimlərin məsələyə baxışı bir qədər fərqlidir.
Gözlərinizdə hansı problemlər var?
Oftalmoloq Zümrüd Hüseynova bizimlə söhbətində dedi: "Göz zəifliyi üç yerə bölünür: meyopeya, hipermetropiya və astiqmatizm. Meyopeya xəstələri uzağı pis görür və işarəsi mənfidir. Meyopeya 8-12 yaşında olan uşaqlarda aşkar edilir. Yaş artdıqca meyope da artır. Televizora və ya kompyuterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız qidalanmaq meyopeyaya səbəb olan amillərdir. Hipermetropiya xəstələri yaxını pis görür və işarəsi müsbətdir. Hipermetropiyaya ən çox uşaqlarda rast gəlinir".
Zümrüd Hüseynova belə hallarda uşaqların kitab oxuduğu zaman gözlərinin sulandığını və göynədiyini bildirdi: "Astikmatizm xəstələrində isə qarışıq olur. Onlar həm yaxını, həm də uzağı zəif görürlər. Bu, onların görmə qabiliyyətlərinin tam formalaşmamasından irəli gəlir. İndi demək olar ki, gözdən əziyyət çəkənlərin 80 faizi astikmatizmdən şikayət edirlər. Gözdə zəifliyin aradan qaldırılması üçün ilk növbədə, onun yaranmasına səbəb olan müxtəlif amilləri araşdırmaq lazımdır". Gözlərdə bu problemlərin yorulma, stress, televizora, kompyuterə yaxından baxmaq nəticəsində yarandığını söyləyən Z. Hüseynova bəzi xəstələrdə bu halların anadangəlmə olduğunu deyir: "Çox uşaq var ki, onlarda zəif görmə anadangəlmə olur. Belə uşaqlar 17 yaşına qədər müxtəlif dərmanlarla müalicə edilir. Bu müalicə kursları zəifliyin daha da irəliləməsinin, gözdə tənbəlliyin yaranmasının qarşısını almaq üçün lazımdır. Əgər gözdə tənbəllik yaranarsa, bu zaman onun funksiyaları fəaliyyətini itirir və kor olma ehtimalı artır. 17 yaşından sonra xəstəyə eksimer lazer əməliyyatı olunur. Əgər valideynlər uşaqlarında göz qırpmalar, qızartılar, sulanmalar kimi hallar aşkarlayarlarsa, dərhal həkimə müraciət etsinlər. Əvvəllər insanlar eynəkləri uzun müddət çıxartmadan taxırdılar. İndi valideynlər uşaqlarına eynəyi tez-tez çıxartmamalarını deyirlər. Ancaq onlar bilməlidirlər ki, çox eynək taxmaq da gözə ziyandır. Optik gözün əvvəlki funksiyasını bərpa etməsi üçün istifadə olunur".
Açıq havada gəzin, düzgün qidalanın...
Gənclər arasında eynək istifadə edənlərə "pofessor", "alim" və s. bu kimi xitablara az rast gəlməmişik. Ancaq oftalmoloq Rəşadət Sədioğlunun qəzetimizə verdiyi müsahibəsini oxuduqdan sonra inanmıram ki, eynəkdən istifadə edən bütün şəxslər bu fikirdə qalsınlar: "Son dövrlər eynəkdən istifadə gənclər, xüsusilə də, tələbələr arasında da geniş yayılıb. Əslində, gözlərin zəifləməyə başladığı müddət tələbəlik dövrü deyil. Sadəcə olaraq, gözlərdəki bu zəifliklər özünü tələbəlik dövründə göstərməyə başlayır. Bu zəiflik 22-23 yaşa qədər inkişaf etsə də, bu dövrdən sonra normallaşmağa başlayır və müalicə ilə aradan qaldırılması mümkündür. Bu dövrdə göz zəifliyinin artımının səbəbləri nələrdir? Birinci növbədə mən deyərdim ki, gənclərin açıq havada az gəzmələri, düzgün və vaxtında qidalanmamaları, idmanla məşğul olmamaları kimi səbəblər göz qişalarında boşluqların yaranmasına səbəb olur". Həkim eyni zamanda onu da qeyd etdi ki, gözlərdə yaranan problemin səbəblərindən biri də, kitab oxuyarkən oxun göz səviyyəsindən yüksəkdə tutulmasıdır: "Kitab oxuyanda gərək kitab göz səviyyəsindən aşağıda qalsın. Amma tələbələrin böyük qismi yatdığı yerdə oxumağın, onları daha az yorduğunu düşünürlər. Ancaq onlar bu yolla kitab oxumağın gözləri sıradan çıxardığını da nəzərə almalıdırlar. Sadəcə kitab oxumaq deyil, eləcə də kompyuter və digər dizüstü elekronik vəsaitlərə uzanıqlı vəziyyətdə saatlarla baxmaları da gözlərin vəziyyətində ağırlaşmalara səbəb olan başlıca amillərdən biridir".
Dövrün aktivliyi eynəkdən istifadəni zəruri edir?
Rəşadət Sədioğlu gənclərin eynəkdən yaşlı nəslə nisbətən daha çox istifadə etməsini dövrün aktivliyi ilə əlaqələndirdi: "Onu deyə bilərəm ki, müasir dövr gənclərin hər çıxan yeni texnologiyanı öyrənməsini, onlardan istifadəsini zəruri edir. Bundan əlavə müasir dövrdə universitet tələbələri demək olar ki, bütün dərslərini elektron variantda öyrənirlər. Bütün bunlar gözlərdə görmə qabiliyyətini aşağı salan başlıca səbəblərdəndir".
Qeyd edək ki, optik eynəklərlə yanaşı, dəb eynəkləri, eləcə də gözləri kompyuter şüasından qoruyan eynəklər də var. Həkim dəb eynəklərinin gözlərə heç bir zərəri olmadığını bildirdi: "Bu gözlüklərin zərərinin olduğunu düşünmürəm. Sadəcə, diqqət etmək lazımdır ki, gözlüklərin şüşəsində cızıqlar, zədələr olmasın. Əks halda bu sağlam gözləri də sıradan çıxara bilər. Ona görə də, eynək alanda gərək gənclər dəb üçün olsa belə, etiketinə diqqət etsinlər. Və mümkün qədər həkim məsləhəti ilə eynəkdən istifadə etsinlər. Onu da nəzərnizə çatdırım ki, göz zəifliyindən əziyyət çəkən insanlar gözlük alan zaman seçdikləri çərçivəyə diqqət etməlidirlər. Belə ki, göz zəifliyi uzaqgörmə və ya yaxıngörmədən asılı olaraq dəyişir. Ona görə də, görmə məsafəsinə görə çərçivə seçmək məsləhətdir. Məsələn, astiqmatlı şəxslər gərək geniş çərçivə seçsinlər ki, şüşəsi müəyyən qədər böyük olsun. Buna görə də, gözlük alanda gərək üzünüzə yaraşması ilə yanaşı, eyni zamanda həkim məsləhətinə də diqqət etməkdə fayda var". R. Sədioğlu metrostansiyaların yaxınlıqlarında yerləşən əksər kompyuter mağazalarında bu cür eynəklərin satıldığını və onların üzərində heç bir göstərici, məlumat olmadığını bildirdi: "Bu tip eynəklərin istənilən yerlərdən almağın doğru addım olmadığını düşünürəm. Yaxşı olar ki, həkim resepti ilə apteklərdən sifariş olunsun".
Gözü həm zədələyir, həm də sağaldır
Texnologiya əsri gözləri sıradan çıxarmağa meyilli olsa da, onların sağlamlığını bərpa etməkdə də kifayət qədər özünü təsdiqləyib. Rəşadət həkimin sözlərinə görə, artıq qısa müddətdə gözlərdəki istənilən problemi aradan qaldırmaq mümkündür: "Artıq texnologiya o qədər inkişaf edib ki, bu texnologiyalar vasitəsilə müalicə mərkəzlərində gözlə bağlı bütün müasir müalicə üsulları tətbiq edilir. Bizə müraciət edənlərin problemləri isə yaş qruplarına uyğun olaraq dəyişir".
Televizora baxmağa gəlincə, oftlmoloq gənclərə dəyərli məsləhətlər verdi: "Televizora yaxından baxmaq gözü zəiflətmir. Bu vəziyyətdə həkim təyin edən eynəkdən istifadə etmədikdə göz tənbəlləşir"...
Həyatımızı sağlam və xoşbəxt keçirtmək üçün gözlərin qeydinə qalmalı və davamlı olaraq müayinə etdirməliyik. Bilməliyik ki, hər bir kəs, heç bir şikayəti olmadığı halda belə, ildə bir dəfə müayinə olunmalıdır. Hətta bəzi hallarda daha tez-tez müayinə olunmağa ehtiyac vardır.
Gözləriniz aydın olsun!
"Zaman Azərbaycan"