Sağlamlıq

Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb

14 May 2026 20:50
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çoxumuz qəhvənin bizə enerji verdiyini sanırıq. Xeyr. Kainatda yoxdan enerji var edilə bilməz. Qəhvə sizə enerji vermir, sadəcə yorğunluğunuzu sizdən gizlədir.

Milli.Az sizə o günorta saatlarında masada yuxuya gedəcəkmiş kimi hiss etmənizin və "mənə daha bir qəhvə lazımdır" krizinə girmənizin arxasındakı biokimyəvi xətanı izah edir.

Beynimizdə adenozin adında molekul toplanır. Oyaq qaldığımız hər saniyə bu molekul artır və beynimizdəki reseptorlara bağlanaraq bizə "yoruldun, yat" siqnalı verir. Biz yatdıqda bu adenozin təmizlənir.

Səhər oyandıqda beyninizdəki adenozin tam olaraq sıfırlanmayıb, bir qədər qalıq olur. Siz oyanan kimi o qəhvəni içdikdə, kofein gedib beyninizdəki həmin adenozin reseptorlarına kilidlənir. Yəni kofein adenozini yox etmir, sadəcə beynin onu görməsinə mane olur. Siz özünüzü gümrah hiss edərsiniz, amma arxa planda adenozin toplanmağa davam edir.

Günorta saat 2 radələrində səhər içdiyiniz kofeinin təsiri yavaş-yavaş keçir və kofein reseptorları tərk edir. Bax, həmin an səhər təmizlənməsinə icazə vermədiyiniz və günortaya qədər də getdikcə artan o adenozin, boşalan reseptorlara sanki bənd qapağı partlamış kimi hücum edir. Qəfil göz qapaqlarınız ağırlaşır, diqqətiniz dağılır və canınız dəli kimi şirniyyat istəyir. O hiss etdiyiniz şey təbii yorğunluq deyil, səhərki kofein borcunuzun faizi ilə tələb olunmasıdır.

Digər bir xəta isə hormonlardır. Səhər oyandığınız ilk 1 saat ərzində bədəniniz sizi oyatmaq üçün təbii olaraq kortizol (stres və oyanıqlıq hormonu) ifraz edir. Bu, sizin təbii siqnal sisteminizdir. Tibbdə buna "cortisol awakening response" deyilir.

Siz kortizolun ən yüksək olduğu o ilk saatda qəhvə içsəniz, bioloji olaraq "günəşin altında əl feneri yandırmış" olarsınız. Bədən düşünür: "Hə, kənardan xəbərdarlıq gəlir, onda mən öz kortizolumu istehsal etməyim". Zamanla bədəniniz öz-özünü oyatmaq qabiliyyətini itirir. "Qəhvə içmədən ayıla bilmirəm" demənizin səbəbi xarakteriniz deyil, pozduğunuz bu sistemdir.

Stanford Universitetinin neyrobioloqu Andrew Hubermanın dünyaya yaydığı üsul budur:

90 dəqiqə gözləyin: Oyandıqdan sonrakı ilk 90-120 dəqiqə ərzində qətiyyən kofein qəbul etməyin. Qoyun o ilk 1.5 saatda bədəniniz öz kortizolunu istehsal etsin, gecə boyu yığılan o son adenozin qalıqlarını təbii yollarla (hərəkət edərək, gün işığı alaraq, su içərək) təmizləsin.

90 dəqiqə dolduqdan sonra: Reseptorlar tamamilə təmizlənmişkən o qəhvəni için.

Bunu etdikdə nə baş verəcək? Səhər içdiyiniz o tək fincan qəhvə sizi sadəcə günortaya qədər deyil, axşam saatlarına qədər gümrah tutacaq. Günorta gələn o çöküşü yaşama ehtimalınız azalacaq.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.