Tufts Universitetinin alimləri aşağı kalorili və təbii dadlı şəkər əvəzedicisi hazırlamaq üçün yeni biosintetik üsul hazırlayıblar.
"Cell Reports Physical Science" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar taqatoz adlı nadir şəkəri bakteriyalar vasitəsilə səmərəli şəkildə istehsal etməyə nail olublar.
Məlumata görə, taqatoz süfrə şəkəri qədər şirin olsa da, təxminən 60 faiz daha az kalori ehtiva edir və qan şəkərinə təsiri xeyli aşağıdır. Yeni üsulda "Escherichia coli" bakteriyaları qlükozanı taqatoza çevirmək üçün genetik olaraq dəyişdirilib. Bu metod məhsuldarlığı 95 faizə qədər artırır ki, bu da ənənəvi istehsal üsullarından həm daha ucuz, həm də daha effektivdir.
Alimlər bildirirlər ki, taqatoz ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən "ümumiyyətlə təhlükəsiz" maddə kimi tanınıb. Araşdırmalar göstərir ki, bu şəkər əvəzedicisi diabet xəstələri üçün daha uyğun ola bilər, ağız sağlamlığını dəstəkləyir və bağırsaq bakteriyaları üçün faydalıdır.
Qeyd olunur ki, taqatoz yalnız şirinlik vermir, həm də bişirmə zamanı adi şəkər kimi tekstura və qəhvəyiləşmə xüsusiyyəti yaradır. Bu da onu gələcəkdə qida sənayesi üçün perspektivli şəkər əvəzedicilərindən birinə çevirir.
Fidan
Milli.Az





