Azərbaycanda qəbul imtahanları yekunlaşıb. Ötən gün sonuncu imtahanın nəticələri açıqlanıb.
Ümumi nəticələrə görə, il ərzində cəmi 2 nəfər 700 bal toplayıb. Onlar hər ikisi IV qrup üzrə imtahanlarda iştirak edib.
Təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlamasında deyib ki, bu il IV ixtisas qrupunda iki nəfərin maksimum nəticə - yəni 700 bal toplaması tibb sahəsinə olan marağın nə qədər yüksək və rəqabətin nə qədər kəskin olduğunu göstərir.
"Tibb ixtisası hər zaman gənclər arasında ən çox arzu olunan sahələrdən biri olub. Amma builki nəticə artıq bu marağın sadəcə istək yox, real göstəricilərlə də gücləndiyini ortaya qoyur. Yüksək ballı abituriyentlərin bu sahəyə yönəlməsi keçid ballarının daha da artmasına səbəb olacaq. Bu səbəbdən IV ixtisas qrupu üzrə tibb, əczaçılıq və stomatologiya ixtisaslarında əvvəlki illərlə müqayisədə daha yüksək keçid balları gözlənilir".
O, qeyd edib ki, I ixtisas qrupu üzrə isə nəticələr daha balanslı görünür.
"Bu sahə üzrə riyaziyyat və fizika biliklərinin əsas olduğunu nəzərə alsaq, abituriyentlərin son illərdə bu fənlərə xüsusi önəm verməsi nəticələrin müsbət istiqamətdə dəyişməsinə təsir edib. Eyni zamanda müasir texnologiyalarla əlaqəli sahələrə olan maraq da artmaqdadır. Artıq abituriyentlər mühəndisliklə yanaşı süni intellekt, proqramlaşdırma, informasiya texnologiyaları, avtomatika və kibertəhlükəsizlik kimi ixtisaslara ciddi şəkildə yönəlirlər. Bu sahələr əmək bazarında yüksək tələbatlı və perspektivli olduğu üçün gənclər həm şəxsi maraq, həm də gələcək karyera baxımından bu istiqamətləri daha üstün tutur. Ona görə də bu ixtisaslarda da keçid ballarında artım mümkündür və burada da ciddi rəqabət yaşanacağı gözlənilir".
Təhsil eksperti vurğulayıb ki, ixtisas seçiminin necə formalaşacağı məsələsinə gəlincə, artıq illərin təcrübəsi göstərir ki, gənclərin seçimlərinə həm topladıqları bal, həm də əmək bazarındakı vəziyyət, valideyn yönləndirməsi və şəxsi motivasiyalar təsir edir:
"IV qrup üzrə tibb sahələri bu il də lider mövqeyində olacaq. Bu istiqamətdə həm rəqabət yüksəkdir, həm də abituriyentlər bu sahəyə daha sistemli yanaşır. İxtisasların prestiji, sabit iş imkanları və sosial statusu da bu marağı daha da artırır. Amma qeyd etmək lazımdır ki, yalnız yüksək bal toplamaq kifayət deyil - tibb təhsili çətin və məsuliyyətlidir, bu sahədə davamlı uğur üçün çağırışlara hazır olmaq vacibdir".
Ə.Həsənli əlavə edib ki, I qrup üzrə abituriyentlərin əsas seçimi yenə də kompüter mühəndisliyi, proqram təminatı, süni intellekt, informasiya təhlükəsizliyi və avtomatika kimi müasir texnologiyalarla bağlı sahələr olacaq.
"Bu ixtisasların reytinqi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə də yüksəlməkdədir. Bu səbəbdən də I qrup daxilində bu sahələrdə seçilən universitetlərdə və ixtisaslarda ciddi sıxlıq, yəni yüksək rəqabət olacaq".
Müsahibimiz onu da qeyd edib ki, II və III ixtisas qruplarına gəlincə, orada da bəlli tendensiyalar müşahidə olunur:
"II qrupda iqtisadiyyat, maliyyə, idarəetmə və mühasibatlıq kimi sahələrə maraq stabildir. III qrupda isə hüquqşünaslıq yenə ən çox seçilən ixtisas olacaq. Bununla yanaşı, müəllimlik və sosial elmlərə maraqda nisbi azalma müşahidə oluna bilər. Əvvəlki illərdə bu sahələri sadəcə "alternativ" olaraq seçənlərin sayı bu il daha ehtiyatlı qərar verə bilər".
O həmçinin diqqətə çatdırıb ki, yekun olaraq 2025-ci ilin ixtisas seçimi mərhələsi strateji baxımdan həssas dövrdür:
"Bu mərhələdə gənclərin yalnız yüksək bal toplamasına deyil, eyni zamanda həmin balı öz bacarıqlarına, maraqlarına və əmək bazarının real ehtiyaclarına uyğun istiqamətlə yönəltməsinə diqqət yetirilməlidir. Uğur yalnız balda deyil - düzgün qərar, məqsədyönlü seçim və ardıcıl inkişafda gizlidir",- deyə Ə.Həsənli bildirib.
Milli.Az