Təhsil

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA

10 İyun 2025 19:30
Baxış: 2 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal toplayacağı, onların hansı universiteti və ixtisasları seçəcəyi, həmin şəxslərin kimlər olacağı diqqət mərkəzində olur. Bu böyük uğura imza atanlar arasında liseylərdə, rayon və kənd orta məktəblərində təhsil alan şagirdlər var.

Onların bu uğuru necə əldə etdikləri müzakirə olunduğu kimi sonrakı fəaliyyətləri də maraqlıdır.

Bəs görəsən 700 bal toplayanların tam siyahısı mövcuddurmu? Bununla hansısa qurum məşğul olurmu? Həmin şəxslər hazırda hardadırlar və hansı sahədə fəaliyyət göstərirlər? İmtahanda topladıqları bu yüksək göstərici onların həyat yoluna necə və hansı formada təsir göstərib?

Teleqraf-ın budəfəki araşdırmasında bu suallara cavab tapmağa çalışıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) 2007-ci ildən bu günə qədər ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olundu. Məlumatda yalnız illər üzrə bu balı toplayanların sayı var idi.

Məlum oldu ki, ən çox 700 bal toplayanlar 2018-ci ildə qeydə alınıb.

2007 - 3

2008 - 6

2009 - 2

2010 - 7

2011 - 4

2012 - 5

2013 - 6

2014 - 9

2015 - 15

2016 - 10

2017 - 15

2018 - 29

2019 - 0

2020 - 0

2021 - 0

2022 - 1

2023 - 0

2024 - 2

Göründüyü kimi, 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti üç il ard-arda heç kim bu nəticəni əldə edə bilməyib. Ekspertlər bunun səbəbini bir neçə faktorla izah edirlər: o dönəmdə pandemiya, təhsilin distant formada keçirilməsi və məhz 2019-cu ildən qəbul imtahanlarının kurikulum sistemi əsasında həyata keçirilməsidir.

Daha sonra müraciət etdiyimiz Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, 700 bal toplayan şəxslərlə bağlı ünvanlanan suallar yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən cavablandırıla bilər.

Beləliklə iş başa düşdü: 700 bal toplayan məzunların əksəriyyətinin seçimi olan - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Akademiyası, İqtisad Universitetinə müraciət etdik. Təəssüf ki, nəticə o qədər də ürəkaçan olmadı, universitetlər onlarda belə siyahıların olmadığını bildirdilər. Tək-tük ali təhsil ocağı bu məsələdə seçilməyi bacardı.

Kimi direktor, kimi hələ də tələbə...

Bakı Mühəndislik Universiteti Teleqraf-ın sorğusuna cavab olaraq 2007-ci ildən bu yana 700 bal toplayan 116 abituriyentdən 5 şəxsin sözügedən universitetin məzunu olduğunu bildirdi. Onların adlarını və hazırda harda, nə işlə məşğul olduğuna dair məlumat isə bu formadadır:

Orxan Səfərov - Mühəndislik fakültəsi "Sənayenin təşkili və idarə edilməsi" ixtisası - "Avromed Company" QSC-nin Daxili audit departamentinin direktoru

Flora Həsənova - Pedaqoji fakültə "Tərcümə" ixtisası - Özəl təhsil kursunda çalışır

Məmməd Hacılı - Mühəndislik fakültəsi "Kompüter mühəndisliyi" ixtisası - "SOCAR Downstream"-da Proses üzrə böyük mühəndis

Fatima Zəhra Nəbizadə - Mühəndislik fakültəsi "Kimya mühəndisliyi" ixtisası - "London Imperial College"də "advanced chemical engineering" üzrə magistraturaya qəbul olub

Əli Allahverdiyev - Mühəndislik fakültəsi "Maşınqayırma" ixtisası - Rusiyada magistratura səviyyəsində təhsil alır.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirildi ki, indiyə kimi 700 bal toplayan 4 məzunu olub. 2016-cı tədris ilində Şahbaba Məmmədov, 2017-ci ildə Cavad Əliyev, Arzu Məmmədzadə, 2018-ci ildə Rəmzi Abıyev UNEC-ə qəbul olub. Hər biri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ingilisdilli) Maliyyə ixtisası üzrə təhsil alıb.

1 milyondan çox təqaüd qazanan azərbaycanlı

"Arzu Məmmədzadə isə hazırda ABŞ-də işləyir", - məlumatda qeyd olunub.

Arzu ilə bağlı sosial şəbəkədə paylaşımlara tez-tez rast gəlmək mümkündür. Məlumata görə, Arzu UNEC-in III kursunda ABŞ səfirliyinin tam təqaüdü ilə 1 semestrlik ABŞ-də təhsil alıb. Bakalavr təhsilindən sonra 3 il "Paşa Bank"da Maliyyə mütəxəssisi kimi çalışıb. GMAT imtahanından 740 bal toplayaraq dünya üzrə yüksək nəticə göstərib və Amerikanın 9 universitetinə MBA pilləsi üzrə qəbul alıb. Bu universitetlərdən 8-dən full təqaüd qazanıb. ABŞ universitetlərindən toplam qazandığı təqaüd 1 milyon dollardan çoxdur. O, bu il "Emory Universiteti" - Goizueta Biznes Məktəbindəki təhsilini başa vurub.

Son illər 700 bala həsrət qalan bir çox universitetlər var ki, onlardan biri də Azərbaycan Tibb Universitetidir.

Təhsil ocağından sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildən 2024-cü ilə qədər 700 bal toplayan məzunları olmayıb.

Universitetlərdən ala bildiyimiz məlumatlar burada bitdi. Növbəti etapda ad-ad axtarışlara başladıq. Öncə 2007-ci ildə qəbul imtahanında maksimum - 700 balı toplayan ilk üç nəfərdən başlayaq: Emil Abbasov, Cavid Mustafayev, Nərgiz İsmayılbəyli.

Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Daha sonra Azərbaycana gəlib, son məlumatlara görə ADA universitetində çalışır.

Cavid Mustafayev Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" ixtisasında oxuyub. Onun barəsində qısa məlumatı vaxtilə təhsil aldığı 247 nömrəli məktəbin saytından əldə edə bildik. Məktəbin fərqlənən məzunlarından olan Cavid "Ernst&Young şirkəti"ində auditor kimi çalışır.

Nərgiz İsmayılbəyli isə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü illərdə İtaliyada La Sapienza Universitetində, 2014-2015-ci ildə Bolonya Universitetində təhsil alıb. 2013-2020 -ci ildə Respublika Diaqnostika Mərkəzində mama-ginekologiya ixtisası üzrə həkim-rezident kimi işləyib. Hazırda Yeni Klinikada həkim mama-ginekoloq vəzifəsində çalışır.

Görünən odur ki, 700 bal toplayanların bəziləri ölkəmizdə, əksəriyyəti isə xaricdə təhsillərinə davam etməyə üstünlük veriblər. Onlar həm 700 bal toplamaqla, həm də maraqlı həyat hekayələri ilə tarix yazmağı bacarıblar.

700 ballı ailə

Ucal Ağammədovla Nərmin Məmmədli kimi...Ucal Ağammədov 2009-cu ildə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub. Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər. Onlar 2021-ci ildə ailə quraraq Belçikada yaşamağa üstünlük veriblər.

Bir-birinə dəstək olan bacı-qardaş

İbrahim Əhmədov 2015-ci ildə 700 bal toplayaraq ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Onun bacısı Leyli Əhmədova isə 2018-ci ildə bu göstəricini təkrarlayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Leyli qardaşının 700 bal toplamasının onun üçün çox böyük motivasiya olduğunu vurğulayıb və onu imtahana qardaşının hazırlaşdırdığını da etiraf edib.

192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov 2018-ci ildə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. O, hazırda Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında kardioloq-rezident kimi təhsil alır.

Jalə Rəcəbova 2018-ci ildə ADA Universitetinə qəbul olub. O, İngiltərənin paytaxtı London şəhərində yaşayır. Hazırda UCL - London Universitet Kollecində təhsil alır.

Axtarış zamanı sosial mediadan özlərinə yazsaq da, geri dönüşlər çox az oldu. ABŞ-də yaşayan Kolumbiya Universitetinin kompüter elmləri üzrə doktorantı 2017-ci ildə qəbul imtahanında 700 bal toplayan Vahab Cəbrayılov isə Teleqraf-ın suallarını ətraflı cavablandırdı.

Çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım

"2017-ci ildə Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olundum. BANM ölkəmizin ən qabaqcıl mühəndislik məktəbidir. Təbii ki, bunun qərar qəbul etməyimdə önəmli rolu var idi. 2 ilə yaxın orada təhsil aldım və indi də davam edən yaxşı dostluqlar qazandım. Həmçinin bu müddət ölkəmizin ali təhsil sferası haqqında təcrübə qazanmağıma da kömək etdi. 2019-cu ildə kompüter mühəndisliyi üzrə təhsil almaq istədiyim üçün universitetdən ayrıldım və təhsilimi Türkiyənin ən qabaqcıl universiteti olan ODTÜ - Orta Doğu Tekniki Üniversitesində davam etdim. O zaman BANM-da sadəcə 3 ixtisas var idi.

Ətrafımda hər kəs bunun böyük risk olduğunu düşünürdü. Ölkənin ən yaxşı universitetində parlaq bir tələbə, qrup birincisi idim, Prezident təqaüdü alırdım, birdən- birə geridə dostlarımı, sevdiklərimi və ailəmi qoyub heç tanımadığım Ankara kimi boz, soyuq bir şəhərdə, çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım.

Orada illər həm çox yorucu, həm də adrenalin və motivasiyalı keçdi. Geriyə baxdıqda rahatlıqla deyə bilərəm ki, zaman- zaman Amerika və Avropa standartlarının üstündə təhsil aldıq. Türkiyənin ən yaxşıları ilə yarışırdıq. Universitet beşincisi olaraq məzun oldum. Son kursda Amerikanın bir neçə universitətindən doktoranturaya qəbul aldım və Kolumbiya universitetini seçdim. Dünyanın ən nüfuzlu universitetlərindən biri, eyni zamanda Nyu-Yorkun Manhattan bölgəsində yerləşməsi qərarımda tərəddüdə yer buraxmadı. Çox bilinməsə də, Lütfi-Zadə doktorluğunu burada qazanıb. ABŞ-yə yerləşməzdən öncə İsveçrənin Lozan şəhərində yerləşən EPFL universitetində tədqiqatçı kimi təcrübə qazandım.

Artıq 2 ildir Amerikadayam. Burada zamanım dolu və yorucu keçir. "Google Microsoft" kimi şirkətlərlə problem üzərində əməkdaşlıq edirik. Dəvət üzərinə "Google Microsoft" şirkətində tədqiqatçı olaraq çalışdım. Həmçinin təhsil prosesində də professor köməkçisi kimi iştirak edirəm".

700 ona hansı yolları açıb?

"Tam səmimi deyim, 700 bal topladığımızı ara-sıra media və tanışlar xatırlatmasa, unudaram. Azərbaycanda çoxu məni məhz bu nailiyyətimə görə tanıyır. Amma mən bunu daha çox gənclərə örnək olmaq üçün istifadə etməyə çalışmışam. Çox zaman məni 700 bal yığmış oğlan kimi tanıyıb, sonra Vahab olaraq hörmət edib dostlaşırlar. Hər zaman davamlı uğura, çalışmağa inanıram. Mənim üçün 700 sadəcə bir pillə idi.

Qloballaşma bir reallıqdır və bu sadəcə Azərbaycan üçün keçərli deyil. Türkiyədən olan bir çox tanıdıqlarım da hazırda xaricdədir - xüsusilə Amerikada. Bu Avropa dövlətlərinə də aiddir. Reallıq odur ki, Amerika texnologiya sahəsində liderdir. Bir çox yüksək ixtisas tələb edən imkanlar buradadır. Lakin əsas olan bu insanların ölkənin fərqində olması və iki tərəfli əməkdaşlıqlar qurmalarıdır.

Çox uzun müddətli planlara qarşıyam. Sadəcə gələcək üçün strategiyalar olmalıdır.

Mənim gələcək strategiyam hər mənada daha yaxşı biri olmaq, yeni nəslin inkişafına töhfə vermək və millətimizi bacardığımız qədər texniki sferada tanıtmaqdır. Yaxın planlarım isə doktoranturanı uğurla bitirməkdir. Yuxarıda qeyd etdiyimiz kimi, reallıqlar ilə limitliyik və sahəm üzrə əl çatılan imkanlar burdadır. Amma gələcəkdə hər hansı imkan yaranarsa, ölkəmə qayıdıb töhfə verməkdən də çəkinmərəm".

Təəssüf ki, bu barədə təkliflər gəlmir

Vahab Cəbrayılov zaman-zaman Azərbaycandan dövlət və özəl sektordan iş təkliflərinin gəldiyini deyir: "Heç olmur deyə bilmərəm. Zaman- zaman dövlət və özəl sektordan maraq olur. Hər zaman bacardığım qədər təcrübə mübadiləsinə çalışıram. Lakin zaman çox limitlidir. Çoxlu tənqidi fikirlərim var - özəlliklə ali təhsil müəssisələri ilə bağlı. Ancaq özüm də hər zaman vaxt darlığından əziyyət çəkdiyim üçün sadəcə tənqid etməyi düzgün hesab etmirəm. Amma fayda verməyi çox istəyərəm: tələbələri tanıyım, onlara texniki mühazirələr verim. Təəssüf ki, bu barədə təkliflər edilmir. Bəlkə də sadəcə olaraq tanımırlar.

Amerika mənə işləməyin və biliyin dəyərini öyrətdi. 25 yaşındakı bir gənci universitet yetərincə xərc edərək maliyyələşdirir. Böyük şirkətlərdəki mühəndislər və menecerlər problemlərin danışır, adlı- şanlı professorlar sakitcə dinləyir və yönəldir. Sadəlik, əl çatanlıq və dinləmək təhsil və tədqiqatın ən önəmli hissədir burada. Qərəz olmadan sadəcə bacarığın, xarakterin və insan münasibətlərində ən önəmli rol olduğunu öyrəndim. Təbii ki, tədqiqata ayrılan finansal güc və maraq da danılmazdır".

Maliyyə ayrılmadı və mən ...

2008-ci ildə 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan Elvin Dadaşsoy isə ölkədə qalaraq biznes fəaliyyəti ilə məşğul olmağı seçib:

"Universitet illərində bir neçə sahədə fəaliyyət göstərdim. Bir müddət satış meneceri kimi çalışdım, ingilis dili dərsləri keçdim. Bir neçə dəfə biznes qurmaq cəhdlərim oldu, amma uğurla nəticələnmədi. Hərbi xidməti bitirib, qayıtdıqdan sonra ingilis dili müəllimi kimi fəaliyyətə başladım. Qısa müddətdən sonra kurs alıb, işimi brendləşdirib böyütdüm. Beləcə, təhsil mərkəzi yaratdım. O vaxtdan indiyə qədər ölkədə 24 filialını açmışıq.

Əslində mənim də xaricdə təhsil almaq arzum olub. 2009-cu ildə TOEFL və IELTS imtahanlarına hazırlaşaraq yaxşı bal toplamışdım. İngiltərədə universitetlərin birinə qəbul olunmuşdum. Həmin il dövlət proqramına müraciət etdim. Təəssüf ki, maliyyə ayrılmadı. Azərbaycanda qaldım, təhsilimi burada davam etdirdim.

Özümə söz verdim ki, nə vaxtsa xaricdə təhsil alsam, heç bir qrant, təqaüd almayacam. Yalnız öz gücümə bunu edəcəm. 2019-2021-ci illərdə ADA universitetində MBA proqramı üzrə təhsil aldım. Amma hələ də dünyanın top universitetlərinin birində bir illik investisiyalar və bizneslə bağlı təhsil almaq fikrindəyəm".

O Azərbaycanda həm dövlət, həm özəl sektordan gələn iş təkliflərini qəbul etmədiyini vurğulayıb:

"İş təklifləri olub. Amma mən lap uşaqlıqdan heç vaxt maaşlı işdə çalışmağı düşünməmişəm. Həmişə azad olmağı, biznes qurmağı planlamışam. Hətta bir neçə dəfə olub ki, biznesimiz çöküşə gedib, xüsusən pandemiya dövründə vəziyyət mənfidə idi, borclar yığılmışdı. O zaman belə mən yüksək maaşlı iş təkliflərini rədd etmişəm".

Nə mərkəzləşdirilmiş bir sistem var, nə də bu istiqamətdə aparılmış davamlı, analitik təhlillər

Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov Teleqraf-a açıqlamasında 700 bal toplayanların hansı sahədə çalışdıqları, Azərbaycanda işləyib-işləmədikləri barədə konkret statistika və təhlillərin mövcud olmadığını söyləyir:

"700 bal toplamaq Azərbaycanda yalnız bir imtahan nəticəsi deyil, həm də cəmiyyətin kollektiv olaraq inşa etdiyi uğur modelidir. Bu nəticə illərlə davam edən hazırlıq prosesinin, ailə dəstəyinin, müəllim əməyinin və sistemin strukturunun zirvə nöqtəsi kimi təqdim olunur. Lakin məsələ yalnız həmin uğurun qeydiyyatı ilə başa çatmır. Əsas sual ondan sonra başlayır: 700 bal toplayan şəxslər təhsil aldıqları universitetlərdə nə qədər inkişaf edir, hansı sahədə fəaliyyət göstərirlər, ölkədə qalırlar, yoxsa xaricə üz tuturlar və bu insan kapitalı ölkəyə nə dərəcədə qayıdır? Bu suallara cavab verə biləcək nə mərkəzləşdirilmiş bir sistem var, nə də bu istiqamətdə aparılmış davamlı, analitik təhlillər.

700 bal toplayınların çoxu ADA Universiteti, UNEC, ATU, BMU kimi universitetlərə qəbul olunub, bir qismi isə xaricdə təhsil almağa qərar verib. Dövlət İmtahan Mərkəzi yalnız imtahan nəticələrini açıqlayır, Elm və Təhsil Nazirliyinin isə bu şəxslərin həyat yolunu izləmək üçün nəzərdə tutulmuş ayrıca platforması və ya illik hesabat sistemi mövcud deyil. Halbuki bu şəxslər təkcə yüksək nəticə göstərmiş abituriyentlər deyil, həm də dövlətin insan kapitalı siyasətinin gələcək hədəfləri baxımından strateji göstəricilərdir.

Bu yanaşma ölkə miqyasında tətbiq olunmur

"Təhsil haqqında" Qanunun 4-cü maddəsində qeyd olunur ki, təhsil sistemi insan potensialını inkişaf etdirmək və cəmiyyətin tərəqqisinə xidmət etmək məqsədi daşıyır. Əgər sistem ən istedadlı fərdlərin belə sonrakı inkişaf yolunu izləmirsə, bu, həm təhsilin effektivliyinin ölçülməsi baxımından, həm də ictimai resursların səmərəli istifadəsi baxımından ciddi çatışmazlıqdır. İxtisas seçimi zamanı verilən qərarların düzgünlüyü, universitetlərin bu tələbələri necə qarşılaması, hansı fərdi yanaşmalar tətbiq etməsi, onların beynəlxalq platformalarda nə dərəcədə rəqabətə davamlı olması kimi suallar açıq qalır".

K.Əsədovun sözlərinə görə artıq bəzi universitetlər fərqlənən tələbələr üçün xüsusi proqramlar tətbiq etməyə başlayıb: "ADA Universitetində təqaüd, liderlik proqramları, tədqiqat layihələri və beynəlxalq mübadilə imkanları təklif olunur. UNEC-də də istedadlı tələbələr üçün fərdi mentorluq sistemi və tədris planına daxil edilmiş tədqiqat yönümlü modullar tətbiq edilir. Bu təcrübələr göstərir ki, əgər istedadlı tələbə fərdi yanaşma ilə əhatə olunursa, onun potensialı daha səmərəli şəkildə inkişaf etdirilə bilər. Lakin bu yanaşma sistemli və ölkə miqyasında tətbiq olunmur".

700 bal toplayanlar izlənilməlidir

Təhsil eksperti bu sahədə dünya təcrübəsinin necə işlədiyindən də danışıb:

"ABŞ-də SAT və ACT imtahanlarında yüksək nəticə göstərən abituriyentlər avtomatik olaraq "Honors College" sistemlərinə yönləndirilir, burada onlara fərqli tədris proqramı, akademik azadlıq, layihə əsaslı öyrənmə və liderlik imkanları yaradılır. Almaniyada yüksək nəticə göstərən tələbələr "Deutschlandstipendium" ilə dəstəklənir, onlar üçün dövlət və özəl sektor tərəfindən maliyyələşən mentorluq və təlim proqramları mövcuddur. Cənubi Koreyada "Brain Korea 21" layihəsi çərçivəsində akademik üstünlükləri ilə seçilən tələbələr dövlətin tədqiqat prioritetlərinə uyğun istiqamətləndirilir və bu şəxslərin sonrakı fəaliyyəti konkret hədəflərlə izlənilir. Bu yanaşmalar göstərir ki, istedadlı tələbələr ölkənin strateji inkişaf planlarında insan resursu olaraq nəzərdə tutulur və bu resurs planlı şəkildə idarə olunur.

Əgər Azərbaycanda bu sahədə ciddi bir dəyişiklik baş verərsə və istedadlı tələbələrin sonrakı fəaliyyəti izlənərsə, bir neçə mühüm dəyişiklik baş verəcək. Əvvəla, ali təhsil müəssisələrinin fəaliyyətinə dair obyektiv və ölçülə bilən keyfiyyət göstəriciləri formalaşacaq. İkincisi, qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərin itməsi, ölkədən köçməsi və ya sistemdən uzaqlaşması hallarının qarşısı alınacaq. Üçüncüsü, təhsil siyasəti yalnız formal nəticələr üzərində deyil, real nəticə və məhsuldarlıq üzərində qurulacaq. Bu isə təhsilin daha funksional və cəmiyyətə faydalı modelə çevrilməsinə səbəb olacaq.

Bu istiqamətdə dəyişiklik üçün ilk addım olaraq Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında inteqrasiya olunmuş "İstedadlı tələbələrin izlənməsi və inkişafı platforması" yaradılmalıdır. Bu platforma 700 bal və ya digər yüksək nəticə göstərmiş abituriyentləri qeydə almalı, onların seçdikləri ixtisasları, təhsil göstəricilərini, işlə təmin olunma statusunu, xaricdə təhsil imkanlarını və ölkəyə qayıdıb-qayıtmadıqlarını izləməlidir. Bu mexanizm həm də dövlətin insan kapitalına yönəlik strateji planlaşdırma funksiyasını yerinə yetirə bilər. Əks halda, ali təhsil sistemi ən istedadlı fərdləri belə dəyərləndirə bilməyən və nəticə yönümlü olmayan bir struktura çevriləcək".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.