İqtisadiyyat

Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib

7 Mart 2021 14:24
Baxış: 607

Neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək missiyasını uğurla yerinə yetirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm işlər görüb. Fond Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak edib, institusional cəhətdən yüksək inkişaf göstərib, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib. ARDNF-in əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətlidir və bu bir daha Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi, siyasi və sosial reformaların təcəssümünü əks etdirir.

BMT Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fəaliyyətinin əsas istiqaməti şəffaflıq və hesabatlılıq prinsipləri əsasında formalaşan ARDNF qlobal suveren fondlar arasında bu sahədə ən yaxşı örnəklərdən biri hesab edilir. Məhz qüsursuz və şəffaf fəaliyyəti ilə əlaqədar Neft Fondu dünyanın bir sıra mötəbər təşkilatları tərəfindən çox yüksək dəyərləndirilib.

Təsadüfi deyil ki, hələ 2007-ci ildə Dövlət Neft Fondunun məhz institusional quruculuq və dövlət idarəçiliyi sahəsində uğurlu və şəffaf fəaliyyəti BMT tərəfindən çox yüksək dəyərləndirilib və bu sahədə ən yüksək mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" ilə təltif edilib. "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin dövlətlərin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub.

ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur.

ARDNF suveren fondların kəskin zərərlə qarşılaşdığı bir vaxtda öz aktivlərini artıra bilib

Şəffaflıq göstəricilərinə görə dünyanın ən qabaqcıl suveren fondlarından biri olaraq ARDNF 2014-cü ildə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra dünya iqtisadiyyatında meydana çıxan qeyri-müəyyənliklər fonunda, əsasən də iqtisadiyyatı neftdən asılı olan ölkələrdə yaranmış böhranlı vəziyyətlə əlaqədar bir çox suveren fondların kəskin zərərlə qarşılaşdığı bir zamanda öz vəsaitlərini nəinki qoruyub saxlayıb, hətta aktivlərinin artırılmasına belə nail olub.

Belə ki, fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan fondun vəsaitləri 2019-cu ildə ilk dəfə olaraq 40 milyard dolları keçib.

Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda ARDNF-in şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər 50-dən çox ölkədə ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Neft Fondu hazırda təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.

Dövlət Neft Fondu suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində ilk beşlikdədir

Dünyanın 5 il ardıcıl olaraq ən yaxşı İqtisadi Təqdqiqtalar mərkəzi və ABŞ-ın bir nömrəli "Think Tank"ı statusunu qazanmış Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PIIE) tərəfindən 2019-cu il üzrə İnstitutsional struktur, İdarəçilik, Şəffaflıq və Hesabatlılıq, Risklərin idarə edilməsi kimi 4 kateqoriya və 33 alt-kateqoriyaya əsaslanaraq tərtib edilmiş suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində Dövlət Neft Fondu 64 fond arasında ilk beşlikdə qərarlaşıb.

Bununla yanaşı, qeyd edək ki, Suveren Fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən tərtib edilən "Linaburq-Maduel indeksi"ndə 48 suveren fond arasında Dövlət Neft Fondu ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan 12 fonddan biridir. ARDNF, eyni zamanda, 2018-ci ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilmiş dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluqda yer alıb.

Qeyd edək ki, PIIE 1981-ci ildə təsis edilib, ilkin olaraq özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşın. İnstitut yaradılarkən Beynəlxalq İqtisadiyyat İnstututu adlanırdı. 2006-cı ildən etibarən isə təsisçisi, "Blackstone Group"un həmtəsisçisi, ABŞ-ın keçmiş ticarət naziri və ABŞ Prezidentinin beynəlxalq iqtisadi siyasət məsələləri üzrə köməkçisi Piter Petersonun şərəfinə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu adlandırılmağa başlayıb.

Qurum tərəfindən beynəlxalq ticarət və investisiyalar, beynəlxalq maliyyə, valyuta ticarəti, makroiqtisadi siyasət, qlobal böhranlar və eləcədə aparıcı iqtisadi regionlar barədə dünyanın müxtəlif ölkələrindən olan 70-dək iqtisadi araşdırmaçı tərəfindən müxtəlif istiqamətli tədqiqatlar, hesabatlar hazırlanır və layihələr həyata keçirilir. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il "Global Go to Think Tank Index" hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli "Think Tank"ı statusunu qazanmıb, eləcə də 2020-ci il üzrə dünya "beyin mərkəzləri"nin reytinqində 9-cu mövqedə qərarlaşıb.

PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi statusunu daşıyıb və sözügedən institut 2020-ci ildə isə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusunu qazanıb. İqtisadi təhlilləri ilə fərqlənən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu Pensilvaniya Universitetinin İndex hesabatında yazılı və elektronik mediadan ən yaxşı istifadə edən qurum olaraq seçilib.

Neft Fondu "Santyaqo Prinsipləri"nin tətbiqində fəal iştirak edir

ARDNF-in qeyd edilən beynəlxalq reytinqlərdə yüksək pillələrdə qərarlaşması təsadüfi deyil. Belə ki, əsrin əvvəllərindən başlayaraq neftin satışından gələn daxilolmaların tənzimlənməsinə dair uğurlu strategiyanın formalaşdırılması və bu istiqamətdə şəffaf idarəetmə modelinin qurulması mühüm əhəmiyyət kəsb edib.

Bu çərçivədə ARDNF öz məqsəd və vəzifələrindən irəli gələrək beynəxalq müstəvidə istər özünün, istərsə də ölkənin nüfuzunun arıtırılması yönündə daima aktiv fəaliyyət göstərib. Suveren fondları birləşdirən vahid beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumun (IFSWF) formalaşması və bu konteksdə suveren fondlar üçün vahid fəaliyyət standartları kimi qəbul edilən "Santyaqo Prinsipləri"nin tətbiqində ARDNF fəal iştirak edib.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmış və 24 prinsipdən ibarət "Santyaqo Prinsipləri"nin əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümumi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.