İqtisadiyyat

Azərbaycan Ermənistanla yolları açsa, bu, Gürcüstana nə vəd edir?

28 Yanvar 2021 08:47
Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən Dünya Sakitin yazısını təqdim edir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bütövlükdə Cənubi Qafqaz regionunda tamamilə yeni situasiya, yeni şərtlər formalaşdırıb. Xüsusilə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair əldə olunan razılaşmanın icrası yaxın gələcəkdə regionda iqtisadi əlaqələrin coğrafi strukturunda ciddi dəyişikliklərə səbəb ola bilər. Bu, ilk növbədə Bakıdan Naxçıvana, Türkiyəyə, İrəvandan Naxçıvan üzərindən Sünik vilayəti, İran və Rusiyaya nəqliyyat əlaqəsinin yaradılmasına gətirib çıxaracaq. Hansı ki, bir çox ekspertlər bu halda Gürcüstanın bölgədəki açar kommunikasiya-tranzit ölkə statusunu itirəcəyini düşünürlər.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları müstəqillik dövründə sovet vaxtı ölkələr arasında olan nəqliyyat-kommunikasiya əlaqələrinin dağılmasına gətirib çıxarıb. Bu şəraitdə Gürcüstan Rusiya ilə Ermənistan, Azərbaycanla Türkiyə arasında yeganə tranzit ölkə imkanı əldə edib. Uzun illərdir Gürcüstan bu imkanın yaratdığı üstünlüklərdən faydalanmaqdadır: Azərbaycan özünün, həmçinin Mərkəzi və Orta Asiyanın neftini Gürcüstan üzərindən Türkiyəyə, oradan isə dünya bazarına çatdırır. Eyni zamanda Azərbaycan qazını Avropa bazarına çatdıran əsas qaz kəmərləri də Gürcüstan ərazisindən keçir. Gürcüstan Avropadan Asiyaya fiberoptik kabel, avtomobil və dəmiryol xətlərinin keçdiyi mərkəzə çevrilib. İndi isə regionda yeni iqtisadi şərtlər, yeni kommunikasiyaların formalaşdırılmasına başlanılıb. Bu yeni şərtlər, Rusiya ekspertlərinin gözləntilərinə uyğun olaraq, Gürcüstanın regional tranzit ölkə statusunun itirilməsi ilə nəticələnə bilərmi?

Qeyd edək ki, Azərbaycan və Xəzərin o tayının neft-qazını dünya bazarına daşıyan infrastruktur artıq qurulub: çoxmilyardlı kəmərlər Gürcüstan ərazisindən keçməklə inşa olunub. Türkmənistanla Azərbaycan, İranla Azərbaycan arasında əldə olunan razılaşmaların icrası yaxınmüddətli dövrdə hər iki ölkə ilə birlikdə işlənəcək yataqdan hasil olunacaq neft və qazın da məhz həmin kəmərlərlə ötürülməyə başlayacağını göstərir. Yəni milyardlarla dollar vəsait hesabına başa gələn kəmərlərin yenidən Ermənistan ərazisindən keçməklə çəkilməsi mümkün deyil. Qeyd etməyə dəyər ki, bu kəmərlərdən Gürcüstan kifayət qədər böyük qazanc əldə edir. Belə ki, Bakı-Tiflis-Ərzurum  qaz kəməri ilə nəql olunan qazın 5 faizi tranzit haqqı olaraq Gürcüstana verilir. Tiflis bu qazı aztəminatlı ailələrə, həmçinin yüksək dağ kəndlərinin sakinlərinə pulsuz verir, həmçinin enerji istehsalı müəssisələrinə yönəldir. 2020-cü ildə Azərbaycanın qaz ixracı 12,4 milyard kubmetrə yaxın olub. Bu isə Gürcüstanın 1,1 milyard kubmetrdən çox pulsuz qaz əldə etməsi deməkdir. Yaxın illərdə Azərbaycandan qaz ixracının sürətlə artacağını nəzərə alsaq, Gürcüstanın pulsuz əldə edəcəyi qazın həcminin də çoxalacağını söyləyə bilərik.

Azərbaycan neftinin tranzitinə görə də Gürcüstan irihəcmli gəlirlər əldə edir. Yalnız 2005-ci ildə istismara verilmiş Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin hər barel üçün ilk 5 ildə 0,12 dollar, sonrakı 11 ildə 0,14 dollar tranzit haqqı alıb. Hazırda bu rəqəm 1 dollar ətrafındadır. Bu isə ildə yüz milyonlarla dollar gəlir deməkdir. Bakı-Supsa boru kəməri, həmçinin dəmiryol nəqliyyatı ilə daşınan neft və neft məhsullarının tranzitindən də gürcülər az qazanmırlar.

Çindən Avropaya gedən Böyük İpək Yolunun tərkib hissəsinə çevrilən, 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımalar da sürətlə artmaqdadır. Bu barədə iki gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən prezident İlham Əliyev də məlumat verib: "Əlbəttə ki, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Qeyd etməliyəm ki, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır".

Gürcü politoloq: "Mövcud kəmərlər yenidən çəkiləsi deyil"...

Gürcü politoloq, "Qruzinform"un baş redaktoru Arno Xıdırbeqişvili hesab edir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpa olunması Gürcüstanın regional nəqliyyat dəhlizlərindən kənarda qalmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Saakaşvili hökuməti Abxaziya və Cənubi Osetiya məsələsində düzgün mövqe tutmadığına görə Gürcüstan Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına möhtac qalıb. Bundan başqa, Ermənistana yeni nəqliyyat əlaqəsi imkanının yaranması nəticəsində Gürcüstandan Rusiyaya çəkilməsi nəzərdə tutulan Larsdankənar yeni avtomobil yolu layihəsi də sual altına düşür. Bu layihənin icrasına Asiya İnkişaf Bankı 500 milyon dollar kredit ayırmaq niyyətindəydi: "Gürcüstan təcili tədbirlər görməsə, Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən regional logistika və kommunikasiya habı rolu Azərbaycana keçəcək. Buna görə də rəqabətə hazır olmalıyıq. Ona davam gətirmək üçün Gürcüstan 2011-ci ildə imzalanmış razılaşmaya uyğun olaraq Rusiyadan gəlməklə Abxaziyadan və Tsxinvalidən keçən nəqliyyat dəhlizlərini açmalıdır. Bu halda Gürcüstan marşrutu Azərbaycan-Ermənistan marşrutundan daha qısa və daha əlverişli olacaq".

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasından sonra ölkəsinin region üçün əsas tranzit statusunu itirəcəyi qənaətindədir. Onun fikrincə, burada əsas rolu Gürcüstanı küncə sıxmaq istəyən Rusiya prezidenti Vladimir Putin oynayır: məhz o, Ermənistanla Azərbaycan arasında və məhz Gürcüstanı regional layihələrdən kənarda saxlamaq üçün nəqliyyat əlaqələrinin bərpasına çalışır.

Gürcüstanın Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şengeliya isə tamamilə fərqli fikirdədir. O hesab edir ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması barədə razılaşma Gürcüstanın regional tranzit ölkə roluna hər hansı təsir göstərməyəcək: "Razılaşma yaxın gələcəkdə regionda hansısa yeni infrastrukturun yaradılmasını nəzərdə tutmur. Belə infrastrukturun yaradılması illərlə vaxt tələb edəcək. Bu isə regionda sabitliyin olacağı deməkdir. Regionda gərginlik azalacaq, bu isə investisiya axınının bərpasına səbəb olacaq. Cənubi Qafqazın yenidən xarici investorlar üçün maraqlı və cəlbedici olacağını istisna etmirəm".

Gürcüstanın Nation.ge analitik resursunun eksperti David Avalişvili bildirir ki, fəaliyyətdə olan neft-qaz kəmərlərinə nəsə etmək mümkün deyil: "Bu kəmərlər ölkəyə böyük həcmdə gəlir gətirir. Gürcüstan ərazisindən nəql olunan qazın 5 faizini tranzit haqqı olaraq pulsuz götürür. Eyni zamanda istədiyi qədər neft-qazı güzəştli qiymətlə almaq hüququ var".

Avalişvilinin sözlərinə görə, Gürcüstandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirən avtomobil yolu Azərbaycandan Ermənistanın dağlıq ərazisindən keçməklə çəkiləcəyi gözlənilən yoldan daha rahat və təhlükəsizdir.

Lakin buna baxmayaraq, Gürcüstanın bəzi tranzit layihələri sual altına düşə bilər. Bu zaman ilk olaraq keçmiş prezident Mixail Saakaşvilinin icrasında təkid etdiyi "Lazika" adlı layihə diqqətə yetirilir. Layihə Abxaziya yaxınlığında Anakliya adlı yerdə dərinsulu limanın inşasını nəzərdə tuturdu. İllik 100 milyon ton yük aşırmaq imkanında olacaq limanın Şərqi Çindən Avropaya daşınacaq yüklərin tranzitinə şərait yaradacağı gözlənilirdi. Lakin indi yüklərin daşınmasında Ermənistan üzərindən keçəcək yolun seçilməsi təhlükəsi yaranıb. Bu isə Gürcüstanın Yeni İpək Yolundan kənarda qalması demək olacaq.

Azər Süleymanov: "Gürcü cəmiyyəti baş verəcək dəyişiklikləri normal qəbul etməlidir"

Gürcüstan parlamentinin üzvü, əslən azərbaycanlı olan Azər Süleymanov bildirir ki, yerli mediada Tiflisin regional layihələrdən kənarda qalacağına dair məlumatlar tez-tez dərc olunur: "Eyni zamanda hakim partiyanı bəzi üzvləri, bir sıra digər yüksək vəzifəli şəxslər arasında da ermənipərəstliyi ilə seçilən, Azərbaycanı sevməyən qüvvələr var. Bu qüvvələr Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilmirlər. Bu qələbədən qısqanclıq hissləri keçirənlər var ki, onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması fonunda Gürcüstanın tranzit rolunu itirəcəyini gözləyirlər. Aydın məsələdir ki, hər bir dövlət kimi Azərbaycan da sırf öz maraqlarından çıxış etməli, əlaqələrini bu maraqlar üzərində qurmalıdır. Hansısa dövlət bundan qısqanclıq keçirəcəksə, bu, o dövlətin öz problemləridir. Qafqaz daim müharibə şəraitində yaşayası deyildi, Azərbaycan öz torpaqlarını işğalda saxlamayacaqdı və bunu dəfələrlə bəyan etmişdi. Biz arzu edirik ki, Osetiya və Abxaziya geri qaytarılsın, Gürcüstanımız da bütövləşsin".

A.Süleymanovun sözlərinə görə, son həftələrdə Gürcüstanda Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpa olunması perspektivinə qısqanclıqla yanaşan qüvvələr ölkədə Azərbaycana qarşı təbliğat aparırlar: "Çoxsaylı məqalələr dərc olunur ki, Ermənistandan keçən və daha qısa yol açılandan sonra Azərbaycan Gürcüstanı saymayacaq, bütün yükdaşımaları Ermənistan üzərindən həyata keçirəcək. Bu isə Gürcüstan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Gürcüstanı çoxəsrlik mehriban qonşuluq münasibətləri birləşdirir. Azərbaycan ən ağır vaxtlarında Gürcüstanın yanında olub, onun dərdlərinə şərik çıxıb. Düşünürəm ki, bundan sonra da mehriban münasibətlər davam edəcək. Lakin hər bir dövlət öz maraqlarından çıxış etməyə, sadəcə, məcburdur. Bu baxımdan, Gürcüstan dövləti və cəmiyyətinin də bu amili nəzərə alaraq, baş verəcək dəyişiklikləri normal qarşılayacağına ümid edirəm. Hər bir halda, seçim Azərbaycanın olacaq, Azərbaycan dövlətinə uğurlar arzulayırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.