İqtisadiyyat

Xəzərdə siyasi xəstəlik var - ARAŞDIRMA

25 Aprel 2015 22:20
0 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizləri, okeanları fəth edən insanlar, zaman keçdikcə dəniz xəstəliyinin öhdəsindən effektiv şəkildə gəlməyi öyrəniblər. Otağın havasını dəyiş, pəhriz saxla, xüsusi idman hərəkətləri et və xəstəlik keçib gedəcək. Müasir sivilizasiya isə bu məsələnin həllini üzməkdən əvvəl iki həbin atılmasına qədər sadələşdirib. Buna bir anda nail olunmayıb. Ötən dövr ərzində bir çox üsullar sınanıb, səhvlərə yol verilib, xeyli sayda layiqli centlmenlərin və onların antipodlarının ölümü qaçılmaz olub.
 

Amma xüsusi idman hərəkətləri kimi, bu həblər də Xəzərdə işə yaramır. Burada söhbət xüsusi xəstəlikdən gedir və onun müalicəsi hələ ki, elmə bəlli deyil. Vaxtilə bu dərdin dərmanını "Xəzərin elm və innovasiyalar" üzrə "başbilən"i Viktor Kalyujnı tapmağa çalışıb. Düzdür, o Xəzər hövzəsini üzən nəqliyyat vasitəsilə dolaşmayıb. Əvəzində uzun illər boyu Rusiya prezidentinin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə xüsusi nümayəndəsi olub. Nəzərə alsaq ki, dənizin statusu hələ də müəyyənləşdirilməyib, demək, bu, elə də asan məsələ deyil. Qeyri-müəyyənlik nə az, nə çox - düz 20 ildir ki, davam edir!
 

"Boş oturmaq, protokol işlərilə kifayətlənmək olmaz. Bizdə nəsə ehtiyatlılıq xəstəliyi var. Yerimizdə dayanırıq. Özümüzə, mövqeyimizə tənqidi yanaşmalıyıq. Bu mövqe Xəzər probleminin həllində hamını birləşdirməlidir. Xəzərlə bağlı dialoqda ilk yerə "Gəlin, Xəzəri birlikdə xilas edək!" şüarını qoymalıyıq. İlk növbədə, bu, ekoloji məsələlərlə bağlıdır", - deyə Viktor Kalyujnı aprelin 15-də Moskvada keçirilən "Xəzər dialoqu-2015" Beynəlxalq İqtisadi Forumunda bildirib.
 

Ümumilikdə, Xəzəryanı ölkələrdə 260 milyon insan yaşayır. Statistikaya görə, onların 15 milyondan çoxu Xəzər dənizinin resursları hesabına dolanır. Bu milyonlarla insan illərdir ki, doğma dənizin, yaxud gölün nadir flora və faunasının ləng, lakin qaçılmaz məhvini müşahidə edir. Bu, bəlkə də, gölün məhvidir. Axı, onlar beynəlxalq hüquqi məqamlarla tanış deyillər. Bu normalara əsasən, Xəzərə nə dəniz, nə göl kimi yanaşmaq olar. BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz hüquqları bəyannaməsi də ona şamil oluna bilməz. Onların ağıllarına da gəlmir ki, burada presedent hüququ işləməlidir. Suitilər isə problemdən tamamilə bixəbərdilər. Məsələn, Qazaxıstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, 2000-ci ilin yaz-yay mövsümündə dənizdə 10,5 min suiti müəmmalı şəkildə məhv olub. Müstəqil qazax ekoloqları isə söhbətin, hətta 30 min suitidən getdiyini deyirlər.
 

1985-ci ildə "Tengiz" neft-qaz yatağında atmosferə neft və qaz tullantıları atılıb. Nəhəng yanğının söndürülməsinə 1 ildən artıq vaxt gedib: bu müddət ərzində atmosferə 3,4 milyon ton neft, 1,7 milyard kubmetr qaz, 900 min ton his buraxılıb və bu, 400 kilometrlik radiusu əhatə edib. Söhbət Xəzərin qoruq olan, nərəkimilərin yaşadığı şimal-şərq hissəsindən gedir.
 

Azərbaycan mətbuatının məlumatına görə, 1998-ci ildə Abşeron rayonu ərazisində qoruq elan edilmiş adada 30 min quş məhv olub. Qazaxıstanın şimal sahilyanı rayonlarında qan xəstələrinin sayı respublikadakı orta göstəricidən 2-4 dəfə artıqdır. Xəzərdə ekoloji cinayətlərin qurbanlarının sayı-hesabı yoxdur.
 

Dünya statistikasına görə, dənizin dibindən çıxarılan neftin 7-9%-i qəzalar, keyfiyyətsiz borular və anbarlar ucbatından hövzələrə axıb gedir. Dəniz yataqlarının işlənilməsi zamanı bir quyudan, orta hesabla, 30-120 ton neft suya qarışır. Cəmi 1 ton neft isə dəniz səthinin 12 kvadrat kilometrini örtməyə qadirdir.
 

Artıq onilliklərdir ki, köhnə, konservləşdirilmiş quyular, həmçinin hazırda işlənməkdə olanlar Xəzəri neftlə elə çirkləndirir ki, yataqlara yaxın ərazilərdəki bütün canlılar məhv olub. Terekdən dənizə Çeçenistan ərazisindən böyük həcmdə neft axır. Xəzərə Volqa çayı da külli miqdarda zəhərli maddələr gətirir.
 

Rusiya təbiətə nəzarət idarəsinin Rusiyanın Ətraf Mühitə Nəzarət Xidməti (RƏMNX) idarə rəisi Natalya Sokolovanın sözlərinə görə, Rusiyanın sənaye obyektlərinin 40%-i Volqa çayı boyunca yerləşir. Onların hər birindən çaya son dərəcə böyük həcmdə kimyəvi tullantılar axıdılır. Lakin Rusiyanın təbiətin mühafizəsilə məşğul olan təşkilatlarının həmin müəssisələrdə təftiş işləri aparmaq hüquqları yoxdur. Sokolovanın sözlərinə görə, sözügedən müəssisələrin hüquqşünasları ilə RƏMNX arasında Rusiya qanunvericiliyində boşluqların axtarılması üzrə bitmək bilməyən yarış gedir. Hətta hansısa müəssisəni məsuliyyətə cəlb etmək mümkün olanda belə, söhbət gülünc rəqəmlərdən gedir. Məsələn, bu ilin 3 ayı ərzində kəsilmiş cərimələrin məbləği 14 min dollardan bir qədər artıqdır. Üstəlik, onlardan ödənilməsinə nail olunanlar bu rəqəmdən 10 dəfə azdır. Halbuki həmin müəssisələrin dövriyyəsi milyardlarla ölçülür.
 

Biznesmenlər utanmadan etiraf edirlər ki, onlara təmizləyici qurğuların quraşdırılması ilə müqayisədə, cərimə ödəmək daha çox sərf edir. Kalyujnının RƏMNX-in fəaliyyətini fərsizlik kimi qiymətləndirməsinə Sokolova emosional şəkildə cavab verib: təşkilata dövlət büdcəsinə gəlir gətirən biznesin "işinə qarışmasına" imkan vermirlər!
 

Kalyujnı forumdakı çıxışında Qazaxıstanın "Tengiz" və "Kaşaqan" yataqlarının işlənilməsinin dünya miqyaslı ekoloji fəlakətlərə yol açdığına diqqət çəkib. Onun sözlərinə görə, həmin yataqlardan hasil olunan neftin tərkibində hidrogen sulfidin miqdarı çox yüksəkdir. Amma Xəzərin digər hissələrindəki neft yataqlarının işlənilməsinin yaratdığı təhlükə də bundan az deyil.
 

Bu məsələlər forumda qaldırılıb. Hətta onlara ayrıca sessiya həsr edilib. Lakin belə təəssürat yaranıb ki, bütün bunlar, sadəcə, söz xətrinə danışılır - çıxış edənlər dodaqaltı nəsə donquldanır, vərəqdən nəsə oxuyur, Rusiya Ticarət-Sənaye Palatasının kitabxanasının dairəvi zalının yarısını dolduran dinləyicilər isə əsnəşir, telefonda qurdalanır və ya yatırdılar. Mənə elə gəlirdi ki, çıxış edənlərdən hər hansı "suitilərin xilası heyvanların öz işidir" kimi fikir səsləndirərsə belə, buna heç kəs reaksiya verməyəcək.
 

"Beştərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üçün iş aparılır. Ötən ilin sentyabrında Həştərxan sammitinin yekunu olaraq bazaya "Bioloji su resurslarının qorunması və rasional istifadəsi", "Xəzərdə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması", "Hidrometeorologiya sahəsində əməkdaşlıq" haqqında sazişlər də əlavə edilib. Bundan əvvəl isə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş ratifikasiya olunub. Söhbət hər şeydən əvvəl terrorizmə qarşı profilaktika tədbirlərindən, narkotiklərin qanunsuz dövriyyəsilə mübarizədən, brakonyerliyin qarşısının alınmasından gedir", - deyə beş Xəzəryanı dövlət arasında əməkdaşlığın siyasi və iqtisadi tərəflərindən danışan İqor Bratçikov bildirib. Bratçikov Rusiya prezidentinin MDB daxilində Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsidir.
 

"Xəzəryanı dövlət başçılarının Həştərxan sammiti zamanı istehsalat kooperasiyalarının artırılması, daimi fəaliyyət göstərəcək Xəzər İqtisadi Forumunun və Xəzər Logistika Mərkəzinin yaradılması, regionda azad ticarət zonasının formalaşdırılmasına dair maraqlı təkliflər səsləndirilib. İşgüzar dairələrin maraqları Xəzər regionuna yönəlmiş aparıcı şirkət rəhbərlərinin iştirakı ilə keçirilən xüsusi konfransında iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Bundan başqa, toplantıda nəqliyyat, bank sektoru, turizm və xidmət sahəsinin inkişafına dair də məzmunlu tematik diskussiyalar aparılıb", - deyə İqor Bratçikov qeyd edib.
 

Yaxşı səslənir. Bəs, reallıqda? İranın Strateji Araşdırmalar Mərkəzinin Avrasiyanın öyrənilməsi şöbəsinin direktoru Məhəmməd Şurinin fikrincə, hər hansı regional təşkilat çərçivəsində nəzarətedici struktur olmadığından, bu razılaşmalar heç bir nəticə verməyəcək. Analitik hesab edir ki, sahilyanı dövlətlər arasında Xəzərin hüquqi statusu ilə bağlı fikir ayrılıqlarının olması bir çox imkanların əldən verilməsinə səbəb olub və bu, yalnız ortaya yeni problemlərin çıxması ilə nəticələnib.
 

Beləliklə, hər kəs maneə kimi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsini göstərir. Sovet İttifaqının dağılmasından sonra Xəzəryanı ölkələrin başçıları dövlətlərarası münasibətlərdə bu maneəni aradan qaldırmaq niyyətlərini yorulmadan təkrarlayırlar. Amma hələlik onlardan yalnız üçünün arasında bu məsələ qismən də olsa, həllini tapıb. 2003-cü ilin mayında Rusiya, Azərbaycan və Qazaxıstan Xəzərin 64%-lik şimal hövzəsini 3 hissəyə bölüblər. Qazaxıstan 27, Rusiya 19, Azərbaycan isə 18%-ə sahib çıxıb. İranla Rusiya arasında isə bu məsələ ilə bağlı münasibətlər hələ də 1921 və 1940-cı illərin müqavilələrinə əsaslanır.
 

1992-ci ilin oktyabrında Tehranda keçirilmiş görüşdə 5 Xəzəryanı ölkənin başçıları ilk dəfə Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) yaradılması məsələsini müzakirə etmişdilər. O zaman Azərbaycan buna qarşı çıxmış, əvvəlcə dənizin hüquqi statusunun müəyyənləşdirilməsini təklif etmişdi. Sonradan XİƏT-in yaradılması ideyası növbəli şəkildə Rusiya və İran tərəfindən də irəli sürüldü. Lakin bu dəfə ona Türkmənistan etiraz etdi.
 

Bundan başqa, birgə neft şirkətinin yaradılmasına dair də ideya var idi (1995-1996-cı illərdə). O, milli zonalardan kənarda yerləşən yataqların işlənməsilə məşğul olmalı idi. Bunun ardınca Dövlətlərarası Xəzər Bankının yaradılması təklifi də ortaya atıldı. Amma eyni səbəb - dənizin hüquqi statusunun müəyyənləşdirilməməsi onların reallaşdırılmasına imkan vermədi.
 

Danışıqlar prosesinə cəlb olunmuş əksər ekspertlərin fikrincə, bu problemin həlli üçün İranın digər dövlətlərin mövqeyilə razılaşması tələb olunur. Tehran isə hələ də Xəzəri bərabər 5 hissəyə bölməyi tələb edir.
 

Xəzərdə əməkdaşlığın hansı sahələrinə nəzər yetirsəniz, hər addımda hüquqi statusun müəyyənləşdirilməməsi maneə olaraq qarşınıza çıxır. Bu, hətta turizm sahəsinə də aiddir. Forumda Azərbaycanın turizm imkanlarından danışan mədəniyyət və turizm nazirinin müavini Mahir Qəhrəmanov həmkarlarını Xəzərdə 5 sahilyanı ölkəni dolaşmaqla kruiz turlarının təşkilinə dəstək verməyə çağırıb. "R+"a açıqlamasında isə o, dəniz qonşularının dəstəyi olmadan bu ideyanın gerçəkləşməsinin mümkünsüzlüyünü etiraf edib. Səbəb kimi M.Qəhrəmanov bir sıra məqamları, o cümlədən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsini göstərib. Xəzərin çirklənməsi ilə bağlı mümkün çətinlikləri biz müzakirə etmədik. Çünki, ilk növbədə həmfikirləri toplamaq lazımdır.
 

Düşünürəm ki, gələcəkdə kruiz səyyahları üçün adi dəniz xəstəliyi qorxulu sayılmayacaq - hər kayutda yerləşən dərman qutusunda lazımi dərmanlar olacaq. Amma "Xəzər xəstəliyi"nin müalicəsində tibb işçiləri acizdirlər. Burada fərqli profilə aid mütəxəssislər tələb olunur. Ümid edək ki, ilk teploxodun Xəzərdə gəzintiyə çıxmasınadək ümumi dənizimiz ona zorla yoluxdurulmuş xəstəlikdən xilas olacaq.

"Region Plyus"



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.