İqtisadiyyat

Qars olayına sözardı: Azərbaycan Rusiyanı qabaqladı

18 Mart 2015 11:52
Baxış: 2 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilmiş təntənəli mərasimdə deyib.


 

Dövlət başçısı daha sonra vurğuladı ki,1994-cü ildə reallaşan "Əsrin müqaviləsi" ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynadı. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən İ.Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan "Şahdəniz"in "Cənub" qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu söylədi.

Mərasimin ən maraqlı məqamlarından biri də Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin əl-ələ vermələri idi.


 

Bu minvalla dünyaya "biz birlikdəyik, çiyin-çiyinəyik" mesajı verildi.

TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
 

Mərasimdə digər maraqlı an isə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın çıxışı idi.
 

"Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir", - deyən Amos Hoxstayn bildirdi ki, ABŞ "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi.


 

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç 2014-cü ildə Bakıda "Cənub" qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. "Cənub" qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şevçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.
 

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı "Cənub" qaz dəhlizinin əsas həlqəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi.
 

Gürcüstan prezidenti Giorgi Marqeraşvili "Cənub" qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırdı.

Beləliklə, Azərbaycanın illərdən bəri reallaşdırmağa can atdığı və mənfəətinə, effektivliyinə, ən əsası isə dünya enerji bazarında tutacağı mövqelərə və oynayacağı rola əsla şübhə etmədiyi layihə reallaşır.



Halbuki, Avropa Birliyinin təbii qazla təminatına yönəlmiş bu layihəyə elə avropalıların özləri inanmır, Rusiyadan qaz asılılığından qurtulmalarının belə "asan" olacağını düşünmürdü. Ötən ilin sonlarınadək Brüssel faktiki olaraq müşahidəçi mövqe tutmuş, ABŞ isə yaşananları laqeydcəsinə izləməklə işini bitmiş saymışdı.
 

Fəqət Ukraynadakı olaylar situasiyanı dəyişdi, Avropa Birliyinin yaxın perspektivlərlə bağlı geostrateji və siyasi planlarını alt-üst etdi.

Brüssel Rusiyanın təbii qazından bundan sonra asılı qalmağın "mavi yanacaq"dan siyasi təzyiq vasitəsi qismində istifadə etdiyi əsla şübhə doğurmayan Moskvanın şərtlərinə riayət etmək olduğunu anladı.

Və "ayılma prosesi" başlandı.
 

Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq "Cənub Qaz Dəhlizi" marşrutunun tərkib hissəsi olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri ilə bağlı Bakının haqlı olduğunu əvvəl Avropa Birliyi, sonra ABŞ etiraf etdilər.
 

Bakıda mötəbər konfrans keçirildi, Brüssellə Vaşinqton Azərbaycana CQD ilə tam dəstək verdiklərini bəyan etdilər.


 

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin Qarsdakı çıxışı da bir sıra məqamlara aydınlıq gətirir. Avrokomissar əvvəlki dönəmlərdən tam fərqli olaraq bu dəfə tam çılpaq şəkildə bəyan etdi ki, Rusiyanın təbii qazının Türkiyə ərazisi ilə Avropa Birliyinə nəqli ilə bağlı istənilən qərar Brüssellə "zəruri və labüd müzakirələr, məsləhətləşmələr"dən sonra qəbul olunmalıdır.
 

Yəni M.Şevçoviç həddən ziyadə açıq dedi ki, Avropa Birliyi Rusiyanın "mavi yanacağı" ilə müqayisədə Azərbaycanın təbii qazına üstünlük verir.

Moskva olub-bitənlərin perspektivlərini anladığından aktivləşib. Rusiya prezidenti Vladimir Putin dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq enerjidaşıyıcıları ilə bağlı birgə layihələrin, o cümlədən "Türk axını"nını həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Rusiyanın təbii qazının Avropaya çıxarılmasının yeni marşrutu olan "Türk axını" ilə bağlı anlaşma V.Putinin ötən ilin dekabrın 1-də Türkiyəyə rəsmi səfəri əsnasında imzalanıb. Rusiyanın Avropa Birliyi ilə fikir ayrılıqları və mübahisələri səbəbindən inşası dayandırılmış "Cənub axını" layihəsinin əvəzinə "Türk axını" boru kəmərinin tikilməsinə qərar verilib.


 

"Cənub axını" Qara dənizdən Bolqarıstana, oradan Serbiyaya, daha sonra Macarıstan, Xorvatiya, Bosniya-Hersoqovina, Sloveniyaya çəkilməli idi. "Cənub axını"nın İtaliyaya çatanda marşrut başa çatması planlaşdırılmışdı.

"Türk axını" isə Qara dənizin dibi ilə Türkiyəyə çəkiləcək, oradan Türkiyə-Yunanıstan sərhədinə çatdıralacaq. Sərhəddə hab tikiləcək və Avropa Birliyi ölkələri də Rusiyanın təbii qazını bu habdan almalıdırlar.
 

Bütün bunlar hələlik niyyət, layihədir.

Maroş Şevçoviç isə bildirir ki, "Türk axını" ilə bağlı Rusiya tərəfdən Avropa Birliyinə heç bir təklif ünvanlanmayıb. Bununla da Brüssel Rusiya və Türkiyənin birgə layihəsinin "hələ nəzərdən keçiriləcəyinə" işarə vurur.
 

Rusiya gözləməkdə ikən, TANAP-ın tikintisinə artıq başlanır...
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.