İqtisadiyyat

Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu ilin ilk yarısında "AFB Bank" ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 481 min manat və ya 91% azalaraq 2 milyon 718 min manatdan 237 min manata düşüb.

Milli.Az bildirir ki, Plat.az bu barədə bankın hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, bu ilin ilk yarısında bankın faiz gəlirləri 10,9 milyon manatdan 24,2 milyon manata yüksəlib. Bu artım əsasən müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirlərinin 9,4 milyon manatdan 21,4 milyon manata çatması hesabına baş verib. 

Lakin eyni dövrdə faiz xərcləri daha sürətlə artaraq 3,2 milyon manatdan 12 milyon manata yüksəlib. Xüsusilə depozitlər üzrə ödənilən faizlər təxminən beş dəfə artaraq 1,9 milyon manatdan 9,6 milyon manata çatıb. Bankın cəlb etdiyi kreditlər üzrə faiz xərcləri də 1,3 milyon manatdan 2,1 milyon manata yüksəlib. 

Bankın əməliyyat xərcləri də artıb. Qeyri-faiz xərcləri 11,1 milyon manatdan 16,6 milyon manata yüksəlib. Bu artımın əsas hissəsini əməkhaqqı və digər kompensasiya xərcləri təşkil edib. Həmin xərc 4,8 milyon manatdan 8,5 milyon manata çatıb. Digər əməliyyat və amortizasiya xərclərində də artım qeydə alınıb. 

Bununla yanaşı, bankın kredit riskləri üzrə yaratdığı ehtiyatlar ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, bu amil artan faiz və əməliyyat xərclərinin mənfəətə mənfi təsirini kompensasiya edə bilməyib. 

Maraqlıdır ki, bank ilin ilk yarısını mənfəətlə başa vursa da, mənfəət vergisi ödəməyib.

Mənfəətində azalmaya baxmayaraq ilin ilk yarısında bank böyüyüb. 

AFB Bankın cəmi aktivləri ilin əvvəlindən 113,9 milyon manat və ya 26,9% artaraq 536,9 milyon manata yüksəlib. Bu artım əsasən müştərilərə verilmiş kreditlərin 292,5 milyon manatdan 394,4 milyon manata çatması hesabına baş verib. Bankın öhdəlikləri 116,2 milyon manat və ya 33,6% artaraq 461,4 milyon manata yüksəlib. Bunun əsas səbəbi depozit portfelinin 226,4 milyon manatdan 342,3 milyon manata qədər böyüməsi olub. Eyni zamanda, bankın kapitalı 2,2 milyon manat və ya 2,9% azalaraq 75,5 milyon manata enib. 

Ümumilikdə, hesabatın təhlili göstərir ki, bankın biznesi böyüsə də, yəni aktivləri və kredit portfeli sürətlə artsa da, bu artım hələlik mənfəətə çevrilməyib. Bunun əsas səbəbi resursların bahalaşması və əməliyyat xərclərinin yüksək artımı olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.