İqtisadiyyat

Azərbaycanda dəyəri bilinməyən maşın modelləri

31 Yanvar 2025 11:00
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bəzi avtomobillər var ki, onların dəyəri bilinmir. Ümumiyyətlə, ölkədə ikinci əl avtomobillərin qiymətləndirilməsi ilə bağlı problemlər var. İkinci əl maşınlar bazar dəyəri nəzərə alınmadan satışa çıxarılır. Halbuki, avtomobilin qiyməti bazar dəyərinə uyğunlaşdırılmalıdır. Belə ki, bazarda satışda olan eyni modeldən olan maşınların sayı, avtomobilin texniki vəziyyəti, yürüşü, qəzası, şarlarının açılması, boyanması və başqa bu kimi məqamlar onun qiymətinə aşkar təsir edir.

Dözümlülüyü ilə dünyada ad çıxaran "Toyota"ya Azərbaycanda da yüksək tələb var. Lakin, ikinci əl bazarında qiymətlərin şişirdildiyinin şahidi oluruq. Xüsusilə də, yaponiyadan gətirib, sükanı sağdan sola keçirilmiş modellərinin. Hansı ki, belə maşınları bəzi ölkələrdə sığorta şirkətləri qeydiyyata belə almır.

Qiyməti şişirdilən ikinci avtomobillər sırasında "Hyundai"nin Elantra, "Kia"nın Cerato modelləri də yer alır. Hansı ki, etibarlılığı ilə seçilsə də, komfort cəhətdən bir çox maşınlardan geridə qalır. Sadəcə ehtiyat hissələrinin ucuzluğuna görə bu maşınlara tələb azalmır. Lakin, son aylarda Çin avtomobilləri onların bazarına kifayət qədər mənfi təsir edib.

"Mercedes"in "Çeşka" və "4 fara" kimi tanınan C və E seriyaları da qiymətləri şişirdilən modellər sırasındadır. Başqa ölkələrdə utilizasiya edilən bu maşınlar Bakıda hələ də 10 mindən baha qiymətə təklif edilir.

Bəzi maşınların isə Bakıda ümumiyyətlə bazarı zəifdir. Bunlar sırasında "Audi" və "Mazda"nı misal çəkmək olar. Hansı ki, bütün dünyada ən etibarlı maşınlar sırasında bu iki modelin adı çəkilir. Xüsusilə, "Mazda" dözümlülükdə "Toyota"nı belə üstələyib. Hətta, bəzi ölkələrdə bu maşını "Toyota"nın daha lüks və komfortlu variantı hesab edirlər.

Yaxın illərdə Azərbaycanda avtomobil bazarında bir sıra dəyişikliklər gözlənilir. 2024-cü ildən etibarən avtomobil idxalında "paralel import"un payı artıb və bu, bazara təsir edir. Ölkə daxilində avtomobil parkının yenilənməsi və ekoloji nəqliyyata keçid istiqamətində dövlət tədbirləri davam edir. Elektrikli və hibrid avtomobillərə marağın artacağı proqnozlaşdırılır, çünki ekoloji tələblər sərtləşir və yanacaq qiymətlərindəki dəyişikliklər insanları alternativ seçimlər axtarmağa vadar edir.

Bazarın gələcək inkişafında yeni vergi siyasətləri, idxal qaydalarına dəyişikliklər və elektromobillərə olan marağın artması mühüm rol oynayacaq. Bundan əlavə, ikinci əl avtomobil bazarında qiymətlərin yüksək səviyyədə qalacağı ehtimal olunur, çünki yeni avtomobillərin idxalı və istehsalı ilə bağlı bəzi qeyri-müəyyənliklər davam edir. Azərbaycan avtomobil bazarında 2025 və sonrakı illərdə əsas tendensiyalar kimi elektromobillərə keçid, idxal məhdudiyyətləri və yerli avtomobil istehsalının gücləndirilməsi gözlənilir.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.