Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "sadələşdirilmiş tranzit prosedurları" ilə bağlı bəyanatı 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın açıq-aşkar sabotajından başqa bir şey deyil. İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən növbəti dəfə yayındığını nümayiş etdirir və Zəngəzur dəhlizinin real işə salınması əvəzinə, əldə edilmiş razılaşmaların mahiyyətinə zidd olan saxta, absurd "alternativ"lər irəli sürür.
Rəsmi İrəvan manipulyasiyalara və faktların təhrif edilməsi taktikasına əl ataraq üçtərəfli bəyanatın 9-cu bəndinin mənasını dəyişdirməyə çalışır. Halbuki həmin bənddə açıq şəkildə qeyd olunur ki, tranzit hərəkəti heç bir sərhəd və gömrük nəzarəti olmadan, maneəsiz həyata keçirilməlidir. Bunun əksinə olaraq, İrəvan indi də əsassız bürokratik sxemlər uyduraraq, tranzitə nəzarəti əlində saxlamağa və süni məhdudiyyətlər qoymağa çalışır.
Bu siyasət təkcə Ermənistanın öhdəliklərini yerinə yetirmək istəmədiyini deyil, eyni zamanda onun etibarsız və qeyri-konstruktiv tərəfdaş olduğunu göstərir. İrəvan Zəngəzur dəhlizinin açılmasını bilərəkdən sabotaj edir, regionda yeni gərginlik ocaqları yaratmağa və strateji kommunikasiyaları nəzarətdə saxlamağa cəhd edir. Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə regional sabitliyin əleyhinə yönəlmiş təhlükəli bir oyundur.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ümumiyyətlə, erməni diplomatiyası siyasi klounada, həqiqətləri təhrif etməklə məşğuldur. O, bu manipulyasiyanı "konstruktiv yanaşma" kimi təqdim etməyə çalışsa da, bu, sadəcə növbəti siyasi hiylədir. Zəngəzur dəhlizinin tam açılmasına dair Azərbaycanın konkret tələbinə qarşı "sadələşdirilmiş tranzit prosedurları"nın irəli sürülməsi açıq şəkildə prosesin ləngidilməsinə yönəlmiş növbəti hiyləgər addımdır. Amma bu taktika uğur qazana bilməyəcək.
Azərbaycan heç vaxt zəif mövqedən danışıqlar aparmayıb və indi də aparmır. Bakı güzəşt yox, konkret öhdəliklərin icrasını tələb edir. 2020-ci ilin noyabrında imzalanmış sənəddə "maneəsiz keçid" ifadəsi açıq şəkildə təsbit edilib və heç bir "alternativ yanaşma" bu prinsipin dəyişdirilməsinə əsas vermir. İrəvanın irəli sürdüyü "sadələşdirilmiş prosedurlar" və digər yarımçıq mexanizmlər Bakının birmənalı və prinsipial tələbinin əvəzi ola bilməz: Zəngəzur dəhlizi tam açılmalı, burada heç bir nəzarət və məhdudiyyət olmamalıdır!
Erməni diplomatiyası yenidən eyni köhnə oyununu oynamağa çalışır - razılaşmanın icrasını sabotaj etmək, onun məzmununu öz xeyrinə yenidən şərh etmək və beynəlxalq auditoriyaya əsassız konsepsiyalar təqdim etməklə manipulyasiya etmək.
İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atır. İndi isə, Azərbaycan prosesi yenidən gündəmə gətirdiyi halda, Ermənistan "konstruktiv yanaşma" və "qarşılıqlı fayda" haqqında cəfəng ritorikasını davam etdirir.
Yaşananlar sadəcə Qərbi aldatmaq məqsədi daşıyan bir teatr tamaşasıdır - Bakını isə bu oyunlarla aldatmaq mümkün deyil.
Azərbaycanın mövqeyi qəti və dəyişməzdir.
Ölkə Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə çıxışında deyib: "Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası "Sülh kəsişməsi" layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər".
Dövlət başçısının sözlərinə görə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq: " Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir"
Prezident İlham Əliyev açıq şəkildə bildirib: "Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır".
Bütün məsələ də elə bundadır. Erməni hiylələri, "detalların müzakirəsi" cəhdləri, keçidin hansı formatda "sadələşdirilə biləcəyi" barədə spekulyasiyalar - bunların hamısı prosesi ləngitmək üçün uydurulmuş açıq sabotajdır. Azərbaycan heç bir güzəştə getmək niyyətində deyil, çünki üçtərəfli bəyanatın mahiyyəti heç bir güzəşti nəzərdə tutmur - o, tam həcmdə icra olunmalıdır.
Bu vaxt ərzində Ermənistan diplomatik absurd teatrını davam etdirərkən, Azərbaycan alternativ marşrutu gerçəyə çevirir.
Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq dərk etməlidir ki, Azərbaycan İran üzərindən yeni nəqliyyat dəhlizi yaradır. Bu, artıq perspektiv deyil - bu, gerçəklikdir. Araz çayı üzərindən Azərbaycanı İran və Naxçıvanla birləşdirən körpünün tikintisi yekunlaşmaq üzrədir. Bakı və Tehran arasında konkret müqavilələr imzalanıb. İrəvandan fərqli olaraq, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, çünki anlayır ki, bu marşrut onun iqtisadi maraqlarına tam uyğundur.
Əgər Azərbaycanın bu alternativ yolu olacaqsa, onda Ermənistanla danışıqlar aparmağın nə mənası var? "Sadələşdirilmiş tranzit prosedurlarını" müzakirə etməyə ehtiyac varmı, məgər müstəqil, maneəsiz bir yol artıq ortadadır? Cavab açıq-aşkardır: heç bir mənası yoxdur!
Bir zamanlar özünü "regional nəqliyyat mərkəzi" kimi təqdim etmək istəyən Ermənistan, bu məqsədə çatmaq üçün tələb olunan ən əsas addımı - Zəngəzur dəhlizinin açılmasını bloklayaraq özünü geosiyasi dalana sürükləyir. Cənubi Qafqazın iqtisadi proseslərinə inteqrasiya üçün tarixi şansı əldən verən Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin kənarında qalır. Bu, onun özünün seçdiyi yoldur və bu yolda təkcə Ermənistanın günahı var.
Bu gün Ermənistanın qarşısında sadə bir seçim dayanır: ya o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Zəngəzur dəhlizini maneəsiz açır, ya da nəqliyyat dalanında qalır. Dünya erməni diplomatiyasının saxta arqumentlərini sonsuza qədər dinləmək niyyətində deyil. Əgər İrəvan regionun nəqliyyat sisteminə qoşulmaq istəyirsə, Bakıya da eyni şərtləri təqdim etməlidir.
Azərbaycan qalib ölkədir, ərazi bütövlüyünü bərpa etmiş dövlətdir. Və regionun yeni reallıqlarını formalaşdıran bir güc kimi, erməni revanşizminin manipulyasiya cəhdlərinə göz yummayacaq. Zəngəzur dəhlizi açılacaq - Ermənistanla və ya Ermənistan olmadan.
Seçim İrəvanındır.
Və bu seçim sonsuza qədər açıq deyil.
Elçin Alıoğlu
Trend