İqtisadiyyat

600 milyon saxta dollar əllərdə gəzir: Bankomatlar da ayırd edə bilmir: Əslini necə seçək?

29 Noyabr 2024 13:28
Baxış: 3 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 600 milyon dollarlıq saxta pullar dövriyyəyə buraxılıb.

Milli.Az xəbər verir ki, Türkiyədə saxta dollarlarla bağlı ciddi narahatlıq yaranıb. Yayılan məlumatlara görə xaricdə istehsal edilən saxta 50 və 100 dollarlıq əskinaslar ölkədə dövriyyəyə buraxılmağa çalışılır. Bu saxta pulların bankomat və pul sayma cihazlarından keçə bildiyi iddia edilir. Xüsusilə Kapalıçarşı və digər yerlərdə valyuta məntəqələri bu vəziyyətə qarşı həyəcan təbili çalıb. Hazırda bir çox məntəqələr dollar alımını dayandırıb və iş yerlərinə xəbərdarlıq kağızları yerləşdirib. Pulların Türkiyəyə Cənub-Şərq sərhədlərindən qaçaq yollarla gətirildiyi deyilir. Ümumi məbləğin 600 milyon dollar civarında olduğu ehtimal edilir, lakin bəzi mənbələr bu rəqəmin 1 milyard dollardan çox ola biləcəyini bildirir.

Baş Prokurorluq saxta pulların istehsalı və yayılması ilə bağlı araşdırma başladıb. Türkiyə Mərkəzi Bankı (TCMB) saxtakarlığa qarşı hüquq-mühafizə orqanları ilə birgə tədbirlər gördüyünü və lazımi təlimatları verdiyini açıqlayıb. Banklar Birliyi isə bankomat və pul sayma cihazlarının proqram təminatının yenilənməsi ilə məşğul olduqlarını bildirib. Döviz Büroları Dərnəyi isə bu iddialara qarşı sərt reaksiya verərək məlumatların şişirdildiyini və yalnız panika yaratmaq məqsədi güddüyünü deyib.

TÜYEMDER-in rəhbəri Methi Şeren bütün Türkiyə üzrə yalnız iki saxta banknota rast gəldiklərini, 600 milyon dollar saxta pul iddialarının əsassız olduğunu vurğulayıb. Şeren həmçinin bu saxta əskinasların döviz bürolarındakı cihazlardan keçmədiyini qeyd edib.

Bəzi hallarda bankomatlar və pul sayma cihazları saxta pulları aşkar etməkdə çətinlik çəkir. Xüsusilə turistlərin çox olduğu Antalya, İzmir, İstanbul və Qaziantep kimi şəhərlərdə bu pulların dövriyyəyə buraxıldığı məlum olub. Antalyada saxta dollarlarla kriptovalyuta alışı etmək cəhdi artıq hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Kapalıçarşıda bəzi döviz məntəqələri xəbərdarlıq elanları yerləşdirərək xüsusilə 50 və 100 dollarlıq əskinasların qəbul edilmədiyini bildirib. Sahibkarlar vəziyyətdən narahat olduqlarını ifadə edərək dövlət qurumlarından və hüquq-mühafizə orqanlarından məsələyə aydınlıq gətirilməsini tələb edirlər. Təcrübəli ticarətçilər belə saxta pulları tanımaqda çətinlik çəkdiklərini bildirir. Eyni zamanda, esnaflar və vətəndaşlar problemlərin yaxın həftələrdə həll olunacağına ümid edir.

Bütün bu məsələlər fonunda Türkiyə Banklar Birliyi və TCMB müvafiq cihazların yenilənməsi üçün səylərini artırdıqlarını, həmçinin bankçılıq sektoru ilə əlaqəli bütün qurumlarla yaxından əməkdaşlıq etdiklərini bildiriblər. Məqsəd iqtisadi fəaliyyəti davamlı və təhlükəsiz saxlamaq, müştərilərin hüquqlarını qorumaq və dövriyyədəki saxta pullarla effektiv mübarizə aparmaqdır. Hazırda vəziyyət nəzarətdə saxlanılsa da, bu problemin ölkə iqtisadiyyatına təsirləri diqqət mərkəzində qalır.

Saxta dollarları necə ayırd etmək olar?

İddiaların təkzib edilməsinə baxmayaraq Azərbaycanla Türkiyənin artan iqtisadi dövriyyəsi, Bakıdan Türkiyəyə gedən-gələn turistlərin çoxluğu azərbayanlılar arasında da saxta dollarla bağlı narahatlıq doğurur.

Mill.Az bu məqsədlə saxta dollarları necə ayırd etmək mövzusunda araşdırma aparıb.

Aşağıdakı xüsusiyyətlərdən istifadə edərək banknotların saxta olub-olmadığını ayırd etmək mümkündür.

Orijinal dollarda rəngi dəyişən mürəkkəblə hazırlanan nömrələr var.

50 Dollar (1997-ci il): Ön hissədəki "50" rəqəmi düz baxıdıqda yaşıl, əyri baxıdıqda isə qara rəngdə görünür. 2004-cü ildəki buraxılışlarda isə banknotu yuxarı və aşağı əyərək baxıdıqda rəqəm yaşıllaşır.
100 Dollar (1996 və 1999-cu illər): Ön hissədəki "100" rəqəmi düz baxıdıqda yaşıl, əyri baxıdıqda qara rəngə çevrilir. 2011 buraxılışında isə rəqəm narıncıdan yaşıla doğru dəyişir.

Banknotlarda xüsusi avadanlıqlarla görünən mikro yazılar istifadə olunur.

50 Dollar:

1996: Portrenin ətrafındakı çərçivənin son cərgəsində "THE UNITED STATES OF AMERICA" yazısı yer alır.
1997: Portrenin köynəyinin yaxasında "UNITED STATES OF AMERICA" mikro yazısı mövcuddur.
2004: Portretin ətrafında "USA 50", "USA FIFTY" və "THE UNITED STATES OF AMERICA" yazıları təkrarlanır.

100 Dollar:

1996 və 1999: Portretin yaxasında və sol alt küncdə "USA 100" yazısı mikro formada yerləşdirilib.
2011: Portrenin yaxasında "THE UNITED STATES OF AMERICA" yazısı, qızılı rəngdəki qələm boyunca isə "ONE HUNDRED USA" ifadəsi mikro şəkildə yazılıb.

Orijinal dollarların buraxıldığı illərə görə rəng fərqləri mövcuddur:

1996 buraxılışı: Yaşıl və qara rənglər üstünlük təşkil edir.
2004 buraxılışı (50 Dollar): Mavi, qırmızı və yaşıl rənglərdən istifadə olunub.
2011 buraxılışı (100 Dollar): Mavi, narıncı, sarı, yaşıl və qara rənglər birlikdə istifadə edilib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.