İqtisadiyyat

Bu əməkdaşlıq strateji əhəmiyyət daşıyır - Nazir müavini ilə müsahibə

27 Yanvar 2023 10:29
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlər COVID-19 pandemiyası səbəbindən zəiflədikdən sonra ötən il yenidən canlandı və əməkdaşlıq bir çox istiqamətdə yeni səviyyəyə keçdi.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Çex Respublikasının xarici işlər nazirinin müavini Yaroslav Kurfürst deyib.

"İkitərəfli münasibətlərimizin əsas prioritetlərindən birini ticari-iqtisadi əməkdaşlıq təşkil edir. Koronavirus pandemiyasının əhəmiyyətli dərəcədə təsir etdiyi 2022-ci il üzrə əmtəə dövriyyəsinə dair statistika illik hesablamada tədricən dirçəliş və nəzərəçarpan artımdan xəbər verir. Çexiyanın statistika idarəsinin məlumatlarına əsasən 2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla əmtəə dövriyyəsi 116 faiz artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir", - o deyib.

Nazir müavininin sözlərinə görə, 2022-ci ilin ikinci yarısından etibarən Çexiya şirkətlərinin tədricən Azərbaycan bazarına qayıdışı müşahidə olunur, həmçinin işgüzar fəallığın canlanmasına Praqa və Bakı arasında birbaşa aviareysin yenidən başlaması da təsir göstərib.

Y.Kurfürst hazırda Çexiyanın Azərbaycanda nəqliyyat kommunikasiyaları və energetika sektorunda iştirakını genişləndirmək imkanlarını araşdırdığını vurğulayıb.

"Ötən onillik ərzində Çexiyanın Azərbaycandakı əsas investisiya layihələri nəqliyyat infrastrukturu sahəsində olub. Flaqman layihəmiz olan Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan hissəsinin bərpası 2019-cu ildə başda "Moravia Steel" olmaqla bizim şirkətlər qrupumuz tərəfindən tamamlandı. Biz tamamilə yeni dövrə qədəm qoyduğumuzdan, Azərbaycanda kommunikasiya və enerji sahəsində yeni investisiya imkanlarına ümid edirik", - o deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan və Çex Respublikası arasında enerji sahəsində əməkdaşlıq uzunmüddətli əhəmiyyət daşıyır.

"2018-ci ildə Şamaxı rayonunun Qaravəlli kəndində məktəbdə çex şirkətləri tərəfindən tamamlanmış pilot layihə enerji resurslarının səmərəli istifadəsi barədə maarifləndirmənin artırılmasına yönəlmişdi. Biz bu sahələrdə ikitərəfli əməkdaşlığı mühüm hesab edirik, ona görə də bununla bağlı 2021-ci ilin sentyabrında xarici işlər nazirimizin Bakıya səfəri zamanı Azərbaycan və Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş imzalandı", - nazir müavini bildirib.

Y.Kurfürst əlavə edib ki, sazişin reallaşdırılması enerji daşıyıcılarının tədarüklərinin diversifikasiyası sahəsində ikitərəfli əməkdaşlığa, həmçinin enerji səmərəliliyinə və bərpa olunan enerji mənbələrinə yönəlmiş layihələrə çex şirkətlərinin cəlb olunmasına şərait yarada bilər.

O həmçinin Çexiyanın müvafiq Azərbaycan institutları ilə iqtisadi və ticari əməkdaşlığa imkan verən tədbirlər barədə danışıqlar apardığını qeyd edib.

"Bu il xüsusidir, belə ki yanvarın 27-si biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Azərbaycanla bir çox digər sahələrdə də əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bu imkandan uğurla istifadə edəcəyimizdən əminik. Biz parlamentlərimiz arasında əlaqələrin inkişafını müsbət qarşılayır və ali səviyyədə siyasi dialoqun daha da möhkəmləndirilməsinə diqqət yetiririk", - o deyib.

Nazir müavininin sözlərinə görə, 2023-cü ildə planlaşdırılmış ilk tədbir iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın mart ayının əvvəllərində keçiriləcək 5-ci iclası və Praqada keçiriləcək biznes-forumdur.

"Bu hadisə şübhəsiz iki ölkə arasında müxtəlif sahələrdə müzakirələrə təkan verəcək", - nazir müavini qeyd edib.

Kurfürst çexiyalı iş adamlarının Azərbaycan bazarında yeni imkanların öyrənilməsində maraqlı olduqlarını qeyd edib.

"Aramızdakı iqtisadi və enerji sahəsindəki əməkdaşlıq dərin ənənələrə malikdir və biz onu daha da inkişaf etdirəcəyimizə inanırıq. Çex şirkətləri azərbaycanlı həmkarları ilə işgüzar əməkdaşlıqda çox maraqlıdır, bu səbəbdən il ərzində hökumətimiz çex sahibkarlarına Azərbaycan bazarında köməklik göstərilməsi üzrə bir neçə layihəni dəstəkləyəcək. Həmçinin, 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi üçün çex stendinin hazırlanması da qeyd edilməlidir. Bu gün bəzi layihələr ilkin müzakirə mərhələsindədir. Biz hesab edirik ki, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə komissiyanın gözlənilən beşinci iclası və Praqa şəhərində keçiriləcək biznes forumu əməkdaşlığa daha da təkan verəcək", - nazir müavini yekun olaraq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.