İqtisadiyyat

"Bu çox vaxtında atılan addımdır" - Pakistan Araşdırmalar Mərkəzi

27 Noyabr 2022 13:36
Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qarabağ və Şərqi Zəngəzura xüsusi diqqət yetirməklə bütün ölkə ərazisində bərpa olunan enerji layihələrinin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə başlayıb. Ölkəmizin torpaqları erməni işğalından azad edildikdən sonra hökumət 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin 30 faiz payına nail olmaq məqsədini açıqlayıb. Eyni zamanda, Avropaya "yaşıl" elektrik enerjisi ixrac etmək niyyəti dəfələrlə ifadə edilib və bununla bağlı bir neçə plan təqdim edilib. Bu, həm də bu ilin iyununda imzalanmış Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun sütunlarından biridir.

Noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanda artıq iki bərpa olunan enerji layihəsi hazırlanır. Nəticədə təhminən gələn ilin sonunda əlçatan olacaq 470 meqavat külək və günəş enerjisi alınacaq. Bundan əlavə, işğaldan azad edilən Cəbrayıl rayonunda 230 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi həyata keçirilir. Dövlət başçısının sözlərinə görə, bütün bunlar Azərbaycana əlavə qaza qənaət etməyə imkan verəcək.

"Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Pakistan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Taimur Əkrəm Trend-ə bildirib ki, Azərbaycanın ortamüddətli perspektivdə Avropaya yaşıl elektrik enerjisinin ən böyük ixracatçılarından birinə çevrilə biləcəyinə şübhə yoxdur:

"Ölkə enerji nəhənginə çevrilmək üçün tam potensiala malikdir və bu baxımdan yeni tranzit marşrutlarının və dəhlizlərinin rolu mühümdür. Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün yeni quru marşrutları yaratmağa çalışır ki, bu da çox vaxtında atılan addımdır".

O qeyd edib ki, bu baxımından yeni dəhlizlərin işə salınması Azərbaycana bərpa olunan enerji mənbələrini Avropa İttifaqı ölkələrinə və dünyanın digər hissələrinə sərbəst ixrac etməyə imkan verəcək ki, bu da öz növbəsində ixracın böyük həcmini nəzərə alaraq, ölkənin qlobal ticarət əhatəsini və bazar dəyərini artıracaq.

Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan həm də bərpa olunan enerji sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. 2020-ci ildə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan onların sıfır emissiya zonası kimi bərpa ediləcəyini açıqlayıb. Eyni zamanda, günəş enerjisi, külək enerjisi və hidroenergetika sahəsində yüksək potensialla yanaşı, dəniz külək enerjisində də böyük potensial var və hidrogen istehsalı imkanları qiymətləndirilir. Bütün bunlar beynəlxalq tərəfdaşları maraqlandırır. Beləliklə, Azərbaycan alternativ enerjidən istifadəni genişləndirməklə öz tərəfdaşlarına uzunmüddətli tədarükləri təmin etməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.