Milli.Az-ın əməkdaşı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, Azərbaycanın xalq artisti Arif Quliyevin dərdinə şərik çıxıb, sevimli aktyorun evinə gedəndə artıq mərhumun cənazəsi dəfn olunmaq üçün Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev (Nasos) qəsəbəsində yerləşən ailə qəbristanlığına aparılmışdı.
Qəsəbədə əldə etdiyimiz məlumata görə, mərhum saat 14:30 radələrində dəfn olunub. Yas mərasimi sənətkarın yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 150 ünvanında - həyətdə qurulmuş çadırda keçirilir. Orada olduğumuz müddətdə yalnız Arif Quliyevin iki sənət dostu - Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist Ramiz Məmmədovla tanınmış zərb ifaçısı xalq artisti Sadıq Zərbəliyevi gördük. Özünü çox pis hiss etməsinə baxmayaraq, aktyor ağır günündə ona dəstək olan hər kəsə təşəkkür etməkdən ötrü özündə güc tapdı.
"Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allahdan qəni-qəni rəhmət diləyirəm. Bu kədərli günümüzdə tanıyıb-tanımamağımdan asılı olmayaraq hamıya minnətdaram. Allah heç bir valideynə övlad dərdi verməsin", - xalq artisti dedi.
Qeyd edək ki, mərhum Fərid Quliyev uzun müddət azadlıqdan məhrum edilmişdi, həmçinin vərəm xəstəliyindən əziyyət çəkirdi. Təxminən 1 il öncə azadlığa çıxsa da, aldığı müalicə nəticəsiz oldu.
---------
13:58
Milli.Az-ın dəfn mərasimində iştirak edən əməkdaşının bildirdiyinə görə, mərhumun cənazəsi dəfn olunmaq üçün H.Z.Tağıyev qəsəbəsinə aparılıb. O, qəsəbədəki ailə qəbristanlığında dəfn olunacaq.
----------
09:44
Azərbaycanın xalq artisti Arif Quliyevin oğlu dünyasını dəyişib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə qeydə alınıb. Bakı şəhəri, Şərifzadə küçəsi, 150 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Fərid Quliyev qəfildən dünyasını dəyişib. Mərhumun ölüm səbəbləri araşdırlır.
Mərhumun atası Arif Quliyev açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Mərhum bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Quliyev uzun müddət məhkumluq həyatı yaşayıb.
Allah Rəhmət eləsin!
Şahin Cavadsoy
Milli.Az
---------
17:01


















Fotolar Şahin Cavadsoy